Ukraynadakı soydaşlarımız diqqətli olsunlar

Onlar hər an təhlükə ilə üz-üzə qala bilərlər


Hakimiyyət dəyişikliyindən sonra Rusiyanın müdaxiləsi ilə Krımı itirən Ukrayna ölkənin cənub-şərq vilayətlərindəki vəziyyəti stabilləşdirməkdə də çətinlik çəkir. Hazırda ölkə, vətəndaş müharibəsi və parçalanmaq təhlükəsi ilə üz-üzədir. Ukraynada vəziyyətin bu həddə gəlib çatması dünya ölkələri ilə yanaşı, Azərbaycanda da narahatlıqla izlənilir. Çünki sözügedən ölkədə yarım milyondan artıq soydaşımız yaşayır. Ukraynada daimi və müvəqqəti məskunlaşan yüz minlərlə soydaşımız və ali məktəblərdə təhsil alan minlərlə azərbaycanlı tələbə yaranmış gərgin siyasi durumdan əziyyət çəkərək çıxılmaz vəziyyətə düşüblər.

Ukraynada yaşayan azərbaycanlıların durumundan danışan Krım Azərbaycan Cəmiyyətinin sədri Rəhim Hümbətov da qeyd edib ki, vaxtilə diaspor hərəkatında nümünə kimi göstərilən Ukrayna Azərbaycanlılar Konqresi daxili qarşıdurma nəticəsində bölünərək zəif vəziyyətə düşüb: "Hazırda Azərbaycan diasporunun Ukraynadakı durumu qənaətbəxş deyil. Ona görə də, azərbaycanlılara yardım göstərə bilmir”. Azərbaycanın Ukraynadakı səfirliyinin konsul məsələləri üzrə katibi Asim Osmanov isə deyib ki, səfirlik Ukraynada yaşayan azərbaycanlıların vəziyyətinə tam vaqifdir: "Azərbaycan vətəndaşlarının iğtişaşlarda iştirakı, yaxud da onların yaralanması haqda səfirliyə məlumat daxil olmayıb. Biz özümüz də rahat işləyirik. Təhlükəsizliyimizə qarşı hər hansı təhdid yoxdur. Lakin biz müraciət edən bütün vətəndaşlara təhlükəsizlik məqsədilə qarışıqlıq olan yerlərə getməməyi məsləhət görürük. Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov da bildirib ki, azərbaycanlılar, xüsusən də tələbələr barəsində yayılan iğtişaş xəbərlər cəfəngiyyatdır. Bu məlumatları verən şəxslərin ya heç bir şeydən xəbəri yoxdur, ya da qərəzlidirlər. H.Cavadov Ukraynada baş verən hadisələrlə əlaqədar olaraq soydaşlarımıza dəfələrlə xəbərdarlıq edildiyini söyləyib. Ukrayna Millətlər Assambleyasının prezidenti, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev bildirib ki, azərbaycanlılar ukraynalılarla həmrəydilər: "Ukraynalılardan, ruslardan, yəhudilərdən, azərbaycanlılardan və digər millətlərdən ibarət Ukrayna bu sınağa layiqincə tab gətirəcək. Biz Şərqi Ukrayna sakinlərinə müraciət edirik və onları eyforiyaya uymamağa, yaşadıqları ölkənin ərazi bütövlüyünə sadiq qalmağa çağırırıq”.

R.Tağıyev Ukraynada yaşayan azərbaycanlılar adından müraciət də təqdim edib. Müraciətdə deyilir: "Bizim təşkilatımız inancından və milliyyətindən asılı olmayaraq, xalqlar arasında sülh və qarşılıqlı anlam məqsədilə yaradılıb. Biz xalqlar arasında nifrət və təcavüzə qarşıyıq. Ukrayna və Rusiya xalqları arasında sülh və əməkdaşlığın qorunub saxlanılması üçün digər beynəlxalq təşkilatlarla

birgə bütün səylərimizi səfərbər etməyə hazırıq”. Ukraynada yaşayan azərbaycanlıların əksəriyyətinin mayın 25-də keçiriləcək növbədənkənar prezident seçkilərində fəal iştirak edəcəkləri bildirilir. Bu barədə isə Ukrayna Qarapapaq Türkləri Milli Şurasinin sədri Daşqın Gülməmmədov xəbər verib. O deyib ki, bu ölkədə yaşayan azərbaycanlılar prosesdə fəal iştirak etməyə qərar veriblər.

Politoloq Vəfa Quluzadə qeyd edib ki, hər hansı bir ölkədə stabillik pozulursa, orada hamı üçün təhlükə yaranır: "Belə olan halda oradakı soydaşlarımız özləri qərar verməlidir. Onlar bu şəraitdə salamat qalıb-qala bilməyəcəklərini götür-qoy edərək düşünməlidir. Bunun əsasında da bir qərar verməlidirlər. Bizim onlara heç bir köməyimiz dəyə bilməz”.

Politoloq Elşən Manafov isə bildirib ki, Ukraynadakı prosesin iştirakçısı olmayan soydaşlarımıza qarşı hər hansı bir təhlükə gözlənilmir: "Ukraynada Azərbaycan icması var. Məlumatıma görə, hazırda bu ölkədə 500 mindən yuxarı soydaşımız yaşayır. Həmin vətəndaşlarımız və ya Ukrayna vətəndaşı olan soydaşlarımız bilavasitə baş verən hadisələrin iştirakçısı deyilsə, onların şəxsi həyatı və mülklərinə qarşı təhlükə olacağını düşünmürəm. Amma bütün hallarda onlar öz təhlükəsizliyinin qayğısına qalmalıdır. Əgər hadisələr radikallaşarsa, Ukraynanın parçalanma ehtimalı güclənərsə, azərbaycanlılar üçün də müəyyən çətinliklər yarana bilər”.

Politoloq Leyla Əliyeva da baş verən hadisələr fonunda Ukraynadakı soydaşlarımız üçün hansısa təhlükənin ola biləcəyini zənn etmir: "Qarşıdurma əsnasında tərəflərdən hər hansı birinə qoşulan azərbaycanlılar varsa, bəzi ekstremist, şovinist qüvvələr bundan istifadə edərək soydaşlarımıza qarşı təhdidedici hallara yol verə bilərlər. Hətta qoşulmasalar belə, şovinist təmayüllülər fürsətdən istifadə edib miqrantlara, o cümlədən azərbaycanlılara qarşı hərəkətə keçə bilərlər. Yəni qatı şovinistlər məhz ölkədə cərəyan edən bu kimi hadisələrdən "bəhrələnməyə” çalışacaq. Ancaq hər halda, Ukrayna Rusiya deyil və burada şovinist, gəlmələri sevməyən qüvvələr elə də çox deyil”.

İsmayıl