İrandan Rusiyaya şok: Qərbin qabağında biz dayandıq...

Rusiya Prezidenti Vladimir Putin və ölkənin xarici işlər naziri Sergey Lavrovun Zəngəzur dəhlizi, Ermənistanın bu dəhlizin açılmasına maneələr törətməsi barədə açıqlamaları İran tərəfinin qəzəbinə yol açıb.

Axar.az xəbər verir ki, bununla bağlı “Tasnim” xəbər agentliyi geniş məqalə dərc edərək Moskvanı ittiham edib.

Məqalədə Rusiya xarici işlər naziri Sergey Lavrovun “Təəssüf ki, Ermənistanın Zəngəzur bölgəsindən kommunikasiya ilə bağlı Baş nazir Paşinyanın imzaladığı müqaviləyə əngəl törədən İrəvan hökumətidir” fikirləri tənqid olunub.

Məqalədə “Rusiya rəsmilərinə bir neçə əhəmiyyətli tövsiyə” adı altında İranın Zəngəzur dəhlizi və Moskvanın mövqeyi ilə bağlı 7 hissədən ibarət “məsləhət”lər dərc olunub.

Bildirilib ki, İranın yüksək rütbəli rəsmiləri Rusiya, Azərbaycan, Ermənistan və Türkiyə rəsmiləri ilə müxtəlif görüşlərdə Tehranın sərhədlərdə və regionda geosiyasi dəyişikliklər gətirəcək bu dəhlizə açıq şəkildə qarşı olduğunu dəfələrlə bəyan ediblər.

“Məsləhət”lərdə Tehranın rəsmi Moskvanın Zəngəzur dəhlizi ilə bağlı mövqeyindən dərin narahatlıq keçirdiyi hiss olunur:

“Birincisi, Rusiya Xarici İşlər Nazirliyi İranın gözləntilərinə zidd açıqlamalar verdi; İran İslam Respublikası Naxçıvanı Azərbaycanla birləşdirən Zəngəzur da daxil olmaqla istənilən dəhliz növünə qarşıdır. Ona görə də Rusiyanın bu mövqeyi təəccüblüdür!

İkincisi, Moskva hakimiyyəti yaxşı bilir ki, İran İslam Respublikası müstəqil ölkə kimi regionda, xüsusilə də Cənubi Qafqazda baş verən ən xırda hadisələrlə bağlı dəqiq və aydın mövqelərə malikdir.

Tehran hökuməti həmişə ABŞ-a, Qərbə və dünyada hökmranlıq istəyənlərin hamısına qarşı dayanıb. İran İslam İnqilabından sonra baş verən tarixi hadisələr Tehranın qlobal zorakılıqlara qarşı dayanmaq kimi əsas strategiyasını təsdiqləyir.

Üçüncüsü, İran İslam Respublikası öz sərhədində və ölkənin təhlükəsizlik sərhədlərində hər hansı bir dəyişikliyi qəbul etmir.

Dördüncüsü, Cənubi Qafqaz ölkələrinin hər hansı birinin təhlükəsizliyi və geosiyasi mövqeyi heç bir qanunla digərlərindən üstün deyil. Bəs niyə bizim rus dostlarımız Ermənistanla problemlərini həll etmək üçün Zəngəzur dəhlizindən istifadə etməli olduqlarını düşünürlər?

Beşincisi, Rusiya Ukrayna ilə müharibənin qızğın çağında olanda amerikalılar Cənubi Qafqazda NATO dərisinə bürünmüş ilan kimi yol açmaq istəyirdilər. Amma İran İslam Respublikası bütün gücü ilə NATO və ABŞ-ın qarşısında təkbaşına dayandı. Belə ki, Bayden hökuməti İranın Zəngəzur dəhlizinin açılmasına yeganə maneə olduğunu etiraf etdi.

Rusiya onu da diqqətdə saxlamalıdır ki, son iki ildə başı Ukrayna məsələsinə qarışarkən, Zəngəzur dəhlizi məsələsində İran və şəxsən ali rəhbər mənfəətpərəst tərəflərin, xüsusən də qərblilərin israfçılığının qarşında dayanıb, onların təcavüzlərinə imkan vermirdi.

İranın öz mövqeyini açıq-aşkar bəyan etdiyi, mövqeyinin də hamı tərəfindən etiraf olunduğu, dünyada təyinedici bir məsələyə çevrildiyi bir vaxtda Rusiyanın bu açıqlaması təəccüblüdür!

Altıncı məqam ondan ibarətdir ki, iki ölkənin hakimiyyət orqanları strateji əlaqələr qurmağa hazırlaşır. Bu, İran İslam Respublikasının hansısa strateji əlaqələr qurmaq iradəsinə işarədir. Rusiyanın yüksək rütbəli rəsmiləri, xüsusən də bu ölkənin Prezidenti Vladimir Putin də bu məsələdə təkid edib.

Cənab Putinin İran İslam Respublikasının yüksək rütbəli rəsmiləri ilə əldə etdiyi çox mühüm və aydın razılaşmaları, iki ölkənin strateji əlaqələrin möhkəmləndirilməsində hədəflərini nəzərə alsaq, Rusiya Xarici İşlər Nazirliyinin bu mövqeyi təəccüblüdür! Görünür ki, Rusiya Xarici İşlər Nazirliyi üçün “strateji münasibətlər”in praktiki mənası yenidən müəyyən edilməlidir.

Yeddinci görünən odur ki, Rusiya Xarici İşlər Nazirliyi aldanıb və İranın müxalifəti ilə qətiyyən yaradılmayacaq xəyali Zəngəzur dəhlizindən istifadə edib, Ermənistanla problemlərini həll etmək niyyətindədir.

Xatırlatmaq yerinə düşər ki, Zəngəzur dəhlizinin açılması İranın Avropaya açılan qapılarından birinin bağlanması və İran İslam Respublikasının qonşularının sayının 15-dən 14-ə endirilməsi deməkdir.

İran və Rusiyanın axtardığı “strateji əlaqələr” konsepsiyasına görə, bu cür taktiki addımların atılması strateji münasibətlərin əsasları ilə ziddiyyət təşkil edir.

Yekun: Çox güman ki, Zəngəzurda dəhliz deyilən bir şey açmaq istəsələr, qərblilər buna mütləq müqavimət göstərəcəklər. Sonra bu münaqişə İranın şimal-qərbinin çox həssas sərhədlərinin düz yanında yeni alovlanma mərkəzi yaradacaq. Əgər hər hansı bir ölkə öz sərhədlərindən kənarda başqalarının hesabına yeni alovlanma və qarşıdurma cəbhəsi açmaqla öz problemlərini həll edə biləcəyini düşünürsə, o zaman dünyanın heç bir yeri təhlükəsiz olmayacaq, dünyada daimi xaos hökm sürəcək”.

Qeyd edək ki, “Təsnim” xəbər agentliyi İran İslam İnqilabı Keşikçilərinin və ölkə rəhbəri Əli Xameneinin fikir və mövqelərini əks etdirən media qurumudur. Bundan əvvəl də Zəngəzur dəhlizinin açılması barəsində gedən müzakirələrlə bağlı Əli Xamenei oxşar fikirlər səsləndirib, ölkənin başqa yüksək rütbəli rəsmiləri isə bunu İranın “qırmızı xətti” adlandırıblar. Ancaq Qərblə düşmən münasibətində olan İran Ermənistanın Amerika və Avropa ilə yaxınlaşmasına, bölgəyə hərbi qüvvə yerləşdirilməsinə daha soyuqqanlı yanaşır, “Ermənistanın kiminlə dostluq edib, etməyəcəyi İrəvanın öz işidir” - deyir.

Görünən odur ki, İran Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olmaması, Azərbaycan Respublikasının sülh sazişində əks olunan tələblərinin yerinə yetirilməməsi üçün öz sərhədində Amerika hərbçilərinin belə olmasına razıdır.