“ABŞ, Krımı Rusiyaya peşkəş etdi”

“Buna görə gərək Putin Obamaya heykəl qoysun”



Krımın Rusiyaya birləşdirilməsindən sonra Moskva əleyhinə atılan addımların, verilən qərarların ardı-arası kəsilmir. Böyük səkkizliyin tərkibindən çıxarılan Rusiya bu ilin sonuna qədər Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) səsvermə hüququndan da məhrum olunub.

Həmçinin, bundan sonra Rusiya AŞPA-da rəhbər qurumların işində də iştirak edə bilməz. Ancaq Rusiyanın AŞPA-dakı nümayəndə heyətinin səlahiyyətinə xitam verilməsi məsələsi qəbul olunmayıb. Qərarın qəbul olunması üçün cəmi 1 səs çatmayıb. Rusiyanın beynəlxalq aləmdən təcrid olunması istiqamətində atılan addımlara Böyük Britaniya da qoşulub. Ukraynanın işğalına göz yummayacağını bəyan edən London rəsmiləri Rusiyaya geri addım atması üçün bir-iki həftə vaxt veriblər. Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri, politoloq Araz Əlizadə qərb təşkilatlarının hamısını oyuncaq qurum adlandırıb: "Bu təşkilatların heç bir hüququ yoxdur. AŞPA-nın, BMT-nin işi ancaq tövsiyə verməkdir. Rusiyanı səsvermə hüququndan məhrum etmək Putinin vecinə də deyil. Kreml qərb təşkilatlarının qərarlarını əhəmiyyətli saymadığına görə onlara cavab vermir. Qərb ölkələri də öz-özlərinə danışaraq qərar verirlər”. A.Əlizadə deyib ki, ABŞ Ukraynada faşistləri hakimiyyətə gətirməklə, Krımı Rusiyaya peşkəş etdi: "Artıq Krım Rusiyanındır. Buna

görə, Putin gərək Obamaya heykəl qoysun ki, o və onun komandası belə bir axmaq xarici siyasət yeritdi. Bundan sonra bütün qərb ölkələri bir yerə yığışsalar belə, Rusiyaya qarşı hansısa addım ata bilməzlər. Nə siyasi, nə də iqtisadi cəhətdən Moskvanı çökdürmək mümkün deyil. Çünki Avropanın özü enerji təhlükəsizliyinə görə, Rusiyadan asılıdır. Düzdür, vaxt var idi ki, Rusiya aciz vəziyyətdə idi. Ölkə oliqarxlardan çəkinirdi. Ancaq Rusiya asılı olduğu oliqarxların belini qırdı və dünyadakı mövqeyini gücləndirdi. Böyük sürətlə hərbi-sənaye kompleksini inkişaf etdirdi. ABŞ-ın Avropanı maye qazla təmin edəcəyi də tamamilə yalandır və mümkünsüzdür”. Politoloq qeyd edib ki, bir sıra ölkələrdən fərqli olaraq Almaniya Rusiya əleyhinə addım atmır. Çünki bunun boş və əhəmiyyətsiz olduğunu anlayır: "Necə olur ki, ABŞ və NATO ölkələri Yuqoslaviyanı parça-parça edirlər, Kosovanı referendumsuz tanıyırlar, amma Rusiya bunları edə bilmir. Axı ABŞ kimi Rusiya da fövqəldövlətdir. Qərbin ağzında şirə yeri qalıb. Onlar elə bilirlər ki, qarşılarındakı əvvəlki Yeltsin Rusiyasıdır. Ancaq anlamırlar ki, indi onlar güclü Putin Rusiyası ilə üz-üzədirlər”.

Sülh və Münaqişələrin Həlli Mərkəzinin rəhbəri Elxan Mehtiyev də bildirir ki, tətbiq olunan siyasi və iqtisadi sanksiyalar Rusiyanı narahat etsə də, Kreml bunlara əhəmiyyət vermir. Çünki Moskva rəsmiləri bu qərarların müvəqqəti olduğunu düşünür: "Məncə də, haqlı olaraq belə düşünürlər. Çünki Rusiyanın səsvermə hüququ sadəcə ilin sonuna qədər əlindən alınıb. Rusiyanın birdəfəlik AŞ-dan xaric olunması məsələsi isə qəbul olunmayıb. Hesab edirəm ki, zaman keçdikcə siyasi mühit dəyişəcək və Qərbin Rusiyaya olan sərt mövqeyi yumşalacaq. Bunu Kremlin özü də bilir. Ona görə də, alınan qərarlara sərt reaksiya vermir”.

İsmayıl