Amerikalı həmsədr ermənilərdən rəsmi maaş almaq istəyir

Uorlikin özü də ATƏT-in Minsk Qrupunun fəaliyyətindən ümidsizdir, ona görə də əlavə işlərlə məşğuldur



Yerli politoloq və dövlət rəsmilərinin ermənipərəst kimi dəyərləndirdiyi ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik ənənəsinə sadiq qalaraq, növbəti dəfə erməni dəyirmanına su töküb. Amerika Erməni Milli Komitəsinin sədri Ken Xaçikyanla görüşən həmsədr bu barədə şəxsi "Twitter” səhifəsində məlumat yayıb.

Görüşlə bağlı məlumat verməyən Uorlik Amerika-Erməni Milli Komitəsinin sədrini ABŞ-ın erməni icmasının "aydın səsi” adlandırıb. Amerikalı həmsədrin daşıdığı missiyaya zidd olan bu addımını şərh edən Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri Mübariz Əhmədoğlunun sözlərinə görə, ATƏT-in Minsk Qrupu normal fəaliyyət göstərərək Dağlıq Qarabağ münaqişəsini tənzimləmək imkanına malik olsaydı, onun ayrı-ayrı üzvləri sərbəst fəaliyyətlə məşğul olmazdılar. C.Uorlikin heç bir bəyanatında Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair obyektiv yanaşma olmadığını vurğulayan M.Əhmədoğlu qeyd edib ki, Dövlət Departamenti bir neçə dəfə C.Uorlikin səhvlərini düzəltsə də, Uorlik bu səhvlərini sonralar da davam etdirib və maraqlıdır ki, onun bütün səhvləri ermənilərin xeyrinədir: "Amerikalı həmsədrin "Twitter”dəki mikrobloqu erməni və azərbaycanlı ekspertlərin bəzən qızğın mübahisə məkanına çevrilir. Lakin Uorlik bu qızğın polemikalardan həqiqəti öyrənmək istəmir. Ceyms Uorlikin düşüncəsində ABŞ diplomatiyasına qarşı inkarçılıq, bəlkə də nifrət özünü aydın göstərir. ABŞ-ın işğal terminini işlətməməsinin səbəbi aydındır. İşğal terminini rəsmən işlədən kimi məsələ BMT TŞ-yə qalxmalı və Ermənistana qarşı sanksiyalar tətbiq edilməlidir”.

Konkret olaraq ATƏT-in Minsk Qrupunun ABŞ-lı həmsədri Ceyms Uorlikin "məlum” fəaliyyətinə toxunan politoloqun qənaətincə, Ceyms Uorlik Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin

əsas mahiyyətindən başqa hər şeylə məşğuldur. Ona görə də ABŞ-da ermənilərlə görüşür. Amerika Ermənilərin Milli Komitəsi (AEMK) pul kisəsidir. İndiyə qədər nə iş görüblərsə, pulla həll ediblər. M.Əhmədolğu qeyd edib ki, AEMK ABŞ-da ermənilər adından pul vermək hüququna malikdir və onların verdikləri pul rüşvət hesab olunmur: "Məlumdur ki, AEMK ABŞ Konqresinin hesabına pul köçürür və konqresmenlər onların verdikləri pulla erməni soyqırımı ilə bağlı məsələləri müdafiə edirlər. Eyni ilə ABŞ-ın Dağlıq Qarabağa yardımlar ayırması da lobbiçilik fəaliyyətinin nəticəsidir. Ceyms Uorlik də istəyir ki, onlarla əlaqə qursun və rəsmi şəkildə AEMK-da maaş alsın”. Politoloq vurğulayıb ki, C.Uorlikin özü də ATƏT-in Minsk Qrupunun fəaliyyətindən ümidsizdir, ona görə də əlavə işlərlə məşğuldur. M.Əhmədoğlu hesab edir ki, C.Uorlikin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı verdiyi bəyanatlar Azərbaycana qarşı açıq-aşkar hədədir: "Biz onun mövqeyinə qarşı dözümsüzlük nümayiş etdirməliyik. Ola bilər, rəsmilərimizin Ceyms Uorliklə görüşdən imtina etmələri barədə düşünməsi hədsiz faydalıdır. Mümkünsə, Ceyms Uorlik "persona non qrata” elan edilməlidir. ABŞ Ceyms Uorliki digər diplomatları ilə əvəzləməli, Uorlik Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımalı, Ermənistanın işğalçı dövlət olması barədə bəyanat verməlidir. Yalnız bunlardan sonra amerikalı həmsədr Azərbaycan rəsmiləri ilə təmasda ola bilər”.

Şəymən