“Nazirliyin açıqlaması məni təəccübləndirdi”

Üzeyir Cəfərov: “Gecə saat 22:30-da hansı komandirin ixtiyarı var ki, heç bir yoxlama aparmadan, təhlükəsizlik tədbirləri görmədən müharibə zonasında qazıntı işləri aparsın?”



Ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Üzeyir Cəfərov hərbiçilərimizin Füzuli istiqamətində minaya düşməsində birmənalı olaraq, ordu rəhbərliyini məsuliyyətli sayır: "Düzünü desəm, faciəvi hadisədən sonra Müdafiə Nazirliyinin verdiyi açıqlama məni çox təəccübləndirdi.

Guya ki, dəqiqləşdirmə aparıblar ki, partlayışa aprelin 7-də gecə saat 22:30 radələrində həmin istiqamətdə müharibə dövründən qalma tank əleyhinə mina səbəb olub. Halbuki mayın 22-də düz 20 il tamam olacaq ki, həmin ərazilərdə heç bir döyüş əməliyyatları aparılmır. Həmin əraziləri çox gözəl tanıyıram. Müdafiə Nazirliyinin bu açıqlaması isə çox gülməli və absurddur. "Mina çox dərində yerləşdiyindən, onun xüsusi avadanlıqla aşkar edilməsi mümkün olmayıb. Ərazidə aparılan qazıntı nəticəsində partlayış baş verib”, bu nə biabırçı açıqlamadır. Vallah ayıbdır, Silahlı Qüvvələr Komandanlığının bu cür arqumentlərlə çıxış etməsi ümumiyyətlə yolverilməzdir. Azərbaycanda hər il hərbiyə nə qədər vəsait ayrılır. Bu vəsaitlər hesabına milli ordumuz ən son modern avadanlıqlarla təmin olunub. O cümlədən mühəndis istehkam qoşunları üçün müasir texnologiyalar alınıb. Gecə saat 22:30-da hansı komandirin ixtiyarı var ki, heç bir yoxlama aparmadan, təhlükəsizlik tədbirləri görmədən müharibə zonasında qazıntı işləri aparsın? Budur, kimlərinsə, məsuliyyətsizliyi ucbatından 3 hərbi qulluqçumuz yerindəcə şəhid olub. 6 əsgərimizin də yaralı olduğu deyilir, hansı ki, məndə olan məlumatlara görə, onların sayı 10-dan artıqdır”.

Milli ordu rəhbərliyinin bu cür hadisələrdən nəticə çıxarmalı olduğunu deyən hərbi ekspertin sözlərinə görə, aidiyyəti qurum bu cür bədbəxt hadisələrə dırnaqarası yanaşdığı üçün hadisə hər il təkrarlanır: "Nazirin bir qrup zabitlə dərhal hadisə yerinə baş çəkməsi ilə məsələ həll olunmur. Olanlardan nəticə çıxarmaq lazımdır. Xatırlayırsınızsa, ötən il Goranboy rayonunun Tap Qaraqoyunlu ərazisində də analoji hadisə baş vermişdi. Həmin vaxt dəyərli həmkarımız, əvvəllər Müdafiə Nazirliyində mətbuat xidmətinin rəis müavini vəzifəsində çalışan mayor İlqar Verdiyevi itirdik. İ.Verdiyev minaya düşmüş zabit Zaur Məmmədovu ərazidən çıxarmaq istəyərkən özü də minaya düşmüşdü. Mayor Məmmədov sağ ayağını itirmişdi, Verdiyev isə ağır yaralı olaraq, xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmadı. Partlayış zamanı bir neçə əsgər də xəsarət almışdı. Göründüyü kimi, mina partlaması nəticəsində itkilərimiz çox olub. Bu isə Müdafiə Nazirliyinin məsələyə laqeyd qalmasının sübutudur. Ən azından bu dəfə hadisənin üstündən keçilməməli və ən xırda detalına qədər araşdırılmalıdır. Cəbhə xəttində səngərbərkitmə zamanı mütləq təhlükəsizlik tədbirləri görülməlidir. Əks halda, olanları gördük. Uzaqbaşı, açılan cinayət işinin müqabilində Zakir Həsənov əmr imzalayacaq və bir-iki nəfər məsuliyyətə cəlb olunacaq. Bu, vəziyyətdən çıxış yolu deyil axı!”

Ü.Cəfərov söhbət zamanı mina partlaması zamanı şəhid olan hərbiçilərimizin layiqincə dəfn olunmamasına da toxunub. Ekspert deyib ki, nə kapitan Orucəliyev Ceyhunun, nə əsgər Kərimov Seyfəddinin, nə də Abdullayev Novruzun dəfninə aidiyyəti qurum ciddi yanaşıb: "Heç olmasa, əvvəllər nazirlik həlak olmuş əsgər və zabitlərimizlə bağlı dəfn mərasimi keçirirdi. Ən dəhşətlisi isə odur ki, Bakıdan hərbi xidmətə çağırılan əsgəri ucqar bir ərazidə dəfn ediblər. Sanki onun üçün normal bir yer tapa bilməzdilər? Milli ordumuzun həlak olan əsgərlərinə qarşı bu nə münasibətdir? Bəlkə, Müdafiə Nazirliyi artıq həlak olan əsgərlər, zabitlərlə bağlı dəfn mərasimi həyata keçirməkdən yorulub?”