Minada həlak olan hərbçilərə şəhid statusu veriləcək





Müdafiə Nazirliyi aprelin 7-də cəbhənin Füzuli istiqamətində mina partlaması nəticəsində həlak olan 3 hərbçiyə şəhid adının verilməməsi ilə bağlı son günlər sosial şəbəkələrdəki müzakirələrə aydınlıq gətirib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, aprelin 7-də gecə saat 22.30 radələrində cəbhənin Füzuli istiqamətində mina partlaması nəticəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin həlak olan 3 hərbi qulluqçusuna "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq şəhid adı veriləcək.
Qeyd edək ki, hadisə nəticəsində kapitan Orucəliyev Ceyhun Cəlil oğlu, əsgər Kərimov Seyfəddin Nəvai oğlu və əsgər Abdullayev Novruz Qurban oğlu həlak olublar, əsgər Musayev Bəhruz Məhəmmədəli oğlu, əsgər Mirzəyev Alı Pənah oğlu, əsgər İsgəndərzadə Azər Eyyub oğlu, əsgər Zülfüqarov Mürsəl İbrahim oğlu, əsgər Cəbrayılov Sadiq Misirxan oğlu və əsgər Talıbov Emin Talıb oğlu yaralanıblar.
Eyni zamanda nazirliyin mətbuat xidmətindən əlavə olunub ki, hadisə zamanı həlak olan hərbi qulluqçuların hər birinin dəfn və yas mərasimində Müdafiə Nazirliyinin nümayəndələri və xüsusilə də hərbçilərin xidmət etdiyi Hərbi Hissələrin yüksək rütbəli zabitləri iştirak edib: "O cümlədən hər üç hərbi qulluqçunun ailəsinə diqqət və qayğı göstərilib”.