İstilər gəldi, sərinləşdirici içkilər meydan sulayacaq

Hətta ətrafdan yığılan plastik qablara su doldurulub satılır


Yay mövsümünün gəlməsi ilə əlaqədar olaraq sərinləşdirici sulardan istifadə artacaq. Şübhəsiz ki, yenə gigiyenik qaydalara uyğun olmayan, sertifikatı olmayan müxtəlif sərinləşdirici içkilər satışa çıxarılacaq. Bu da insan sağlamlığına təhlükə yaradır.

"Azad İstehlakçılar Birliyi”nin sədri Eyyub Hüseynov "Şərq”ə belə problemlərin hər il yaşandığını söyləyib: "Burada problemlər müxtəlifdir. Məşhur brendlərin qablarında suyun qablaşdırılması, ətraf mühitə atılmış plastik qablara yuyulmadan, təmizlənmədən yenidən suların doldurulması məsələləridir. Xüsusən regionlarda çeşidli - almalı, armudlu, albalılı və s. meyvə dadlı limonadlar istehsal olunur. Bunlar "İpək yolu” üzərində yerləşən restoranlarda realizə olunur. Yəni saxta, heç bir standarta uyğun olmayan süni rəngverici və dadvericilərdən istifadə olunmaqla buraxılır. Əksər hallarda antisanitar bir vəziyyətdə özəl yerlərdə hazırlanıb, satışa çıxarılır. Həmçinin isti havalarda plastik qablarda su saxlanıb, satılır. Üstəlik, heç yolverilməz olan açıq su satışı qadağan olunmasına baxmayaraq hələ də satışa çıxarılır. Bunlar isə nəticədə istehlakçıların sağlamlıqlarında mənfi izlər qoyur”.

E.Hüseynov həmçinin istehlakçıları sərinləşdirici içkilər alan zaman suyun yararlıq müddətinin, üzərində istehsal edən müəssisənin adının, ünvanının, telefonunun olub-olmamasına diqqət etməyə çağırdı: "Bununla yanaşı, səhiyyə-gigiyena orqanlarının ölkədə böyük şəbəkəsi var, onlar gərək nəzarət edib, qarşısını alsın”.

Vüqar Şahinoğlu