Rusiya Azərbaycanı təhlükəyə sürükləyir

Azad İsazadə: “Ermənistan və Azərbaycanın hava müdafiə sistemlərinə Moskvadan nəzarət olunacaq”



"Rusiya və Azərbaycan hava hücumundan vahid müdafiə sistemi yaradır.” Bu barədə Rusiyanın Müdafiə Nazirliyinin rəsmi saytı məlumat yayıb. Məlumatda yazılıb ki, sözügedən sistemlə bağlı qərar MDB ölkələri Baş Qərargah rəislərinin Bakıda keçirilən iclasında verilib. İclas iştirakçıları MDB ölkələri hava hücumuna qarşı vahid müdafiə sistemi yaratmaq haqqında razılaşıblar. Məqsəd isə postsovet məkanını ümumi təhlükələrdən xəbərdar etməkdir.

Xatırladaq ki, aprel ayının 8-də Bakıda MDB ölkələri Baş Qərargah rəislərinin iclası keçirilib. İclasda Azərbaycan Respublikası, Rusiya Federasiyası, Belarus Respublikası, Qazaxıstan Respublikası və Qırğızıstan Respublikası Silahlı Qüvvələrinin nümayəndə heyətləri iştirak edib. İclasın gündəliyinə uyğun olaraq nümayəndə heyətləri hərbi sahədə əməkdaşlıq üzrə bir sıra məsələləri müzakirə ediblər.

Hərbi ekspert Azad İsazadə "Şərq”ə açıqlamasında bunun Azərbaycan üçün çox təhlükəli olduğunu qeyd edib: "Rusiya Kollektiv Müdafiə haqqında müqavilənin tərkibində hava hücumundan vahid müdafiə sistemi yaradıb. Həmin sistemə Ermənistan da qoşulub. Sistem mərkəzləşmiş formada Moskvadan idarə olunur. Azərbaycan ora qatılsa, Ermənistan və Azərbaycanın hava müdafiə sistemlərinə Moskvadan nəzarət olunacaq. Hesab edirəm ki, bu da ölkəmiz üçün müsbət heç nə vəd etməyəcək. Kəşfiyyat xarakterli məlumatlar sızdırılacaq”.

Ekspert bildirib ki, Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının genişlənməsi Rusiyanı əndişələndirir: "Moskva narahatdır ki, Cənubi Qafqazda hava hücumundan müdafiə sisteminə nəzarəti itirəcək. Onlar Qəbələ RLS-in hesabına Azərbaycanda hansısa məsələlərə nəzarət edə bilirdi. RLS-dən çıxarıldıqdan sonra nəzarəti itirib. İndi özünə yeni nəzarət forması axtarır”.

A.İsazadənin fikrincə, Ukrayna hadisələrinə görə, Moskva yaxın qonşularına-Moldova, Azərbaycan, Gürcüstan və Mərkəzi Asiya ölkələrinə təzyiq göstərmək üçün yeni vasitələr axtarır: "Ölkəmizə təzyiq rıçaqlarından biri Dağlıq Qarabağ münaqişəsidir. Son zamanlar Rusiyanın Xəzər dənizində keçirdiyi təlimlər də bir basqı kimi dəyərləndirilə bilər. Rusiya qonşu ölkələri nəzarəti altına götürməyə çalışır”.

Ayyət Əhməd