Harın məmur balaları

Sosial şəbəkələrdə dəbdəbəli həyatını paylaşanlar ikrah doğurur



Bəzi qudurğan məmur balalarının harın və dəbdəbəli həyat fotoları sosial şəbəkələrdən yığışmır. Xalq artisti, məşhur tarzən Ağasəlim Abdullayevin ailə faciəsi hələ gündəmdə qaldığı bir vaxtda elə həmin aeroport yolunda yeni bir "fısqırıq”, "həngamə” qopardılıb. 3 bahalı avtomobilin aeroport yolunda "avtoşluq” etməsini əks etdirən video "Facebook” sosial şəbəkəsində yayılıb. Videoya əsasən avtomobillərin saatda 250 km. sürətlə hərəkət etdiyi ehtimal olunur.

Məsələyə Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsi münasibət bildirib. Qeyd edilib ki, göstərilən yolda avtomatik rejimli radarlar mövcuddur və bu hal həqiqətən baş veribsə, avtomobillər mütləq radara düşüb. Bu isə avtomobil sürücülərinin qanundan yayınmasının qarşısını almalıdır. Amma BDYP İdarəsi "əl yeri” də qoyub; "avtoşların” məsuliyyətə cəlb edilməsi üçün, gərək avtomobillərin nömrə nişanları videoda görünsün. Deməli, nömrə nişanı yoxdursa, həmin avtomobili və onu idarə edəni tapmaq mümkün olmayacaq.

Bu, işin bir tərəfidirsə, digər, daha mühüm məsələ qudurğanların harınlıqlarına davam etməsidir. Görünür, bu tip insanları nə valideynlərinin vəzifədən kənarlaşdırılması, nə cinayət məsuliyyətinə cəlb edilmələr, nə də törətdikləri bəd əməllərin bir gün özlərini qurbana çevirəcəkləri narahat edir. Bu insanların başı hələ də var-dövlətə, dəbdəbəyə qarışıb. Onların həyat amalı bahalı avtomobillər, gəzintilər, gəmilər, yaxtalar, şəxsi təyyarələrdir. Dəbdəbə reklamı cəmiyyətimizi o qədər çulğayıb ki, hətta bəzi məşhur idmançılar da bahalı avtomobilləri ilə ədabaz fotolarını təqdim etməkdən çəkinmirlər. Bütün bunlar təbii ki, dövlətin onlara göstərdiyi qayğıdan sui-istifadə hallarıdır. Məlumdur ki, ölkənin başçısı, Prezident İlham Əliyev vəzifəsindən, cəmiyyətdəki mövqeyindən sui-istifadə edənləri kəskin tənqid edir və gərəkən tərzdə cəzalandırır da. Bununla belə bəzilərinin hələ də özü üçün dərs almaması və harınlığa davam etməsi artıq, şəxsi tərbiyə məsələsidir.

Mövzu ilə bağlı fikirlərini "Şərq”lə bölüşən millət vəkili Məlahət İbrahimqızı da Prezidentin belə hallara qarşı barışmaz olduğunu dedi:

- Hamımız bilirik ki, ölkə rəhbəri bu məsələlərə dəfələrlə münasibət bildirib və bir sıra şəxsləri vəzifədən kənarlaşdırmaqla necə barışmaz mövqedə dayandığını təsdiqləyib. Amma qudurğanlıq edən, dəbdəbəli həyat tərzini reklam edənlər təkcə məmur övladları, vəzifəli şəxslərin uşaqları deyil. Təəssüf ki, bir sıra hallarda biz adi vətəndaşların da bu cür bəd əməllərinin şahidi oluruq. Mən "Sovetski” adlanan ərazidə yaşayıram və gecələr "Jiquli” avtomobilləri ilə küçədə necə "avtoşluq” edildiyini görürəm. Gündüz bu hərəkətləri etmirlər, gecə edirlər. Polis də onları qovur. Baxmayaraq ki, avtomobili qovmaq qanuna ziddir, amma məcbur qalıb onların ardınca düşürlər. Bununla belə həmin adamlara ar olmur. Öz əməllərini hər dəfə təkrarlayırlar. Bilirsiz, bu, artıq insanın tərbiyəsi ilə bağlıdır. Nəqliyyat vasitəsi "prestij” deyil, insanın gündəlik həyatını yüngülləşdirmək, həyat şəraitini yaxşılaşdırmaq üçündür. Məsələn, 30 il əvvəl kondisionerli avtomobillər yox idi, indi kimdən soruşsan, deyəcək ki, əlbəttə, kondisioneri olan maşın yaxşıdır və imkanı daxilində belə avtomobil əldə etmək istəyəcək. Sürət əsridir, əvvəllər mobil rabitə yox idi, indi insan mobil telefonunu evdə unudub çıxanda, elə bilir sanki ən vacib bir vasitədən məhrum olub. Eləcə də internet, sosial şəbəkələr. Yəni, dünya müasirləşir, yeni-yeni rabitə, əlaqə vasitələri yaranır. Amma bu, o demək deyil ki, biz əldə etdiyimiz hansısa yeni vasitəni reklam etməli, hansı var-dövlətə, nələrə sahib olduğumuzu cəmiyyətə nümayiş etdirməliyik. Meşşan həyat tərzini reklam etmək normal həyat tərzinə uyğun deyil. Bu, Azərbaycan adət-ənənələrinə də ziddir. Əvvəllər insanlarımız evində ətiri yayılan yeməklər bişirməkdən uzaq dururdular, fikirləşirdilər ki, bəlkə kiminsə, bu yeməyi bişirmək imkanı yoxdur, özümüzü göstərməyək. Ya da, belə yeməklər bişiriləndə mütləq ondan qonşuya da pay aparırdılar. Bizim belə gözəl, alicənab adət-ənənələrimiz var. Niyə bunlar unudulur? İnsanın var-dövlətini nümayiş etdirməsi, özünü başqasından üstün tutması meşşanlıqdır, tərbiyəsizlikdir. Təəssüf ki, belə hallar var. Amma məlum məsələdir ki, sirkə nə qədər tünd olsa, öz qabını çatladar. Xalq artisti Ağasəlim Abdullayevə o faciəni yaşadanın sonu nə oldu? Atası işdən çıxarıldı, özü də həbsxanaya düşdü, gəncliyi məhv oldu. İnsanlar bunu düşünməlidir. Cəmiyyət olaraq da biz ictimai qınağı gücləndirməliyik. Cinayət Məcəlləsində hər bir əməlin adekvat cəzasını nəzərdə tutan maddələr var və hər kəs əməlinə görə müvafiq cəzasını alır. Amma qanunlar nə qədər sərt olsa da, cinayətkarlar qanun çərçivəsində cəzalandırılsalar da, ictimai qınağa da ehtiyac var. Və təbii ki, uşaqların, gənclərin tərbiyəsi əsasdır. Hər şey uşaqlıqdan başlayır. Əgər bu gənclərin tərbiyələri mükəmməl olsaydı, onlar bu cür xuliqanlıqla, tərbiyəsizliklə məşğul olmazlar.

Millət vəkili Aydın Mirzəzadə də ictimai qınağın böyük əhəmiyyət daşıdığını bildirdi:

- Yüksək vəzifəli şəxslərin övladlarının dəbdəbəli həyat şəkillərinin yayılması son dövrlər KİV-də, sosial şəbəkələrdə ən çox müzakirə olunan mövzulardandı. Statusundan, maddi imkanından asılı olmayaraq hər kəs ictimai davranış qaydalarına riayət etməli, sadə, sakit, təmkinli həyat tərzi keçirməyə meyl göstərməlidir. Mən bahalı avtomobillərin reklam olunması, dəbdəbəli həyat tərzini əks etdirən fotoların sosial şəbəkələrdə yayılmasına birmənalı şəkildə qarşıyam və bunu edənləri də qınayıram. Məlumdur ki, bu cür sərhədsiz həyat tərzi sonda xoşagəlməz hadisələrə, böyük faciələrə səbəb olur. İndiyədək nə qədər gəncin avtomobil qəzasında həyatını itirdiyini görmüşük. Nəticədə ailələr bədbəxt olub. Eləcə də var-dövlət, meşşan həyat tərzi insanların faciəsi ilə nəticələnir. Bir neçə yüz minlik avtomobillərini reklam edənlər ictimai məsuliyyəti və bunun mümkün nəticələrini də düşünməlidirlər. Elə vəzifəli şəxslər, imkanlı adamlar var ki, xaricdə ölkəmizin təbliği ilə məşğuldurlar. Əlbəttə, belə xəbərləri eşidəndə seviinirik, təqdir edirik. Amma bəzən də harınlamış, ictimai qanunlara məhəl qoymayan adamların bəd əməllərini də görürük. Hesab edirəm ki, bu cür hallara qarşı ictimai qınaq aparıcı xətt olmalıdır. Meşşan həyatına meyl edən ailələr ictimai qınaq olduğunu görməlidirlər. Bu istiqamətdə xüsusi bir kampaniya aparılmasına ehtiyac var. Hətta düşünürəm ki, ictimai məsuliyyəti heçə sayanlar, müəyyən cinayət əməli törədənlər ictimai cəzaya məhkum edilməlidir. Radara düşən qanun pozucularının fotolarını sosial şəbəkələrə yerləşdirmək lazımdır. Qoy hamı onları görsün, yol hərəkəti qaydalarını kobud pozanları hamı tanısın. Hətta onları küçələri təmizləməyə, xəstəxanalarda sanitar işi görməyə cəlb etmək lazımdır. İctimaiyyətdə qıcıq yaradacaq məsələlərdə tanınmış şəxslər xüsusilə ehtiyatlı olmalıdır. Kimsə gənc yaşlarında xidmətinə görə dövlət tərəfindən qiymətləndirilirsə, bu o demək deyil ki, həmin adam özünü hamıdan üstün tutmalı, bahalı avtomobili ilə öyünməlidir. Burada mənəviyyat məsələsi də var. Mənəviyyatı zəngin insanlar maddi zənginliyə önəm vermirlər. Mən dəfələrlə şahidi olmuşam ki, bizim gənclər təşkilatları "Yaşıllıqları qoruyaq”, "Uşaqları qoruyaq”, "Kitabları sevək” şüarları altında xeyriyyəçilik tədbirlərinə təşkilatçılıq ediblər. Yaxşı olmazdımı, məmur övladlarının, bahalı avtomobillərini reklam edənlərin, yolda sürət yarışına çıxanların da ağac əkdikləri, yaxud hörmətli bir professorun mühazirəsini dinlədiyi yerdə çəkilmiş fotosu yayılsın?! Hesab edirəm ki, bütün KİV-lər, sosial şəbəkələr, eləcə də telekanallar ictimai qınaq kampaniyasına qoşulmalıdır.

Məlahət Rzayeva