Putin Azərbaycana qarşı savaş qərarı verib

Rusiya Qarabağa 90 tank və zirehli texnika yeridib


Putin Dağlıq Qarabağa qoşun yeridib. Rusiya tankları Laçının bir addımlığındadır. Ötən günlərdə Rusiyanın Gümrüdə dislokasiya olunan 90 ədəd tank və zirehli texnikası Ermənistanın Gorus bölgəsinin Karaşen yaşayış məntəqəsinə gətirilib. Bu barədə musavat.com Ukrayna Qarapapaq Türkləri Milli Şurasına istinadən xəbər verir.

Şuranın sədri Daşqın Gülməmmədovun sözlərinə görə, Rusiyanın hərbi komandanlığı Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ və ətraf rayonlarında yerləşən Ermənistan ekspedisiya korpusunu əlavə tank və zirehli texnika ilə gücləndirməyə başlayıb. Hərbi texnika maskalanmış olsa da, peyk vasitəsilə müşahidə olunub. D.Gülməmmədov iddia edir ki, yaxın 2 gün ərzində hərbi texnika Xankəndi-Ağcabədi və Ağdərə-Tərtər istiqamətindəki mövqelərə yaxın ərazilərdə yerləşdiriləcək: "Çox güman, Dağlıq Qarabağın Rusiyaya anneksiyasının reallaşdırılmasına başlanacağı təqdirdə Tərtər-Yevlax istiqamətində genişmiqyaslı hücum imitasiya ediləcək”.

Xatırladaq ki, 3 gün öncə Rusiya Baş Kəşfiyyat İdarəsinin 3 generalı Xankəndinə ezam olunub. Ermənistan televiziyaları bir həftədir silahlı qüvvələr barədə reportajlar verir.

Şura sədrinin iddiasını dəyərləndirən hərbi ekspert Üzeyir Cəfərov "Şərq”ə bildirib ki, nəzəri baxımdan hər şey mümkündür, amma indiki həssas dönəmdə Rusiya belə ağılsızlığa əl qoymaz: "Hazırda ruslar atdıqları ən böyük yanlış addıma görə, çaşqın duruma düşüblər. Gah Ukraynadakı hakimiyyəti faşist adlandırırlar, gah da onlarla eyni masa ətrafında otururlar. Bütün dünyanın diqqəti Moskvaya yönəlib. Ona görə də Rusiya siyasətçiləri, Jirinovski tipli adamlar müxtəlif bəyanatlar verirlər”.

Rusiya tanklarının Azərbaycana yeridilməsinin mümkünsüz olduğunu söyləyən Ü.Cəfərov deyib ki, indi 90-cı il deyil: "Həmin illərdə şimal qonşumuz erməniləri qabağa verdi, özləri də onların arasında gizlənərək ərazilərimizi işğal etdi. Azərbaycan Ukrayna deyil ki, Rusiya əhalisinin hüquqlarının pozulmasını bəhanə edərək güc tətbiq etsin. Hazırda Rusiyanın özünün vəziyyəti çox ağırdır. Belə dezinformasiyalarla çaşqınlıq yaratmaq olmaz”.

Ekspertin qənaətincə, BMT və AŞ PA-dakı mövqeyinə görə, Moskva rəsmi Bakıdan narazıdır: "Bununla belə Rusiya rəhbərliyi ərazilərimizə hücum etməyə cürət etməz. Görüntü yaratmaq üçün texnikanı soldan-sağa, sağdan-sola gəzdirə bilərlər. Tankların işğal olunmuş ərazilərimizə gətirilməsi bizə əlavə imkanlar verir ki, Rusiyanın ATƏT-in Minsk Qrupundakı həmsədrliyinə son qoyulması və cəzalandırılması məsələlərini gündəmə gətirək. Düşünmürəm ki, Putin özünə əlavə problemlər yaratsın. Qərbin ölkəmizdə çox böyük enerji layihələri var. İndiki halda Rusiya Azərbaycana qoşun yeritməklə deyil, Ukrayna ilə sərhəddə yığdığı qoşunları geri çəkməklə məşğul olmalıdır. Azərbaycana qoşun yeritməsi Rusiyanın sonu deməkdir”.

Üç rusiyalı generalın Xankəndinə ezam olunmasına gəlincə, həmsöhbətimiz qeyd edib ki, onlar sözügedən regiona deyil, 102-ci bazaya göndəriliblər: "Xankəndində o genaralların nə işi ola bilər? Orada Rusiya əsgərləri də yoxdur. Ora qoşunsuz gəlməklə neyləyəcəklər?”

Genaralların hansı məqsədlə ezam olunduğundan xəbərdar olduğunu deyən ekspert vurğulayıb ki, onlar təlimlərlə əlaqəli gəliblər: "Təlimlər də prinsip etibarı ilə keçirilir. Amma 3 generalla gəlib bizə nəsə edəcəklərini düşünmək düzgün deyil. O təhlükəni görmürəm. Cəmiyyətdə ajiotaj yaratmaq olmaz”.

Politoloq Fikrət Sadıqov söyləyib ki, D.Gülməmmədovun dediklərini kifayət qədər dolğun məlumat hesab etmək olmaz: "Eyni zamanda, bilməliyik ki, hazırda işğal olunmuş Azərbaycan torpaqlarında rus qoşunları var. Ermənistan Silahlı Qüvvələri ilə birlikdə orada təlimlər aparmaqla yanaşı, müxtəlif hərbi bazalar yaradıb. Yeni qüvvələrin Dağlıq Qarabağa gəlməsi müşahidə olunursa, hərbçilərimiz bunu izləyib nəticə çıxarmalıdır”. (ans)

Siyasi təhlilçi hesab edir ki, Dağlıq Qarabağ Krımın taleyini yaşamayacaq. Onun sözlərinə görə, Azərbaycan bununla rahatlaşmamalı, Ukraynada baş verən hadisələr fonunda diplomatik addımlarını artıq dərəcədə ehtiyatlı atmalıdır: "Rusiya Krıma müəyyən şüar altında, ruslar və rusdilliləri qorumaq məqsədini əsas gətirərək müdaxilə etdi. Dağlıq Qarabağ münaqişəsinin isə taleyi bir az başqa cürdür. Orada ruslar yaşamır. Yaşayanları nə ruslar, nə də rusdillilər adlandırmaq olar. Bundan başqa, Bakı-Moskva arasındakı münasibətlər Kiyev-Moskva münasibətlərinə bənzəmir. Moskva-Kiyev münasibətlərində gərginlik yaşanırdı. Diplomatik münasibətlər qırılmışdı. Gərginlik pik nöqtəsinə çatmışdı. Bizdə isə müəyyən mənada fərqlidir. Amma biz bu təhlükəni heç vaxt yaddan çıxarmamalı, özümüzü sakitləşdirməməliyik. Təbii ki, hərbi hazırlığımız diplomatik addımlarımızla paralel həyata keçirilməlidir”.

Ayyət Əhməd