Fransanın Azərbaycana qarşı tutduğu mövqe heç bir dövlət etikasına uyğun deyil -ANALİZ

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadənin Fransanın Avropa və Xarici İşlər Nazirliyinin Azərbaycana səyahət xəbərdarlığı ilə bağlı bəyanatına cavab verib. Ayxan Hacızadə bildirib ki, Fransanın Avropa və Xarici İşlər Nazirliyinin Azərbaycanda guya Fransa vətəndaşlarının saxlanıldığı və hədəf alındığı barədə əsassız iddiaları səbəb gətirirək, Azərbaycana dair açıqladığı sərt səyahət xəbərdarlığını qətiyyətlə pisləyirik. O qeyd edib ki, Fransa tərəfindən verilmiş bu cür əsassız və qərəzli qərar və bəyanat bu ölkənin Azərbaycanla münasibətləri daha da gərginləşdirmək niyyətindən xəbər verir. Ayxan Hacızadə deyib ki, Fransa vətəndaşlarının əsassız olaraq saxlanıldığı və həbs edildiyi barədə Fransanın Avropa və Xarici İşlər Nazirliyinin iddialarının heç bir əsası yoxdur. Bu əsassız bəyanat reallığın təhrif olunmasıdır. XİN sözçüsü vurğulayıb ki, Fransa tərəfindən Azərbaycan jurnalistlərinin Fransaya, hətta digər Şengen ölkəsi ərazilərinə səyahətləri zamanı tətbiq etdiyi maneələr Fransanın təbliğ etdiyi “insan hüquqlarına” tamamilə zidd olduğu aydındır. Azərbaycanda məhkəmə hakimiyyətinə və insan hüquqlarına dair iddia səsləndirən, dünyaya “demokratiya dərsi” keçməyə çalışan Fransanın beynəlxalq hüquqi pozuntuları, neo-kolonial siyasəti, irqçilik, diskriminasiya, İslamofobia, insan hüquqlarının məhdudlaşdırılması kimi fəaliyyəti hər kəsə məlumdur. Buna görə də, Fransanın bu fəaliyyətindən dərs çıxarması daha faydalı olardı. 

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov “Sherg.az”a söyləyib ki, Fransa Azərbaycana qarşı düşmən mövqeyini açıq xəttə çatdırıb:

"Bütün bunlar isə qəbuledilməzdir. Azərbaycana qarşı Fransanın tutduğu mövqe heç bir dövlət etikasına uyğun deyil. Eyni zamanda, bu dövlətlərarası münasibətlərə böyük zərbə vurur və heç bir həqiqəti əks etdirmir. Azərbaycanda kütləvi şəkildə hansısa Fransa vətəndaşlarının həbsi mövcud deyil. Sadəcə olaraq Martin və Klerk həbs olunublar ki, onların da hansı səbəblə saxlanıldığı hər kəsə bəllidir. Ona görə də Fransanın Avropa və  Xarici İşlər Nazirliyinin Azərbaycana sərt səyahətlə bağlı etdiyi xəbərdarlıq Parisin Bakıya qarşı növbəti qarayaxma kampaniyası hesab edilə bilər. Bu gün Fransa birmənalı şəkildə Ermənistanı dəstəkləyir və beynəlxalq hüququn bütün normalarını pozaraq Azərbaycanla münasibətləri səbəbsiz yerə zədələyir. Hətta Fransa açıq formada Azərbaycanın güc faktoru olmağından qorxur. Eyni zamanda, Türkiyə və Azərbaycanın müttəfiqliyini həzm edə bilmir. Buna görə də Ermənistanı Azərbaycan əleyhinə qızışdırmaqla məşğuldur. Fransa 30 il Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinə yaşıl işıq yandırıb. İndi isə rəsmi Paris belə çirkin addımlarla ölkələrarası münasibətlərin ruhunu zədələməyə çalışır. Bu hadisələr heç biri Fransaya baş ucalığı gətirmir. Fransanın atdığı addımlar rəsmi Parisin özünü Cənubi Qafqazda Ermənistanla bloklamağa səbəb olur. Fransanın Azərbaycanı növbəti dəfə yalandan ittiham etməsi rəsmi Parisin ikiüzlü və qeyri-səmimi siyasətini dünyaya nümayiş etdirir”.