Krım hadisəsi bəzi mətləbləri aydınlaşdırdı

Parlamentdə rusiyapərəstlər var


Milli Məclisin deputatı Mixael Zabelindən sonra daha bir deputatın - Azərbaycan-Ukrayna parlamentlərarası işçi qrupunun rəhbəri Eldar İbrahimovun Rusiyanın Krımı işğal etməsinə haqq qazandırması parlamentdə rusiyapərəstlərin olması məsələsini aktuallaşdırıb.

Vahid Azərbaycan Milli Birlik Partiyasının sədri, sabiq deputat, Azərbaycanın Dövlət Müstəqilliyi haqqında 1991-ci il 18 oktyabrda qəbul edilmiş Konstitusiya Aktını hazırlayan deputat komissiyasının sədri olmuş Hacıbaba Əzimov isə həmin insanların vaxtilə müstəqilliyimizə qarşı çıxmış şəxslər olduğunu deyib. Sabiq millət vəkilinin sözlərinə görə, vaxtı ilə Azərbaycanın müstəqilliyi əleyhinə keçirilən referenduma səs verən adamların bir çoxu bu gün də deputatdırlar və məqam düşən kimi Rusiyanın yanında olduqlarını ortaya qoyurlar. H.Əzimov hesab edir ki, Azərbaycanın inkişafına mane olan, müstəqilliyimiz uğrunda mübarizə aparmış insanlara, istiqlalçı deputatlara kəskin münasibət bəsləyənlər də məhz 1991-ci il martın 7-də Azərbaycanın SSRİ-nin tərkibində qalması üçün referendum keçirilməsi lehinə səs verən və bu gün deputat mandatı daşıyan, məmur kürsüsündə əyləşənlərdir. Keçmiş millət vəkilinin sözlərinə görə, nə qədər ki, gec deyil, onlar barədə lazımi tədbirlər görülməlidir.

1991-ci il martın 7-də Azərbaycanın SSRİ-nin tərkibində qalması üçün referendum keçirilməsinin əleyhinə səs verən istiqlalçı deputatlardan biri olan,

Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı isə hesab edir ki, parlamentdə müstəqilliyimizin əleyhinə səs verən deputatlardan kimlərin təmsil olunub-olunmadığını öyrənmək üçün siyahıya baxmaq kifayətdir: "Əslində bu məsələ iki mərhələdə həll olunub. Birinci mərhələyə 1991-ci ilin mart ayında keçirilən referendum daxildir. Orada keçmiş Ali Sovetin yalnız 43 deputatı Azərbaycanın SSRİ tərkibindən çıxaraq müstəqil olmasına səs verib, referendum keçirilməsinin əleyhinə olublar. Anti-istiqlalçı deputat kimi tanınan həmin adamlar yaxşı bilirdi ki, hökumət referendumun nəticələrini saxtalaşdıracaq və Azərbaycanın SSRİ tərkibində qalmaq istəyinə dair bəyanatlar yayacaqlar. Azərbaycanın müstəqilliyinə səs verənlər isə bu tələyə düşmədilər. Hesab edirəm ki, onların bu addımı qəhrəmanlıqdır. Onlar SSRİ qılıncının arxası da, qabağı da kəsən vaxtlarda nəticələri belə bilmədən referenduma qarşı çıxdılar. 18 oktyabr müstəqillik aktının qəbulu zamanı isə situasiya başqa idi. SSRİ əvvəlki kimi güclü deyildi.

Artıq Moskvada dövlət çevrilişinə cəhd olunmuşdu. Hətta avqust ayının 30-da biz artıq müstəqillik aktı ilə bağlı bəyannamə belə qəbul etmişdik. Sentyabr ayında Moskvada SSRİ Ali Sovetinin sonuncu sessiyası keçirilmişdi və faktiki olaraq, sovet imperiyasının hüququ cəhətdən öz fəaliyyətinə xitam verilməsi barəsində qərar qəbul edilmişdi. Azərbaycanın artıq SSRİ-nin tərkibində qalma ehtimalı qalmadığı üçün deputatların böyük əksəriyyəti müstəqillik Aktına qol çəkmişdi. Hesab edirəm ki, ikinci səsvermə o qədər də əhəmiyyətli sayılmamalıdır. Ən azından hər şey göz qabağında idi və artıq Moskvanın Azərbaycana təsir imkanları məhdud idi. Həmin dövrün qəhrəmanları SSRİ kimi bir imperiyaya meydan oxuyaraq referendumun əleyhinə səs verən deputatlar idi. Yerdə qalanları isə birmənalı olaraq, müstəqilliyimizin əleyhinə olan insanlar idi. Onların kim olduğunu bilmək üçün isə yuxarıda da qeyd etdiyim kimi, siyahını açıb, baxmaq kifayətdir”.

Son günlər Rusiyapərəst qüvvələrin fəallaşdığını və milli maraqlara zidd açıqlamalar verməsi ilə bağlı iddialara gəldikdə isə VHP sədri Azərbaycanda ruspərəst qüvvələrin 20 ildən artıqdır ki, fəaliyyətdə olduqlarını vurğulayıb: "Azərbaycan cəmiyyətində də, parlamentində də ruspərəst qüvvələr tarix boyunca olub, var və çox güman ki, bundan sonra da olacaqlar. 23 illik müstəqillik tariximizin olmasına baxmayaraq biz günü bu gün də yeni doğulan körpələrimizə belə milli soyadımızı verə bilmirik. Küçələrimizdə əksəriyyət hələ də rus dilində danışır, nəsə soruşur. Bir sözlə, keçmiş SSRİ dövründə olduğu kimi bir sıra insanların Rusiya sevgisi davam edir. Hətta içərimizdə rusmeyilli insanları həvəsləndirən qüvvələr kifayət qədərdir. İstəsək də, onların varlığını gizlədə bilmərik. Onu da deyim ki, istənilən halda ruspərəst qüvvələrin fəallaşması bizim üçün o qədər əhəmiyyətli məsələ deyil. Bu gün Rusiya ilə Azərbaycan arasında münasibətlər dostluq əlaqələrinə söykənib. Rusiya kimi dövlətin də indiki təqdirdə bütün qonşuları ilə münasibətlərini korlayacağını zənn etmirəm. Odur ki, Rusiyameyilli deputatların, SSRİ-ni yenidən Azərbaycana qaytarmaq istəyənlərin, gizli və ya açıq şəkildə bu ideyalara xidmət edənlərin niyyəti gözündə qalacaq, inşallah”.

Şəymən