Suriyadan yenə də soydaşlarımızın ölüm xəbəri gəldi

“Maddi gəlir əldə etmək məqsədilə gedib hansısa ölkədə vuruşmaq qəhrəmanlıq deyil”


Daha iki azərbaycanlı "mücahid” Suriya uğrunda "cihad”ın qurbanı oldu. Belə ki, Azad Suriya Ordusunun tərkibində döyüşən iki azərbaycanlının öldürülməsi barədə məlumat yayılıb. Onların hər ikisi Qax rayon sakinidir.

Öldürülən döyüşçülərdən biri "Cundullah Azəri” ləqəbi ilə tanınırmış. Onun əsl adının İbrahim olduğu bildirilir. Mücahidin fotosu da yayılıb. "Cundullah Azəri” qaydasız döyüş üzrə idman ustası olub. Qeyd edək ki, Suriyada öldürülən şəxslər, Qax rayon sakinləri - 1981-ci il təvəllüdlü Kərimov İbrahim Aslan oğlu və 1987-ci il təvəllüdlü Samir Sadəddin oğlu Məmmədovdur. İdmançı kimi tanınan İ.Kərimov bir il əvvəl həyat yoldaşı və üç uşağı ilə birgə Suriyaya gedib. Suriyada döyüşlərə qatılan İ.Kərimov öləndən sonra onun ailəsi ilə də əlaqə kəsilib. İ.Kərimovun ailə üzvlərinin sağ olub-olmadığı məlum deyil. Gənclərimizin Suriyaya getməsini pislədiyini və tənqid etdiyini vurğulayan İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov bildirib ki, Qarabağ Ermənistanın işğalı altındadır. Əgər Azad Suriya Ordusunun tərkibində qanunsuz olaraq döyüşən azərbaycanlılar belə namuslu və şücaətli gənclərdirsə, düşmən tapdağı altındakı torpaqlarımızın azadlığı uğrunda döyüşsünlər: "Maddi gəlir əldə etmək məqsədilə gedib

hansısa ölkədə vuruşmaq qəhrəmanlıq deyil. Onlar heç nəyə və kimə görə vuruşduqlarını da bilmirlər. Həqiqətən də bu məsələ artıq ölkəmiz üçün çox ciddi bir problemə çevrilib. Hesab edirəm ki, bu problem mütləq aradan qaldırılmalıdır. Bunun üçün də başlıca iş ailələrin üzərinə düşür. Valideynlər övladlarını elə tərbiyə etməlidirlər ki, gələcəkdə heç kimin və heç bir qruplaşmanın təsiri altına düşüb, terrorçu olmasın. Digər tərəfdən orta təhsil müəssisələrinin üzərinə böyük məsuliyyət düşür. Onlar insanları maarifləndirməlidirlər. Uşaqlar savadlı böyüməlidirlər ki, başqalarının bəsit və arzuolunmaz təbliğatına uymasın. Vətəndaş cəmiyyətləri də müəyyən işlər görməlidir. KİV və Vətəndaş Cəmiyyəti institutları da təbliğat aparmalıdırlar ki, insanlar yanlış istiqamətə getməsinlər. Əlbəttə, valideynlərin tərbiyəsi çox rol oynayır. Bu günlərdə valideynlərdən biri deyir ki, övladımın Suriyaya getməsindən xəbərim yoxdur. Adama sual verərlər ki, sən necə valideynsən ki, övladından xəbərin yoxdur. Necə oldu ki, övladın xarici pasportu əldə etdi. Bunların hamısı araşdırılmalıdır!”. İbrahim Kərimovun Suriyada qalan ailəsinin taleyinə gəldikdə isə hüquq müdafiəçisi deyib ki, dövlət onların taleyi ilə maraqlanmalı və Azərbaycana qayıtmaları üçün lazım olan tədbirləri görməlidir: "Dövlət onları asanlıqla ölkəyə qaytara bilər. Əgər onlar Azərbaycan vətəndaşlarıdırsa, burada heç bir problem yoxdur. Yoxsa ki, Qax sakini olan həmin adam Suriyaya gedəndən sonra orada ailə qurub, uşağı olubsa, onların Azərbaycana gətirilməsi mümkün olmayacaq”.

Şəymən