Kremlin məkrli planı...

Putin siyasi alver üçün Ukraynanın digər vilayətlərini də təhdiddə saxlayır



Hər keçən gün Rusiyanın Ukraynanın ərazi bütövlüyünə qarşı işğalçılıq planı daha da genişlənir. Beynəlxalq aləmin təzyiqlərinə və sanksiyalarına baxmayaraq Kreml faktiki Ukraynada separatçılığı stimullaşdırmaqla məşğuldur. Krımdan sonra rəsmi Moskvanın havadarlığı ilə ölkənin şərq vilayətləri də muxtariyyət tələbi ilə ayağa qalxıb. Rus qoşunlarının Ukrayna sərhədlərinə doğru irəlilədiyinə dair xəbərlər var. Hətta qərb ekspertləri Putinin Ukraynanı 4 mərhələdə işğal edəcəyinə dair proqnozlar veriblər.

Faktiki olaraq Ukrayna ordusu blokada vəziyyətindədir və rus ordusu ölkəni nəzarətə götürüb. Şimal qonşumuzun hərbi müdaxiləsinə etiraz edən Avropa ölkələri və ABŞ isə sadəcə Rusiyanı Ukraynanın ərazi bütövlüyünü və birliyini tanımağa çağırmaqla kifayətlənir və Rusiyaya qarşı iqtisadi sanksiyalar tətbiq edəcəyi ilə hədə-qorxu gəlir. Qərb tərəfindən Rusiyaya ortada ciddi bir təzyiq olmadığı üçün də Putinin ayağı yer alıb, Ukraynanın rusdilli əhalisi yaşayan vilayətlərini bir-bir ilhaq edir. Ukraynadakı gərginliyə və müharibə ehtimalını "Şərq”ə şərh edən "Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclunun sözlərinə görə, Ukraynada hadisələrin sonrakı gedişatı Moskvanın işğalçı siyasətinə qarşı Qərbin atacağı addımlardan asılı olacaq:

"Ukrayna ətrafında cərəyan edən bütün hadisələrin arxasında birmənalı Rusiya dayanıb, bunun əksini heç kəs inkar belə etmir. Proseslərin gedişi də göstərir ki, Ukraynadakı separatçılığın davamında Rusiya başqa bir kontekstdə maraqlıdır. Sadəcə, insanlar düşünür ki, Rusiyanın birdən-birə Ukraynada separatçılığı gücləndirməsinin səbəbi nədir? "Niyə Kreml bu separatçılığı Krımla paralel olaraq deyil, sonradan başlatdı” kimi suallara cavab axtarır. Hesab edirəm ki, Rusiya bununla bir növ öz mövqelərini gücləndirməyə çalışır ki, ona qarşı sanksiyalar tətbiq edən Avropa ölkələri və ABŞ-la danışıqlar prosesində bunlardan bir alver predmeti kimi istifadə etsin. Biri var ki, qərbin sanksiyalarına qarşı Rusiyanın əlində yalnız Krım faktoru olsun, bir də var ki, Dombas, Xarkov, Luqansk kimi əraziləri də öz təsiri altında saxlamaqla onlardan yararlansın. Mənə elə gəlir ki, Rusiyanın əlində olan arqumentlərini gücləndirmək siyasəti özünü sığortalamaya hesablanıb. Bilirsiniz, Krımla bağlı qərbin təhdidləri fonunda Rusiya güman etmirdi ki, sanksiyalar bu dərəcədə effektiv ola bilər. Artıq ölkə iqtisadiyyatı sanksiyaları hiss etməyə başlayıb və bu səbəbdən də Rusiya siyasi alver predmeti axtarır. Həmin alver predmetlərini də ənənəsinə sadiq qalaraq

separatçılığı stimullaşdırmaq, Ukraynanı parçalama hədəsi ilə əldə edir. Mənə elə gəlir ki, Ukraynada vəziyyətin gərginləşməsinin yeganə səbəbi Rusiyanın dalana dirənməsidir. Əgər Kremlin niyyəti həqiqətən də, Ukraynanı parçalamaq olsa idi, Krımın ilhaqı zamanı həmin bölgələrdə də separatçılığı alovlandırardı. Bu yolla da Kiyevi, həmçinin də beynəlxalq birlikləri çıxılmaz vəziyyətə salmış olardı. Amma Putin buna getmədi”.

Krımın ilhaqı zamanı Rusiyanın təcavüzünə göz yuman qərbin bundan sonra hansı addımlar atacağına gəldikdə isə politoloqun sözlərinə görə, Avropa Birliyi ölkələrinin və ABŞ-ın Rusiyaya qarşı güc nümayişi iqtisadi sanksiyalardan o yana getməyəcək: "Qərbin Rusiyaya qarşı güc anlayışı birmənalı deyil. Əgər burada söhbət hərbi gücün tətbiqindən gedirsə, qərb buna getməyəcək. Hazırkı şəraitdə qərbin Rusiyaya güc tətbiqi iqtisadi sanksiyalarla kifayətlənəcək. Əgər mayın 11-nə kimi Avropa ölkələri və ABŞ-ın sanksiyaları effekt verəcəksə və Rusiya görəcəksə ki, heç bir birlik bu mövzuda onunla dialoqa, siyasi alverə getmək fikrində deyil, o zaman Rusiya seçim qarşısında qalacaq. Ya separatçılığı rəsmiləşdirib Ukraynanın böyük bir ərazisini "de-fakto” özünə birləşdirəcək və işğalçı bir dövlət kimi dünyadan təcrid olunacaq, ya da ki, geri çəkilmək məcburiyyətində qalacaq. Hər halda, hər şey Rusiyaya, onun iqtisadiyyatına tətbiq ediləcək sanksiyaların nə dərəcədə effektiv olacağından və Rusiyanın bu fəaliyyətini nə vaxta qədər davam etdirəcəyindən, daha dəqiq desək, Qərbin Rusiyanı nə zaman durduracağından asılıdır. Əgər durdurmayacaqlarsa, təbii ki, Rusiya işğal prosesini davam etdirəcək. Beynəlxalq birliyin nə qədər dözümlü yanaşacağı və tətbiq edilən sanksiyaların kəsəri bu məsələdə başlıca rol oynayacaq. Əgər Rusiyaya qarşı güclü, hərtərəfli sanksiyalar tətbiq ediləcəksə, o zaman nəinki Rusiya yeni işğalçılıq addımları ata bilməyəcək, həm də bu mövqeyindən geri çəkilməyə məcbur olacaq. Hələlik Rusiyanı ruhlandıran amil ona qarşı təsirli vasitələrin tətbiq edilməməsidir”.

Şəymən