Aşıqlar meydan oxudu

“Gənc aşıqlar arasında özümüzdən güclü rəqib tanımırıq”



Bu dəfə "Şərq”in qonağı iki tanınmış aşıq oldu. Aşıq Avdı və Aşıq Raminlə üz-üzə oturub bugünkü aşıq sənətindən danışdıq.

- Ramin, bu gün aşıq sənətindən hamı danışır. Ən dəhşətlisi isə odur ki, haqqı çatan da, çatmayan da özünü aşıq kimi təqdim edir.

- Sizinlə tam razıyam. Bizim yaralı yerimizə toxunmusuz. Bu barədə imkan düşmüşkən danışaq ki, həqiqətən bu sənət qədim sənətdi. Təbii ki, hər kəsin özünə aşıq deməyə haqqı yoxdu.

- Aşıq sənəti məsuliyyət tələb edir. Hamının özünü aşıq kimi təqdim etdiyi dönəmdə sizin digərlərindən fərqiniz nədi?

- Çox gözəl sualdı. Biz Avdı ilə sənətə demək olar ki, bərabər gəlmişik. Eyni müsabiqədə olmuşuq. Biz aşıq sənətinin klassik nümayandələriyik. Yəni həm saz ifa edirik, həm oxuyuruq. Həm ustadnamədi, dastançılıqdı. Aşıq sənəti Adəm babamız yaranandan var. Bu sənət çox qədimdi. Çox təəssüf ki, bu gün sənətimizə gölgə salanlar var.

- Yəni aşıq adına, saza utanc gətirənlər var? Çayxanalarda əlinə saz alıb 5-3 manat pul üçün sazı ucuz tutanlar var...

- Onlara gəlin aşıq da deməyək. Həqiqətən belələrini görəndə adam xəcalət çəkir. Dırnaqarası aşıqlar əllərinə saz alıb çayxanalarda sazı dınqıldadırlar. Bəziləri hansısa yolla efirə çıxıb sazla meymunluq edirlər. Amma o, sənət deyil. İnsan gərək ilk əvvəl öz şəxsiyyətinə və sonra sənətinə hörmət etsin. Müəyyən işlərdən sonra bəlkə söz deməyə haqqın çatar.

- Aşıq sənətinin də janrları var. Tutaq ki, yaradıcı aşıqlar var, bir də ifa edən aşıqlar. Siz hansı aşıqlar sırasındasız?

- Biz yaşadan aşıqlardanıq. Klassik aşıq sənətini yaşadanlarıq.

- Amma yaradıcı deyilsiz?

- Bu gün böyük ustadlar olan yerdə bizim özümüzə yaradıcı aşıq deməyə ixtiyarımız çatmaz. Aşıq sənətində yaradıcı aşıq təkcə şeir yazmaq deyil. Müəyyən havalar var ki, onlara rəng qatmaq lazımdı, əl gəzdirirsən. O hava sənin adınla tanınır.

- Aşıq Raminin adı ilə hansı hava tanınır?

- Hərənin bir havası var. Mənim ifamda "O dəftərə məni də yaz” havası məhşurdu.

- Şou-biznesdə havalı olmaq lazımdı, ya yox?

- Sazın havası, ya elə-belə havalı olmaq?

- Elə hər ikisindən...

- Məncə, havalı olmaq lazımdı.

- Bəs onda niyə yoxsuz o havada?

- İnşallah, bundan sonra bizim də havamız hiss olunacaq.

- Yəni şou-biznes sizə də havalı olmağı öyrətdi?

- Bilirsiz, hər zamanın öz hökmü var da?! Biz klassik yolu tutmuşuq. Amma bu yolun da öz havası var.

- Yəni razılaşırsız ki, qalmaqalsız, gündəmsiz tanınmaq mümkün deyil?

- Razıyam. Çünki həqiqətən indi hər yerindən duran qalmaqal edir, olur tanınmış aşıq. Biz insanların zövqünü tanımağa çalışırıq. Nəbzini tuturuq. Nar ağacından tutmuş, digər toy musiqilərinə qədər biz də ifa edirik. Toy havalarını bilirik, oxuyuruq el şənliklərində. Amma efirlərdə bu kimi aşıq musiqiləri ifa etmirik.

- Efirlərin də, yazılı mətbuatın da müzakirə mövzusuna çevrilən bir məsələ oldu. Həmkarlarınızdan birinin sazı oriental rəqslə sintezi birmənalı qarşılanmadı. Bir halda ki, saz türkün and yeridir. Onu bu qədər cılızlaşdırmağa, oriental rəqs edənin qarşısında çalmağa heç kimin haqqı yoxdu. Sizin həmkarınız isə türkün and yeri olan saza bununla hörmətsizlik etmiş oldu. Bir çoxunuz da susdunuz...

- Həqiqətən mənim üçün qəbulolunmaz idi. Mən iradımı bildirmişəm.

- Saz, göbək rəqsi, çılpaq bədən... Sizcə, bu, saza hörmətsizlik deyildimi? Bu, sizin sənətə kölgə salmadımı? Qarşımda iki tanınmış klassik aşıq oturub. Sizcə, sazı yarıçılpaq oriental rəqqasə qarşısında dınqıldatmaq nə qədər düzgün idi? Şou-biznesə gəlmək üçün başqa vasitəyə əl atmaq olmazdı ki?

- Şou-biznesə gəlmək üçün bunu etdilər. Tam razıyam. Amma heç də aşıq sənətinə baş ucalığı gətirmədi bu layihə. Bu, aşıq sənətinə layiq olmayan bir hərəkət idi.

- Yəni qəbul etmədiz?

- Yox, qətiyyən qəbul etmədim.

- Bəs niyə irad bildirmədiz? Niyə susdunuz?

- Bizdən bu barədə nə soruşan oldu, nə münasibət alan. Bir araya gəlmək üçün isə hər insan həqiqəti dilə gətirməyə cəsarət göstərə bilmir. Biz çəkinmirik.

- Söhbət Aşıq Namiqdən gedir. O özünü bu gün el aşığı adlandırır. Bunu deməyə haqqı çatır sizcə?

- Mən onu aşıq kimi qəbul etmirəm. Yəni o aşıq deyil axı. Özü də özünü aşıq kimi qəbul edə bilməz.

- Amma o sizləri bəyənmir. Özünü də el aşığı kimi təqdim edir.

- O, özü-özünü tərifləyə bilər, özünü aşıq adlandıra bilər. Amma elin gözü tərəzidir. Qoy məni el tərifləsin. Sən özün-özünü öyəndən olma.

- Bəs aşıq Mübariz. Onu da qınayanlar var...

- Biz Mübarizlə bir yerdə efirlərdə də olmuşuq, toylarda da. Aşıq Mübariz özünü aşıq kimi təqdim etmir. Efirdə də bir söz dedi ki, mən aşıq deyiləm. Mənim də öz yolum var. O adam ki, özünü aşıq kimi görmür, mən onu necə aşıq kimi təqdim edim?

- Amma digər həmkarınız özünü sizdən üstün bilir, deyir, gənc aşıqlar arasında ondan güclüsü yoxdu.

- Onu demək asandı. Amma güclü aşıq olduğunu sənətinlə sübut etmək lazımdı. Mən bunu bütün məsuliyyətimlə deyirəm, kim özündən əmindirsə, bizimlə bir yerdə səhnəyə çıxsınlar. Bizimlə bir yerdə saz əllərinə tutub çalsınlar, oxusunlar. Biz ustadlara bunu aid etmirik.

- Sizin ustad dediyiniz bəziləri də elə sizin qəbul etmədiyiniz bəzi dırnaqarası aşıqlara nəyinsə xatirinə dəstək olmağa çalışırlar.

(Bu məqamda Aşıq Avdı dilə gəlir)

- İndi mən bilmirəm kim kimə dəstək olur. Amma kimsə nəyinsə xatirinə kiməsə dəstək olursa, bu o demək deyil ki, o insan aşıqdı, peşəkardı.

- Sizcə, maddiyyat aşıq sənətində də rol oynayır?

(Yenə sualımıza Ramin cavab verir)

- Nəinki bizim sənətdə, şou-biznesin bütün sahələrində maddiyyat rol oynayır. Pulları var deyə bəziləri efirə çıxırlar, sonra da özlərinə aşıq deyirlər. Elə o dırnaqarası aşıqları, onları da efirə gətirib çıxaran səbəb maddiyyatdı.

- Meyxana aləmində də deyişmə, bağlamaq var. Biri digərini söz ilə, meyxana ilə bağlayır. Sizin sahədə də buna qıfılbənd deyirlər, deyəsən...

- Əsl bağlamaq elə aşıq sənətindən gəlib. Meyxanadan da qabaq aşıq sənətində biri-birini bağlamaq olub. Buna qıfılbənd deyirlər.

- Çox bağlamısız özlərinə mənəm-mənəm deyən aşıqları?

- Bağlamaq deyəndə ki, bağlamışıq...

(Söhbətin belə şirin məqamında Aşıq Avdı sualımıza belə cavab verdi)

- O saz oynadanlar, klonluq edənlər əgər əsl sənəti öyrənmək istəsələr, həftənin tək günləri Raminin, cüt günləri mənim yanıma gələ bilərlər.

- Çox iddialı bir ismarıc oldu bu, Avdı.

- Mən sözümü elə-belə demirəm ki?.. Məncə, onlara aşıq kimi müraciət etmək də düzgün deyil. Bizim də istəyimiz odur ki, təsadüfən bu sənətə gələnlər, nə bilim, bir balaca sazı dınqıldadanlara aşıq kimi qiymət verilməsin...

- Eyni məclislərdə o dırnaqarası aşıqlarla da olmusuz yəqin?

- Oluruq. Niyə olmuruq? Amma biz olan yerlərdə onların dili olmur danışmağa. Bir gün ustadımız Aşıq Kamandar bir kənddə toya gedir. Bir dırnaqarası saz çalan da o məclisin yuxarı başına keçir. Özünü çox böyük-böyük aparır. Həmin o aşıq yenidən aşıq Kamandarın yanından keçəndə deyir ki, Aşıq Kamandara yaxınlaşıb ki, ustad, bağışla, birdən inciyərsən, görmədim. Ustadımız da deyir ki, aşıq olsaydın, inciyərdim. İncimirəm. Yəni hər əlinə saz alana aşıq da demək olmaz axı. Adını çəkdiyiniz insanlarla da salamlaşırıq, görüşürük. Amma onlar bizim yanımızda özlərinə aşıq deyə bilməzlər. Onlar aşıq deyillər. Bayaq oriental məsələsindən danışdınız. Həqiqətən qəbulolunmazdı. Namiqlə salamım var. Amma bu o demək deyil ki, mən onu tərifləməliyəm. Acınacaqlısı isə odur ki, qalmaqal edənləri, səs-küy qoparanları daha çox tanıyırlar. Düzdür, bizim sənətdə peşəkar aşıqlar kimin səviyyəsi nədir, yaxşı bilirlər. Əsas odur ki, biz elə bir vaxtda gəldik ki, aşıq musiqisinə maraq yarandı. Saz düzəldən ustalar sazlarını sata bilmirdilər. Bizim müsabiqədəki iştirakımızdan sonra saz düzəldən ustaların sazlarını almağa başladılar. Saza ehtiyac çoxaldı. Bizim müsabiqədən sonra toyxanada gitara ifa edənlər hər biri saz əllərinə götürdülər. Bilirsiz, indi hər yerindən duran özünə aşıq deməklə deyil iş. Biz də qərara gəlmişik ki, bu günə qədər dinmirdik, amma bundan sonra sözümüzü deyək. Belələrinin cavabını bu gün verməsək, onlar aşıq sənətinə gölgə salacaqlar. Aşıq bizik və bizim səviyyədə olanlardı.

- Kimləri qəbul etmirsiz? Namiqi, Aşıq Mübarizi qəbul etmədiz...

- Mübariz özü də özünü aşıq kimi təqdim etmir axı. Qaldı Namiqə, Namiq bizim yanımızda özünə aşıq deyə bilməz axı. İnanmıram ki, bunu deyə bilsin. Çünki biz olan yerlərə onlar gedib çıxa bilmirlər. Ola bilər, 2-3 proqrama qalmaqal xatirinə dəvət olunsunlar. Amma onlar aşıq deyillər. Biz dövlət səviyyəsində olan məkanlarda, tədbirlərdə iştirak edirik. Onlar bizə yalnız həsədlə baxa bilərlər. Vəssalam.

- Çayxanalardan çıxanlar indi özlərini aşıq kimi təqdim edirlər. Yəqin siz də onlarla rastlaşırsız. Ağır gəlmir ki? Sazı bu qədər ucuz etmək nəyə lazımdı?

- Biz də çayxanalarda ona-buna yaxınlaşan dırnaqarası aşıqları görürük. Düzü, xəcalət çəkirsən ki, sazı əlinə alıb ona-buna yaxınlaşırlar. Bir müddət sonra görürsən həmin adam efirdədi. Ola bilər ki, onlar populyar olsunlar, toylara da bizdən çox getsinlər. Amma səviyyələr fərqlidir. Biz yuxarı dairələrdə aşıq musiqisini təbliğ edirik. Onlar 5 toyda qazandığını biz bir dəfə böyük səhnəyə çıxarkən qazanırıq.

- Sazın oriental rəqsi müşayiət etməsi çirkin görünmür?

- Təbii ki, çirkin görünür. Sazı yerə vuraraq, çalmaq da, oriental rəqqasə üçün ifa etmək də çirkin görünür. Çünki saz müqəddəsdir, onu bu qədər ucuz tutmaq günahdı. Sadəcə, belələri bizim yanımızda özlərinə aşıq deyə bilməzlər.

- Amma mən inanmıram ki, bəzi həmkarlarınız 9 milyon qarşısında utanmadan çıxaraq özlərini el aşıqları adlandırarlarsa, sizin qabağınızda bunu deməkdən çəkinsinlər?

- Namiq saz ifaçısıdır, amma aşıq deyil. Əgər Namiq özünə el aşığı deyirsə, böyük səhv edir. Bunu deməyə haqqı yoxdu. Mən efirdən bir neçə dəfə onları görmüşəm. Elə bil onlara tok qoşmusan.

Beləsi gəlib torpağımızı necə qoruyar? Eləsindən nə kişilik gözləyirsən? Belələri aşıq sənətinə təkcə kölgə gətirmirlər, zərbə vururlar. Bizim də dediyimiz odur ki, aşıq mövzusunda belələrindən müsahibə almasınlar, onları mətbuat reklam etməsin, onları qınaq obyektinə çevirsinlər. Bala, sən bu sənətə zərbə vurursan .

- Amma nə yazıq ki, bəziləri belə tənqidlərdən də reklam, şou xatirinə istifadə edirlər. Razısan, Ramin?

- Razıyam təbii ki. Onlar üçün sənət yox, tanınmaq əsas meyardı.

- Heç sizi sıxırlar belə dırnaqarası aşıqlar?

- Kim? Belə aşıqlar? Təbii ki, yox. Onlar bizim yanımızda aşıq sənətindən danışa bilməzlər axı. Yenə deyirik, biz sənətimizin peşəkarıyıq. Ona görə də heç kimdən çəkinmədən iddialıyıq ki, bizimlə bir səhnəyə çıxıb rəqabət apara biləcək hər kimdisə, ortaya çıxsın. Belələri sadəcə sazı əllərinə tuturlar. Onlar saz ifa edə bilmirlər. Axır vaxtlar Aşıq Əli bir az saz çalmağı deyəsən öyrənib.

- Yəni Əli saz çala bilmirdi ki? Bunu deməyə çalışırsız?

- Çalışmırıq, elə bunu deyirik. Əli saz çala bilmirdi. Axır vaxtlar bir az saz çalmağı öyrənib. Əlinin səsi pis deyil. Oxuyurdu, oynayırdı. Amma Əli saz çala bilmir axı.

- Amma gəlin razılaşaq ki, Əli sizin hər ikinizdən daha populyardı, daha çox sevilir.

( Ramin yenidən söhbətə qoşulur)

- Biz nə deyirik ki? Əli sevilir. Amma Əli saz çala bilmir. Axır vaxtlar bir-iki havanı öyrənib.

- Yəni Şirvan aşıqları ilə qərb aşıq məktəbi arasında fərq var?

- Böyük fərq var. Şirvan aşıqları saz çalmırlar. Elə-belə sazı sinələrinə qoyurlar. Əli də əvvəllər saz çala bilmirdi. İndi bir-iki aşıq mahnısı öyrənib. Bir həftə bundan qabaq bir yerdə idik. Gördüm hə, əvvələ baxanda, indi bir az dınqıldadır sazı...

(Avdı Əlidən danışaraq)

- Şirvan məktəbində saz çalmağı göstərmək imkanı yoxdu. Əli saz çalmağını necə göstərə bilər ki?

- Yəni Aşıq Əli də özünə aşıq deyə bilməz?

- Bizim yanımızda yox. Onların məktəbi başqadı. Şirvan məktəbində saz çalmaq önəmli deyil. Onlar səsə üstünlük verirlər, oxuyub oynayırlar. Qərb aşıq məktəbi isə dəryadır. Onlar bu dəryadan tam xəbərdar ola bilməzlər axı. Şirvan Aşıq məktəbinin yetirməsi kimi Əli güclüdür. O, Şirvan aşıq məktəbinin incəliklərini bilir. Amma bizim bildiyimizi o bilə bilməz. Aşıq Əli gözəl muğam dərsi də alıb. Amma klassik aşıq musiqilərinin heç birini Aşıq Əli bilmir. Buna tam əminəm. Onlarda nəinki Əli, heç kim bizim bildiklərimizin yarısını bilmir. Onların üstünlüyü başqadır. Onların aşıqlarını balaban-nağara müşayiət edir, ritm tutur. Qərb aşıq məktəbində isə aşığın başqa musiqi aləti müşayiət etməsinə ehtiyac yoxdu.

- Bu qədər iddialısız? Son sözünüz nədir?

- Son sözümüz, yenə deyirik ki, gənc aşıqlar arasında özümüzdən güclü rəqib tanımırıq. Yenə deyirik özlərinə aşıq deyənlərə isə məsləhətimiz odur ki, əgər aşıq sənətini öyrənmək istəsələr, həftənin tək günləri Raminə, cüt günləri mənə müraciət etsələr, onlara dərs keçə bilərik.

Tahirə Məmmədqızı