Aqil Abbas: “Etibar söhbəti bağlamalıdır”

“Məsələnin qapandığı bir məqamda bunu niyə yenidən alovlandırmaq istəyir...”


Millət vəkili Etibar Hüseynov yenidən ziddiyyətli fikirlərlə çıxış edib. Qaçqın və məcburi köçkünləri təhqir etdiyinə görə tənqid atəşinə tutulan deputat bu dəfə həmkarlarının ünvanına ittihamlar səsləndirib. E.Hüseynov parlamentariləri "ANS” telekanalının kəlbəcərliləri təhqir etməsinə süstlük nümayiş etdirməkdə qınayıb.

Deputat qeyd edib ki, demədiyi sözə görə onu asıb-kəsən, ondan az qala "vətən xaini” düzəldənlərin indi səsi çıxmır. Onun sözlərinə görə, ANS kanalı açıq mətnlə qaçqın və köçkünləri "qoyun sürüsü”, "qorxaq”, "naxələf” adlandırıb: "ANS rəsmisi Mais Məmmədov səsini qaldırmaq istəyənlərə "onlar yalançı vətənpərvərlərdir, qələt edirlər” - dedi. Amma jurnalist və deputat dostlarım ANS-in bu addımına heç bir reaksiya vermədilər. Bəs hardasız, jurnalist dostlarım, hardasınız, deputat həmkarlarım? Gücünüz və sözünüz mənəmi çatırdı? Nədən səsiniz çıxmır? Yoxsa ANS-in "açarıq arxivi " sözündənmi çəkindiniz?”.

Deputatın açıqlamasına münasibət bildirən həmkarı Aqil Abbas "Şərq”ə açıqlamasında bunu E.Hüseynovun ikinci böyük səhvi adlandırıb: "ANS-in həmin addımına qarşı mövqe bildirilib. Yanılmıramsa, sözügedən televiziya ilə bağlı məhkəməyə də müraciət olunub. Milli Televiziya və Radio Şurasına şikayətlər olunub. Etibar mətbuatı izləmir. Məsələnin qapandığı bir məqamda bunu niyə yenidən alovlandırmaq istəyir, bilmirəm”.

A.Abbas onu da diqqətə çatdırıb ki, ANS heç kəsi qoyun sürüsü adlandırmayıb: "Müəyyən tarixi həqiqətlər kobud şəkildə təqdim olunub. Hər halda ANS köçkünləri tərbiyəsiz və ac-yalavac kimi qiymətləndirməyib”.

Deputat söyləyib ki, həmkarının əleyhinə Milli Məclisin binası önündə etiraz aksiyası planlaşdırılmışdı: "Qarşısını mən aldım. 300-400 adam yığışıb mitinq keçirmək istəyirdi. Ağdam qaziləri və sözükeçən bütün köçkünlərdən bunun dayandırılmasını xahiş etdim. Ona görə də Etibar söhbəti bağlamalıdır”.

Ayyət Əhməd