Obamanın Ərdoğanın telefonuna cavab verməməsi mümkündür

Türkiyə baş nazirinin İrana səfəri qərb aləmində birmənalı qarşılanmadı


"ABŞ bundan sonra da Türkiyəni dəstəkləyəcək”. Bunu ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşavirinin müavini Ben Rods deyib. Onun sözlərinə görə, Ankara və Vaşinqton müttəfiqdirlər və onları bir çox sahələrdə sıx əməkdaşlıq birləşdirir. Xatırladaq ki, Barak Obamanın Türkiyənin baş naziri Ərdoğanın telefon zənglərinə cavab vermədiyi barədə ölkə KİV-də xəbərlər yayılmışdı.

Rods isə Obama və Ərdoğanın fəal telefon söhbətləri apardıqlarını bildirib: "Türkiyə demokratik ölkədir və NATO-nun üzvüdür. Vaşinqton Türkiyənin daxili işlərinə müdaxilə etmir və bundan sonra da müdaxilə etmək fikrində deyil”.

Son günlərdə nisbətən gərginləşən ABŞ-Türkiyə münasibətlərini şərh edən politoloq Qabil Hüseynli deyir ki, iki dövlət arasındakı əlaqələr ciddi şəkildə pozulub. Bunun əsas səbəblərindən biri isə Türkiyədə anti-amerikan əhval-ruhiyyəsinin yüksəlməsidir: "Onsuz da, hakim partiya dövründə anti-ABŞ və anti-İsrail mövqeyi güclü idi. Son hadisələrdən sonra məsələ daha da ciddiləşdi. Bu səbəbdən Obamanın Ərdoğanın telefonlarına cavab verməməsi mümkündür. Çünki ABŞ prezidenti Ərdoğanın nə deyəcəyini və nə istəyəcəyini bilirdi”. Politoloqun sözlərinə görə, son dövrlərdə Ərdoğanın bir sıra addımları ABŞ tərəfindən başa düşülmür: "Məsələn, Türkiyə baş nazirinin İrana səfəri qərb aləmində birmənalı qarşılanmadı. Düzdür, İran Türkiyə ilə yaxın qonşudur və qonşu ölkə rəsmilərinin qarşılıqlı səfərlərinə təbii baxmaq lazımdır. Ancaq burda əsas məsələ səfərin təsadüf etdiyi zaman və danışıqların predmetidir. Qərbin İrana tətbiq etdiyi sanksiyalar davam etdiyi bir dövrdə Türkiyənin İrandan qaz alması və ticarət dövriyyəsini bir neçə dəfə artırması ABŞ-ı ciddi şəkildə narazı salır. Üstəlik, İran tərəfi də vurğulayır ki, son günlər Türkiyənin Suriyaya qarşı kəskin münasibəti dəyişib, yəni yumşalıb”. Q.Hüseynli qeyd edir ki, NATO üzvü olan bir ölkə bu qurumun strateji mövqeyinə uyğun olmayan addımlar atır: "Ərdoğan gah Şanxay birliyinə daxil olacağını, gah da özünün hava hücumundan müdafiə sistemini quracağını bəyan edir. Bir sözlə, Türkiyə çox ziddiyyətli xarici siyasət xətti yürüdür və ABŞ-la qarşı-qarşıya gələ biləcəyi ehtimalını nəzərə almır”.

Siyasi şərhçi bildirir ki, Türkiyədəki rüşvət olaylarında rəsmi Ankaranın sərgilədiyi mövqe də ABŞ-ı qəzəbləndirib: "Ərdoğan iddia etdi ki, guya, fətullahçıları, nurçuları AKP əleyhinə qaldıran ABŞ-dır. Bu iddialar öz təsdiqini tapmasa da, iki dövlət arasındakı münasibətlərə çox ciddi zərbə vurdu. Bu gün ABŞ ilə yanaşı, Avropa Birliyində də Ərdoğanın siyasi nüfuzu xeyli

sarsılıb. Artıq qərb görür ki, bu cür adamla daimi münasibət qurmaq mümkünsüzdür. Eyni zamanda, Yaxın Şərq məsələsində Ərdoğanın həddindən artıq fəallıq göstərməsi və "Həmas”la əlaqələrinin güclənməsi Vaşinqtonu narazı salıb. AKP hökumətinin Suriyada "Əl-Qaidə” təşkilatını dəstəkləməsi də narahatlıq yaradıb. Nəticə etibarı ilə Türkiyədə və xaricdə AKP iqtidarına olan etimad xeyli azalıb. Bu etimad azlığı qarşıdakı seçkilərdə özünü bariz şəkildə göstərəcək”.

İsmayıl