“Ləman xanım kəlbəcərliləri təhqir etməyib”

Əlövsət Ağalarov: “O, ümumi olaraq “biz” ifadəsi işlədib, əgər təhqir olsaydı, mən də qınayardım”


Kəlbəcər rayonunun işğalının 21-ci ildönümündə ANS televiziyasının "Xəbərçi” proqramında yayımlanan süjetdə Kəlbəcər sakinlərinin ünvanına təhqir dolu ifadələr işlədildiyi iddia olunur. Həmin gün ANS telekanalının "Xəbərçi” verilişinin saat 21:00 buraxılışında "Kəlbəcərsiz 21 il” başlıqlı süjet efirə verildi. Ləman Əliəşrəfqızının hazırladığı 3 dəqiqə 37 saniyəlik süjetdə Kəlbəcər sakinlərinin ünvanına bir neçə təhqiramiz ifadələr səsləndirilib. Həmin süjetdə müəyyən görüntülər fonunda səsləndirilən "bu sürü psixologiyası təkcə mülki əhalidə yox, döyüşçülərdə də hiss olunurdu” və "Kəlbəcərdən utandım. Süd verdiyi balaları ona naxələf çıxdılar” ifadələri Kəlbəcər sakinlərinə qarşı təhqir hesab olunub.

Məsələ ilə bağlı "ANS” Şirkətlər Qrupunun Mətbuat Xidmətinin bir neçə dəfə açıqlama verməsinə baxmayaraq adıçəkilən rayonun sakinlərindən üzr istənilməyib. Buna görə də Kəlbəcər sakinləri süjetin müəllifinin və ANS telekanalının onlardan üzr istəməsini tələb edirlər.

Məlum hadisədən sonra Ləman Əliəşrəfqızı aprelin 3-ü "facebook " səhifəsindəki şəxsi hesabında mövzuyla bağlı belə bir status yazıb: "Ləman Jirinovskinin qızıdır və hürüb sakitləşəcək. Kəlbəcərlə bağlı süjetimdən sonra bir sıra kəlbəcərlinin mənə verdiyi qiymət. Təşəkkür edirəm”.

Daha sonra isə şərhlərdə üzr istəməyəcəyini qeyd edib: "Mən heç kimdən üzr istəməyə hazırlaşmıram. Bununla da söhbəti yekunlaşdıraq, məncə. Mənim üçün, bir jurnalist üçün əlahəzrət fakt var ortada. Onun qarşısında hamı şlyapasını çıxarıb baş əyməlidir. Mənim ifadələrimin sübutu gördüyüm kadrlardır. Sağ olun”.

Regional İnsan Hüquqları və Media Mərkəzinin sədri əslən kəlbəcərli olan Xalid Vahidoğlu "Şərq”ə bildirib ki, süjet efirə veriləndən az sonra bununla bağlı iradlarını bildirəndə isə süjeti hazırlayan jurnalist tərəfindən təkrar təhqiramiz ifadələr səsləndirilib: "İşğal altında olan bütün ərazilərin itirilməsi səbəblərinin müəyyənləşdirilməsi üçün normal müzakirələrin keçirilməsinin biz də tərəfdarıyıq. Amma bu birtərəfli şəkildə minlərlə insanın təhqir edilməsi ilə aparılmamalıdır”.

X.Vahidoğlunun sözlərinə görə, 2 aprel 2014-cü il. ANS-dəki süjetdə fərqli deyilir: "Bəli, adamlar doğulub boya -başa çatdığı yurd yerini, doğma ocağı - Kəlbəcəri atıb gedirdi. Sanki qazandıqları bir ulaq yükü itirdikləri müqəddəs torpağın müqabilində daha vacib görünürdü. Bu sürü psixologiyası təkcə mülki əhalidə yox, döyüşçülərdə də müşahidə olunurdu” kimi xoşagəlməyən məqamlar var.

Amma ANS televiziyası bizim bu iradlarımızı nəinki qəbul etmədi, hətta ilk cümlələrdən yenidən təhqir olunduq. Bugünədək ANS-dən bu məsələnin də əhatə olunduğu üç açıqlama yayılıb. Bizim səsləndirdiyimiz ilk iradlara təhqir və təhdidlə cavab verildi. ANS Şirkətlər Qrupu prezidentinin media üzrə müşaviri Mais Məmmədov aktual.az-a açıqlaması bu cümlələrlə başlayırdı: "Biz kəlbəcərliləri təhqir etməmişik. Kim onu deyirsə, qələt eləyir. Bu, tamamilə yalan və şayiədir. Siz hələ bilmirsiz. Bizdə elə faktlar var ki, onun 70 faizini biz verməmişik. Onu efirdə versək, tamaşaçılar bundan şoka düşər”.

Halbuki biz öncədən də bildirirdik ki, müharibənin birinci mərhələsinə məğlub duruma düşən ölkənin vətəndaşı, torpağı işğal altında olan bir rayonun sakinləri olduğumuzun fərqindəyik. İtirilmiş torpaqlarımızla bağlı sağlam müzakirələrin aparılmasının tərəfdarıyıq. Bir rayonun bütün əhalisini

yuxarıdakı ifadələrlə təhqir etmək olmaz. Bu Azərbaycanda azad sözün, müstəqil jurnalistikanın inkişafında və Qarabağ həqiqətlərinin dünyaya yayılması üçün bu gün də nadir kadrların çəkilməsində müstəsna rolu olan ANS televiziyasına yaraşmaz. Bu süjet həmin kanalın illərlə sərgilədiyi prinsiplərə də ziddir”.

X.Vahidoğlu əlavə edib ki, süjetdə səsləndirilən ifadələrlə jurnalist etikasının pozulması və təhqir elementlərinin olması ilə bağlı media hüququ ilə məşğul olan ekspertlərin rəyləri də var. Biz həmin süjeti media ekspertlərinə də göstərdik. Süjetdə jurnalist etikasının pozulduğu və təhqiramiz ifadələrin olması onlar tərəfindən də təsdiq olundu və bu barədə mətbuatda da məlumat yayıldı.

Heç kəs unutmamalıdır ki, Azərbaycan hüquqi dövlətdir və heç kəsə insanları təhqir etmək haqqı verilməyib. Ümid edirik ki, Milli Televiziya və Radio Şurası da bu məsələyə öz münasibətini bildirəcək”.

Keçmiş deputat Əlövsət Ağalarov isə Ləman xanımı jurnalist kimi yaxşı tanıdığını və o süjetdə kəlbəcərliləri təhqir etmədiyi qənaətindədir: "O süjetdə kəlbəcərlilərin adı çəkilməyib, ümumi olaraq "biz” ifadəsi deyilib. Bu ifadədə o özünü də aid edib. Əgər təhqir olsaydı, mən də qınayardım. Sadəcə gənclərimiz emossional davranırlar. Torpağı işğal olunmuş insanlar daha həssasdırlar soyuq münasibət olanda necə deyərlər: "Qəlbi bir mehdə incidir” o mənada inciyə bilirlər. Amma obyektiv həqiqətlər var ki, onlardan niyə inciməliyik?”

Sabiq deputat Ə.Ağalarov "ANS Şirkətlər Qrupu”nun media müşaviri Mais Məmədovun açıqlamasına da münasibət bildirib: "Nə kəlbəcərlilərdə, nə də Kəlbəcərdə olan döyüşçülərdən xəyanət görmədim. Azərbaycanda ali hərbi məktəbi, ali təhsilli, qardaşım Qarabağ döyüşlərində 1993-cü ilin aprelin 8-də şəhid oldu və bu gün (aprelin 10-da) dəfn etdik. Ümumiyyətlə, Kəlbəcərdə şəhid verməyən ailə, nəsil, tayfa yoxdur. Eyni zamanda azərbaycanlı türkü deyilən kişi torpağın bir qarışını daşını düşmənə verməz. İnanmıram. Ancaq xahiş edirəm nəinki, Kəlbəcərin, bütün Qarabağımızın, Zəngəzurumuzun, Azərbaycan torpaqlarının işğalında hər hansı azərbaycanlının orada günahı, torpaqların qorunmasında xəyanəti faktı varsa, həmin şəxsin özü ilə bərabər nəsli Azərbaycandan sürgün olunsun.

Biz bu gün torpaqların işğalı tarixinə qayıtmaqdansa, daha çox torpaqlarımızı işğaldan necə azad etmək haqqında düşünməliyik. Gənclərimizi o ruhda tərbiyə etməliyik. Allah yaradıb, səni böyütmüşəm, bu torpaq üçün şəhid olmağa hazır olmalısan. Yəni topaq uğrunda müqəddəs savaşda canından keçməyə hazır nəsil yetişdirmək lazımdır”.

Vüqar Şahinoğlu