İlham Mirzəyev barədə cinayət işi başlanıldı

Vətəndaşların çoxsaylı şikayətlərini nəzərə alaraq, İlham Mirzəyev polis orqanları tərəfindən saxlanılıb



Daxili işlər Nazirliyi tanınmış teleaparıcı İlham Mirzəyevin həbs olunmasını təsdiqləyib. Nazirliyin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov açıqlamasında vətəndaş İlham Mirzəyev saxlanılma səbəblərini açıqlayıb.
"Vətəndaşların çoxsaylı şikayətlərini nəzərə alaraq, İlham Mirzəyev polis orqanları tərəfindən saxlanılıb. Hazırda İlham Mirzəyevə Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə (dələduzluq) cinayət işi başlanıb. Hazırda istintaq gedir”, - deyə Ehsan Zahidov bildirib.
Qeyd edək ki, tanınmış teleaparıcı İlham Mirzəyevin tutulması haqda bu gün xəbər yayılıb. ANS PRESS-in məlumatına görə, teleaparıcı dünən axşam saxlanılıb.
Aparıcı ilə eyni binada yaşayan sakinlər hadisənin dünən axşam saatlarında, onların gözü qarşısında baş verdiyini bildirirlər. Polislər hamının gözünün önündə İlham Mirzəyevi maşına oturdub aparıblar. Onu aparanların Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduğu bildirilir.
Teleaparıcının yaxınları ilə əlaqə saxlamaq mümkün olmayıb. Lakin adının açıqlanmasını istəməyən mənbə, İlham Mirzəyevin bir qadın tərəfindən şərləndiyini eşitdiyini bildirib.