İran səfəri uğurlu olub

Aydın Mirzəzadə: “Görüş ümumən tərəfləri bir-birini başa düşməyə, tərəflərin bir-birinə dəstək olmasına böyük şərait yaradacaq”


Azərbaycan Prezidenti İlham Əliyevin İran səfərindən sonra müdafiə naziri, general-polkovnik Zakir Həsənovun da iranlı həmkarı ilə görüşəcəyi bildirilib. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumatda deyilir ki, Z.Həsənov İranın müdafiə və silahlı qüvvələrə dəstək naziri, general-mayor Hüseyn Dehqanın dəvəti ilə 14-15 aprel tarixlərində Tehranda rəsmi səfərdə olacaq.

Səfər çərçivəsində ikitərəfli hərbi əməkdaşlıq məsələləri müzakirə ediləcək. Eyni zamanda regional təhlükəsizlik məsələləri üzrə fikir mübadiləsinin aparılması və İran rəhbərliyi ilə görüşlərin keçirilməsi də planlaşdırılır.

Son günlərin İran-Azərbaycan yaxınlaşmasını şərh edən millət vəkili Aydın Mirzəzadə deyib ki, hər iki ölkə bir-biri ilə sıx əlaqələrin saxlanmasında maraqlıdır. Ona görə də, münasibətlərin dərinləşməsinə diqqət yetirir: "Azərbaycan prezidentinin İrana səfəri Azərbaycanın İranla münasibətlərə verdiyi böyük əhəmiyyətin göstəricisi idi. Həm ikitərəfli münasibətlər müzakirə edildi, həm də İranla beynəlxalq məsələlər müzakirə mövzusu oldu. Azərbaycan İranın nüvə tədqiqatları aparmaq hüququnu və buna hörmətlə yanaşdığını elan etdi. Eyni zamanda ikitərəfli münasibətləri genişləndirməyin yolları bir daha nəzərdən keçirildi. Bildiyiniz kimi, İran bu gün Avropa ilə münasibətlərini tənzimləmək üzrədir. Bu tənzimləmə baş verərsə, gələcəkdə İrana qarşı sanksiyalar aradan götürüləcək. Onsuz da İran-Azərbaycan ticarət əlaqələri böyükdür. Amma gələcəkdə bu sanksiyalar götürüldükdən sonra əlbəttə, bu əlaqələr daha da genişlənəcək. Bu isə həm Azərbaycan, həm də İran üçün böyük sərmayələr, yeni iş yerlərinin yaradılması deməkdir. Prezident səfər zamanı ölkəmizin ərazi bütövlüyünün pozulması ilə bağlı mövqeyini bildirdi və İranın bu məsələdə daha prinsipial mövqe tutmasını arzuladı. Hesab edirəm, görüş ümumən tərəfləri bir-birini başa düşməyə, tərəflərin bir-birinə dəstək olmasına böyük şərait yaradacaq”.

Politoloq Qabil Hüseynli də hesab edir ki, ölkə başçısının və müdafiə nazirinin İran səfəri iki ökə arasındakı soyuq münasibətə müsbət təsir göstərəcək:

"Son zamanlar İranın xarici siyasətində müəyyən pozitiv dəyişikliklər hiss olunur. Bu dəyişikliklər əlbəttə ki, bölgədəki münasibətlərə də öz təsirini göstərir. Azərbaycan İranla münasibətlərin istiləşməsinə çalışır”. Politoloqun sözlərinə görə, İran Azərbaycanla hərbi əlaqələrin qurulmasında maraqlı görünür: "Müdafiə nazirinin İrana səfər etməsi iki ölkə arasında hərbi əlaqələrin mümkün qədər normallaşmasına və inkişafına xidmət edəcək”.

Q.Hüseynli İranla yaxınlaşma prosesində iqtisadi əlaqələrin daha da genişləndiriləcəyini deyib: "Söhbət İrandan Azərbaycana qaz nəqlindən gedir. Sovet dönəmində tikilmiş qaz kəməri bu gün hələ saz vəziyyətdədir. Həmin kəmər vasitəsilə İran Avropa bazarlarına çıxmaq istəyir. Çünki Avropa və ABŞ İrana tətbiq olunan sanksiyaları yumşaltdıqca, onun Avropa bazarına qaz çıxarmasına da izn verəcək. Belə bir şəraitdə İranla Azərbaycan arasında əlaqələrin geniş spektri nəzərdə tutulur”. Politoloqun qənaətincə, Xəzərin statusu da mühüm müzakirə mövzusudur: "Zənn edirəm, Xəzərin statusu məsələsindəki fikir ayrılıqlarının aradan qaldırılmasına cəhd olunacaq”.

Q.Hüseynli Prezidentin və nazirin görüşlərində Dağlıq Qarabağ məsələsinin müzakirə ediləcəyini istisna etmir: "Sözsüz ki, Dağlıq Qarabağ, Ermənistan-Azərbaycan məsələləri əsas müzakirə mövzusudur. Çünki bizim məsələyə münasibətdə İranın mövqeyində fərqli yanaşmalar var. İran vasitəçilik səylərində iştirak etmək istəyir. Eyni zamanda Ermənistanla əlaqələrin inkişafına da qayğı göstərir. Azərbaycan tərəfi əlbəttə bunları müzakirə etmək niyyətindədir. Rəsmi Tehran Azərbaycana hərtərəfli dəstək versə, bu, Azərbaycanın Dağlıq Qarabağ problemini həll etmək üçün böyük rol oyanaya bilər”.

İsmayıl