“Dərman preparatı qorxulu məhsuldur”

Ona görə də Gürcüstanın qadağası anlaşılandır



Gürcüstanda dərmanla ölkəyə giriş qadağan edilib. Qadağanın tətbiq edildiyi ilk həftədə üzərlərində müxtəlif dərmanlar olan 9 türk vətəndaşı sərhəd qapısında saxlanılaraq, həbs olunub. Türkiyə vətəndaşlarını 1 ildən 7 ilə qədər həbs cəzası gözləyir. Məlumata görə, qərar adi dərmanlara belə şamil edilib. Ölkəyə yalnız ağrıkəsici və qrip əleyhinə dərmanlarla daxil olmaq mümkündür. Qeyd edək ki, Gürcüstan hökumətinin bu qadağası narkotik maddələrlə mübarizə məqsədi daşıyır.

"Borçalı” İctimai Cəmiyyətinin sədri Zəlimxan Məmmədli tətbiq olunan qadağanı təqdirəlayiq hesab edib: "Dərman preparatı qorxulu məhsuldur. Bu balaca həblərin içində ciddi ölümcül maddələr ola bilər. Bu baxımdan, nəinki Gürcüstanda, bütün dövlətlərdə dərman məsələsinə kifayət qədər mühafizəkar yanaşmaq lazımdır. Bir çox ölkələrdə preparatlara nəzarət sistemi var. Səhiyyə Nazirliyinin müəyyən etdiyi standartlara uyğun olaraq müvafiq məhdudiyyətlər tətbiq olunur”.

Z.Məmmədlinin sözlərinə görə, insanlara zərər gətirməyəcək sayda və tərkibdə dərmanların Gürcüstana gətirilməsində heç bir problem və qadağa yoxdur: "Ancaq onların da həcmi var. Yəni icazə verilir deyə həmin dərmandan bir torba yığıb apara bilməzsən. Şəxsi istifadədən kənar bütün əlavə preparatlar müsadirə olunur və həmin şəxs qanunlara uyğun olaraq cəzalandırılır”.

Cəmiyyət sədri deyir ki, bu qadağa insanlarda narazılıq yaratmamalıdır: "Vətəndaşlar bilməlidir ki, ehtiyacdan artıq aparılan dərmanlar artıq kommersiya xarakteri daşıyır. Əgər sərhəddən keçirilən dərmanlar limitdən artıq olarsa, onda mütləq həkim tərəfindən təsdiq olunmuş resept kağızı göstərilməlidir”.

İsmayıl