Çirkin iş...

Millət vəkilləri haqlı olaraq belə bir qanunun qəbuluna heç bir ehtiyac duyulmadığını bildiriblər


Bir neçə gün əvvəl intihar etmiş gənc İsa Şahmarlının dostları Milli Məclisə müraciət etmək niyyətindədirlər. Mətbuat konfransı keçirən gənclər müraciət üçün imza toplamağa başladıqlarını bildiriblər. Gənclərin Milli Məclisə müraciət etmək istəklərinin səbəbi isə cinsi azlıqların hüquqlarının qorunması məqsədilə yeni qərarların qəbul olunmasıdır. Cinsi azlıq nümayəndələri vəfat etmiş dostları İsa Şahmarlının məzarının bir qrup tərəfindən təhqir edildiyini, hətta mərhumun məzarlıqda dəfninə qarşı çıxanların olduğunu bildirərək "homofobist cəmiyyətin formalaşdırdığı qorxunc zehniyyətə "dur” deyilməsini” tələb ediblər.

Maraqlı burasıdır ki, həmin mətbuat konfransında "Nəfəs” LGBT Azərbaycan və Azad LGBT Azərbaycan təşkilatlarının üzvdəri ilə yanaşı Avropa İttifaqı, Norveç və Almaniya səfirliklərinin nümayəndələri iştirak edib. Məlumdur ki, Avropa Şurasının Azərbaycan qarşısında qoyduğu öhdəliklərdən biri də cinsi azlıqların hüquqlarının tanınması, homoseksuallar arasında nikah bağlanmasına icazə verilməsidir. Rəsmi Bakı isə tamamilə haqlı olaraq Azərbaycanda belə bir halın qeyri-mümkünlüyü iddiasını irəli sürür. Bu məsələ bir-iki dəfə Milli Məclisdə müzakirəyə çıxarılıb, lakin hər dəfə də böyük təpki ilə qarşılanıb. Millət vəkilləri bunun milli-mənəvi və dini dəyərlərmizə uyğun gəlmədiyini, belə bir qanunun qəbuluna da heç bir ehtiyac duyulmadığını bildiriblər.

Ekspertlərin fikirlərinə keçməzdən öncə müqəddəs dinimizin cinsi azlıqlara münasibətini qısaca toxunmaq istərdik. "Qurani-Kərim”də bir çox surələr var ki, orada cinsi azlıqlar, homoseksuallarla bağlı konkret ayələr var. Müqəddəs kitabda homoseksuallığın çox çirkin bir iş olduğu Uca Rəbbimiz tərəfindən dönə-dönə xatırladılır.

Bu məsələ daha çox Lut əleyhissalamla bağlı ayələrdə keçir. "Qurani-Kərim”in "Hud”, "Əl-Əraf”, "Əl-Hicr”, "Əl-Ənbiya”, "Əş-Şuəra”, "Ən-Nəml”, "Əl-Qəsəs”, "Əl-Ənkəbut”, "Əs-Saffat” surələrində Lut peyğəmbərdən və onun tayfasının başına gələn bəladan söhbət açılır. Məlum olur ki, Lut tayfasının kişiləri kişilərlə yaxınlıq edirmiş. Lut peyğəmbər onları bu çirkin işdən uzaqlaşmağa çağırır və Rəbbinin əmrlərini deyir. Onlarsa peyğəmbərə istehza edib, öz çirkin əməllərini davam etdirməkdə qərarlı olurlar. Allah-təala tərəfindən Lut peyğəmbərin yanına elçilər - mələklər göndərilir və mələklər peyğəmbəri bu zalım tayfanın başına gətiriləcək fəlakətdən xəbərdar edirlər. Peyğəmbərə ailəsini götürüb gecə ikən şəhərdən çıxmaq əmr edilir. Peyğəmbər şəhəri tərk etdikdən sonra günahkar, fasiq tayfa məhv edilir. Bu barədə "Əl-Əraf” surəsində belə deyilir: "Bir azman o öz tayfasına demişdi: Sizdən əvvəl bəşər əhlindən heç kəsin etmədiyi həyasızlığı (kişilər arasında olan cinsi əlaqəni) sizmi edəcəksiniz? Siz qadınları atıb şəhvətlə kişilərin üstünə gəlirsiniz. Siz, doğrudan da, həddi aşmış bir tayfasınız. Biz Lutu və ailəsini xilas etdik. Yalnız övrəti həlak oldu (öz gizli küfrü səbəbilə). Onların üstünə yağış (kibrit və əzabla yoğrulmuş əzab yağışı) yağdırdıq. Bir gör, günahkarların axırı necə oldu! Lut tayfasının yaşadığı Sədum şəhərinin xarabaları yolun ustündə (Məkkədən Şama gedilən yol) hələ də durmaqdadır”. "Hud” surəsində də bu barədə danışılır. Bildirilir ki, mələklər gənc oğlan qiyafəsində gəlirlər. Lut peyğəmbər tayfasının onlara zərər toxunduracığından, onlara qarşı rüsvayçı əməllər edəcəyindən qorxub, gələnləri öz qızları kimi təqdim edir və onlarla şəriətə müvafiq davranmalarını istəyir. "Məni rüsvay etməyin” deyir. Onlarsa sənin qızlarına heç bir rəğbətimiz olmadığını bilirsən. Nə istədiyimizi də bilirsən”, deyirlər. "(Lut tayfasının məhvi barəsində) əmrimiz gəldiyi zaman o yurdun altını üstünə çevirdik və üzərinə odda bişmiş bir-birinə bitişik bərk daşlar yağdırdıq. Onlara Rəbbinin dərgahında əlamət qoyulmuşdu. Hər daş kimə dəyəcəkdisə, üstünə adı yazılmışdı. (Ya Muhəmməd!) o daşlar sənin ümmətin içərisində olan zalimlərdən də uzaq deyildir”.

Müqəddəs kitab vasitəsilə Allahın bəndələrinə çatdırdığı buyruqlardan görünür ki, homoseksuallıq çirkin, rüsvayçı bir iş, böyük günah sayılır. Deməli, hələ qədimlərdə bu çirkin əməllə məşğul olan bir tayfa varmış, Allah-təala onları məhv edib. Gələcək nəsillərə ibrət olsun deyə, şəhərin xarabalıqlarını nişanə saxlayır. Və sonuncu peyğəmbər Muhəmməd əleyhissalama da, "sənin ümmətinin içərisində də belələri var” deyərək xəbərdarlıq edir.

"Cinsi azlıqlara qarşı cəmiyyətdə aqressiya yoxdur”

Məsələ ilə bağlı fikirlərini bildirən qeyri-hökumət təşkilatlarının rəhbərləri Azərbaycanda cinsi azlıqlara qarşı diskriminasiya aparılmadığını bildirdilər.

"Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova "Şərq”ə açıqlamasında qeyd etdi ki, cinsi azlıqlara qarşı cəmiyyətdə aqressiya müşahidə olunmur:

- Qonşu Gürcüstana baxanda Azərbaycanda cinsi azlıqlar çox rahat yaşayır. Hesab edirəm ki, homoseksuallara qarşı diskriminasiya olması haqda məlumatlar bir az şişirdilir. Əgər burada söhbət kiminsə məzarının təhqir edilməsindən, dağıdılmasından gedirsə, əlbəttə, bu, xoşagələn hal deyil, bizim xalqa xas xüsusiyyət də deyil. Heç kim belə hərəkətləri təqdir etməz. Amma məncə, cinsi azlıqlara qarşı cəmiyyətdə aqressiya yoxdur. Onlara öz ailələri daxilində daha çox problem yaradılır, nəinki cəmiyyətdə. Onlara münasibətdə fərqli münasibətlər ola bilər. İnsanların hamısını cinsi azlıqlara hörmət etməyə, yaxud anlayışla qarşılamağa məcbur etmək də olmaz. Hər kəs öz fikrində, mövqeyində müstəqildir. Cinsi azlıq, homoseksual olaraq bu insanların ümumi cəmiyyətlə qaynayıb qarışmaları onsuz da mümkün deyil, çünki bu insanların öz əhatələri, öz çevrələri mövcuddur. Qeyri-ənənəvi bir hal, necə ümumi ilə birləşə bilər? Hər bir insan cəmiyyətin içində olmaq, onun bir parçası olmaq üçün cəmiyyətin qəbul etdiyi qayda-qanunlara uyğun davranmalıdır. Əsas budur ki, hökumət tərəfindən cinsi azlıqlara qarşı təzyiq yoxdur, qanunlarda da onlara qarşı heç bir diskriminasiyaya yol verilmir. Ona görə də mən cinsi azlıqlara bağlı Milli Məclisdə hər hansı müzakirələrin keçirilməsinə, qanunlara hansısa dəyişiklik edilməsinə ehtiyac görmürəm.

"Cinsi azlıqlar qəbul olunmur, amma təhdid də edilmir”

"Qadın Krizis Mərkəzi”nin rəhbəri Mətanət Əzizova da qeyd etdi ki, cinsi azlıqlara qarşı hər hansı təzyiqdən söhbət gedə bilməz:

- Biz görürük ki, bu təbəqəyə aid olanların yaşayışı kifayət qədər təmin olunmuş vəziyyətdədir. Hamı bilir ki, cinsi azlıqlar şəhərin konkret yerlərində rahat hərəkət edirlər, toplaşdıqları bəlli ünvanlar var. İndiyədək həmin ünvanlara nə bir basqın olub, nə də onlar təqib edilib. Hər cür şəraitləri, maddi imkanları da var. Ölkədə bəzi tanınmış şəxslər, hansı ki, aralarında müğənnilər də var, cinsi azlıqların nümayəndələri ilə sıx dostluq əlaqələri saxlayırlar. Onların hər bir ehtiyacını qarşılayırlar. Pulla, avtomobilə, mənzillə təmin edirlər. Belə vəziyyətdə hansı diskriminasiyadan danışmaq olar?!. İndi kimsə gedib İsa Şahmarlının məzarını təhqir edibsə, bu, o demək deyil ki, ümumi cəmiyyət cinsi azlıqlara qarşıdır. Ümumilikdə cəmiyyət cinsi azlıqları qəbul etmir, lakin onları təhdid də etmir. İndiyədək belə kütləvi təhdid, təqib kampaniyası görünməyib. Sadəcə, Avropa Şurasının Azərbaycan qarşısında qoyduğu öhdəliklərdən biri də cinsi azlıqlarla bağlı qanunvericiliyə əlavələrin edilməsidir. Amma hamımız bilirik ki, Azərbaycan üçün bu real deyil.

Məlahət Rzayeva