Sarkisyan postunu tərk edir

“O, yenidən ermənilərin etimadını qazana bilməyəcəyini anlayır”


Ermənistan prezidenti Serj Sarkisyan prezidentlik postundan gedə bilər. Bu barədə düşmən ölkə rəhbərinin özü bildirib. O deyib ki, ölkədə konstitusiya islahatları gerçəkləşsə belə, növbəti dəfə ölkəyə rəhbərlik etmək niyyətində deyil. Konstitusiya islahatları üzrə ixtisaslaşmış komissiyanın sədri Qaqik Artunyan prezidentə islahatlar paketinin hazır olduğunu desə də, Ermənistan dövlət başçısı bunun ona aid olmayacağını bəyan edib:

"Rəsmən bəyan edirəm ki, islahatlarla bağlı müzakirələrdə arzularıma uyğun olmayan variantlar seçilsə, dövlət başçısı postuna iddia irəli sürməyəcəyəm. Parlamentli idarəetmə modelini nəzərdə tuturam. Bunlar gerçəkləşsə, baş nazir vəzifəsinə də iddia etməyəcəyəm. Bir insan iki dəfədən artıq ölkəni idarə etməyə məcbur deyil”.

Qeyd edək ki, Ermənistan Konstitusiyasına dəyişiklik edilərək parlamentli respublika yaradılması məsələsi gündəmdədir.

Ermənistan prezidentinin açıqlamasını şərh edən politoloq Qabil hüseynli Şərq”ə deyib ki, Sarkisyan xalqın etimadını qazanmayacağını çox yaxşı bilir. Ekspertin sözlərinə görə, düşmən ölkənin rəhbəri bir çox cinayətlərdə Rusiya ilə əlbirdi: "Ermənistanın indiki duruma salınmasında Sarkisyanın dırnağarası rolu var. Onun "Gömrük İttifaqı” və "Avrasiya Birliyi”ni dəstəkləməsi ölkədə etirazlar doğurdu. Fəaliyyəti ermənilər tərəfindən rəğbətlə qarşılanmır. Onu Qarabağdan gələn erməni klanının başçısı adlandırırlar. Sarkisyanın prezidentlik dövrü ölkə iqtisadiyyatının çökməsi və bir çox iqtisadiyyat sahələrinin ruslara satılması ilə yadda qalacaq”.

Ekspert hesab edir ki, belə açıqlamalarla Sarkisyan özünü demokratik lider kimi təqdim etmək istəyir: "Separatçı ölkənin prezident üsul idarəsindən çıxıb, parlamentli respublikaya çevrilməsi Ermənistanın idarəçiliyində ciddi dəyişikliklər yaradacaq”.

Q.Hüseynli onu da diqqətə çatdırıb ki, Rusiyanın Koçaryanı baş nazir təyin edərək hakimiyyətə gətirməsi mümkün haldır: "Sarkisyanın siyasi ömrü bitib. Səhhətində ciddi problemlərin olduğu bildirilir”.

Siyasi təhlilçinin qənaətincə, Sarkisyandan sonra Qarabağ klanı ilə yerli ermənilər arasında hakimiyyət uğrunda ciddi mübarizə başlaya bilər: "Bu mübarizə ölkədə ciddi qarşıdurmalara və hətta vətəndaş müharibəsinə qədər aparıb çıxara bilər”.

Həmsöhbətimiz ehtimal edir ki, Sarkisyan getdikdən sonra Dağlıq Qarabağ münaqişəsinə münasibət dəyişə bilər: "Qarabağ ermənilərindən fərqli olaraq, yerli ermənilər düşmən ölkənin iqtisadi rifahının yaxşılaşması uğrunda mübarizə aparırlar. Dağlıq Qarabağ uğrunda əzmkarlıq nümayiş etdirməyəcəklər.

Q.Hüseynlinin fikrincə, Sarkisyan Ermənistana militarizm və türkə nifrət psixologiyası gətirib: "Bu psixologiya da dövlətlərarası münasibətləri zədələyir”.

Ayyət Əhməd