Ukrayna ssenarisinin Ermənistanda təkrarlanması az ehtimal olunur




Ukraynada hakimiyyətin Avropaya assosiativ üzvlükdən imtina etməsi ictimaiyyətin ciddi etirazları ilə qarşılandı. Hakimiyyət inqilabi vəziyyətlə üzləşdi və son nəticədə ölkə başçısı Yanukoviç növbədənkənar prezident seçkilərinə getmək məcburiyyətində qaldı. Avropaya assosiativ üzvlükdən imtina edən digər postsovet ölkəsi isə Ermənistandır.

Hətta Ermənistan Ukraynadan fərqli olaraq Gömrük İttifaqına daxil olacağını da bəyan edib. Bəs, Yerevanda analoji hadisələrin baş qaldırması ehtimalı nə dərəcədə realdır? Qeyd edək ki, Ermənistanda hakimiyyətə qarşı kütləvi etirazların baş qaldırması üçün kifayət qədər sosial narazılıqlar toplanıb. Məsələn, yaşayış səviyyəsinin aşağı olması və get-gedə daha da pisləşməsi. Ermənistandan kütləvi miqrasiya və aparılan sorğular da sübut edir ki, artıq əhali, əsasən isə nisbətən gənc və ziyalı sinifdə ölkələrinin gələcək inkişaf perspektivləri ilə bağlı müsbət dəyişikliyin baş verməsinə inanmırlar. Gömrük İttifaqına üzvlük isə bu fikirləri daha da möhkəmləndirdi. Onu da əlavə edək ki, Ukraynada gedən proseslərin davamı ilə bağlı rusiyalı politoloqlar da maraqlı şərh verməkdədirlər. Ermənistanın Dağlıq Qarabağın "müstəqilliyi”nin tanınmasına başlamasını zəruri hesab edən rus politoloq Aleksey Martınov öz "facebook” səhifəsində Ukraynadan sonra ABŞ-ın hədəfində Moldova və Ermənistanın dayandığını yazıb: "Dnesteryanının müstəqilliyinin Rusiya tərəfindən tanınması prosedurunun başlanması üçün təşəbbüs göstərmək lazımdır. Ukraynadan sonra ABŞ-ın hədəfində Moldova və Ermənistandır. Mən İrəvana məsləhət görərdim ki, Qarabağın tanınması üçün o da eyni prosedura başlasın”.

Politoloq Qabil Hüseynli isə Kiyevdəki proseslərin İrəvanda təkrarlanacağının inandırıcı olmadığı qənaətindədir. Onun sözlərinə görə, Ermənistanda Rusiya faktoru həddindən artıq güclü olduğu üçün ABŞ və ya qərb ölkələrinin Ermənistanda qarşıdurmalar yaratması ehtimalı yoxdur: "Bu məsələdə o qədər də pozitiv deyiləm. Rusiyanın Ermənistanda hərbi bazası var və ölkə rus üsulu ilə müdafiə olunur. Hətta az qala Ermənistanı Rusiyanın bir quberniyası kimi də təqdim etmək olar. Belə olan halda isə Ukrayna ssenarisinin İrəvanda təkrarlanması zəif

ehtimallardan biridir. Orada Rusiyanın təsiri çox güclüdür, hakimiyyət də Kremlə tam meyllidir. Ola bilsin ki, ölkədə hakimiyyət dəyişikliyi olsun, amma istənilən halda Ermənistanda hakimiyyətə Rusiyanın seçdiyi lider gələcək. Sosial narazılıqlar aksiyalarla nəticələnsə belə, Ermənistandakı müxalifət hakimiyyəti çevirə biləcək gücdə deyil. Ermənilər heç vaxt ukraynalılar kimi meydanda sona qədər fədakarlıq göstərib, hakimiyyəti devirməyə qadir xalq ola bilməz. Müxalifətin gücü olsa belə, Rusiya buna imkan verməz. 5-6 nəfər meydana çıxan kimi Kreml dərhal aksiyaçıların başının üstünü alıb, etirazları yatıracaq”.

Q.Hüseynlinin sözlərinə görə, qərb ölkələri Ermənistanda çevriliş etmək üçün müxalifətə dəstək versə belə, bu baş tutmayacaq: "Ermənilər millətçilik azarına tutulmuş bir xalqdır. Orada demokratiyaya can atan, qərbə inteqrasiyanı dəstəkləyən kəsim o qədər böyük və güclü deyil. Zənnimcə, İrəvanda Kiyevdəki qarşıdurmalara bənzər hadisələr heç vaxt yaşanmayacaq”.

Şəymən