Böyük və qorxunc yanğın...

Azərbaycanı Ukraynaya çevirmək üçün 32 milyon dollar...



Böyük siyasi yanğının ağuşuna atılmış bugünkü məzlum, amma müqəddəs Ukrayna mənə bilirsinizmi nəyi xatırladır? Amerikalılar Ukraynanı amerikalı rahibin oğlu, burjua cəmiyyəti tərəfindən eyş-işrət, içki, fahişələr və narkomaniyanın qucağına atılaraq həyatı məhv edilmiş Klayd Qrifitsin "Amerika faciəsi”nin əsas qəhrəmanına çevirdilər. Ukrayna məşum Amerika faciəsinin yeni simasıdır...

Geosiyasi narıncı inqilabların ilk müjdəçisi olan ölkədə demokratiyanın intibahı naminə tərədilmiş bu böyük və qorxunc yanğın kimin işinə yaradı? Qərbə və ABŞ-a? Ukrayna 10 il əvvəl neosovet tarixi irsdən uğurla uzaqlaşaraq inkişafın Qərb modelinə keçdiyini bəyan etdi və Avropa İttifaqının (Aİ) və NATO-nun qapılarını döydü. Bəs bu qurumlar qapılarını niyə Ukraynanın üzünə açmadı,

onu öz sıralarına qəbul etmədi, ona niyə kömək etmədi? Demokratiyanın qalib gəldiyi bu ölkədə bunların ardınca nə baş verdi? Fasiləsiz siyasi xaos, daha dəqiq desək, xroniki sosial qızdırma baş verdi. Bu da iqtisadiyyatın iflic olmasına, dövlət təsisatlarının dağılıb getməsinə, hökumət böhranına, parlamentdəki yumruq davalarına, prezident Yuşşenkonun öz ölkəsinə özgələşməsinə gətirib çıxardı... İnqilabi eyforiya öz yerini faciəvi məyusluğa, avrointeqrasiya cəhdləri isə Aİ və NATO-nun qapısı arxasında dayanmaq kimi təhqiramiz reallığın dərk olunmasına verdi.

Bunlar isə xalqı və narıncı inqilabın lideri Yuşşenkonu elə bir mənəvi təlatüm səviyyəsinə gətirməli idi ki, onlar Putinin adamı Viktor Yanukoviçi hakimiyyətə çağırmalı olsunlar. Bəli, 2004-cü ildə bütün Ukraynanın etiraz və üsyan etdiyi həmin Yanukoviçin özünü...

Yuşşenko 2006-cı ildə Yanukoviçi niyə hökumətə dəvət etdi? Doğrudanmı məhz o - Yanukoviç 2010-cu ildə hakimiyyəti qəsb etdi? Əlbəttə ki, yox. Narıncı Maydan liderlərindən üz döndərmiş ukraynalılar seçkidə öz rəylərini azad şəkildə ifadə etdilər. Buna heç bir şübhə yoxdur. Yanikoviç təmiz qələbə qazanmışdı, çünki onu xalq çağırmışdı.

Vladimir Putinin adamının

hakimiyyətə qayıtmasında

kim günahkar idi?! Qərb!!!

Sual olunur: bəs onda Qərb Ukraynanı niyə acımadan tarixin alovları içinə atdı, burada on milyonlarla insanın taleyi üzərində niyə ağılsız tarixi eksperimentlər apardı? Ukraynada poliqon yox, Avropa modelli DÖVLƏT yaratmaq bəyəm elə çətin idimi? Axı ortada keçmiş Yuqoslaviya ölkələri təcrübəsi vardı. Bu ölkələr çox uğurla sivil və sabit dövlətlərə çevriliblər. Bunu bəs Ukraynada niyə etmədilər? İnqilabla nəticələnən siyasi ehtirasların qızışmasının qarşısını niyə almadılar? Niyə yanğın törədib qanuni prezident Yanukoviçi növbəti seçkilərə 9 ay qalmış devirdilər?

Bunları bir kənara buraxıb yeni tarixi eksperimentə başladılar. Saakaşvili bu eksperiment barədə xəbərdarlıq edərək onu "eklektik geosiyasi inqilab” adlandırmışdı...

Biz hələ də sonu görünməyən Ukrayna faciəsini niyə belə diqqətlə, hər təfərrüatını nəzərə almaqla izləyirik?! Təkcə ona görə yox ki, Ukraynanın yeni tarixinin ardınca bütün postsovet məkanında tektonik titrəyişlər dövrü gələcək. Bu olayları həm də ona görə belə diqqətlə izləyirik ki, Qərb özünün bu siyasi laboratoriyasını son illər ərzində məqsədyönlü şəkildə və səylə Azərbaycanda da açmağa çalışıb. Qərb Ukraynadakı narıncı kataklizmlər tipindəki permanent qeyri-sabitlik, Gürcüstandakı rəngli çaxnaşmalar, Moldovadakı tvitter fırtınası, yaxud daha pisi odur ki, qırğız səhrası burulğanı sistemini Azərbaycanda da bərqərar etməyə cəhdlər göstərib.

"İdarəedilən xaosun Ukrayna modeli”nə baxaq. Onda QHT-lərin bu ölkədə qeyri-sabitliyin yaranmasında hansı rolu oynadıqlarını aydın görəcəyik.

Ukrayna modeli

Yanukoviçlə Putin aprelin 21-də Rusiyanın Krımdakı Qara dəniz donanmasının icarə müddətinin əlavə 5 il də olmaq (yəni 2047-ci ilədək) şərtilə daha 25 illiyə uzadılmasına dair qalmaqallı Xarkov sazişini imzalayan kimi Azərbaycanda da yaxşı tanınan britaniyalı hüquq müdafiəçisi, "Amnesty İnternational” beynəlxalq hüquq müdafiə təşkilatının proqram direktoru Maks Taker Kiyevə köçdü. O, burada aparıcı Qərb təşkilatının regional nümayəndəliyinə rəhbərlik edirdi.

M.Taker çıxıb gedəndən sonra Ukrayna mətbuatında onun fəaliyyəti ilə bağlı cəmi 10 xırda və əhəmiyyətsiz dumanlı informasiyaya rast gəlmək olar. Bu isə onu deməyə əsas verir ki, Maks Kiyevdə nəsə daha ciddi işlərlə məşğul imiş. Bu nəsnə isə məhbusların hüquqlarının müdafiəsindən də vacib və əhəmiyyətli imiş.

Mənim gəldiyim bu əqli və məntiqi nəticəni amerikalı ekspert Pol Kreyq Robertsin sensasion etirafı da təsdiqləyir. P.K.Roberts öz məqaləsində ("Washington Orchestrated Protests Are Destabilizing”) əminliklə yazır: "Qərbi Ukraynadakı etiraz aksiyalarını ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ), Dövlət Departamenti, həmçinin Vaşinqton və Aİ-nin maliyyələşdirdiyi QHT-lər təşkil etmişdi. Həmin QHT-lər MKİ və Dövlət Departamenti ilə əlbir işləyirlər” (Ukraine - http://www.paulcraigroberts.org/2014/02/12/washington-orchestrated-protests-destabilizing-ukraine/).

Tutaq ki, Taker Kiyevdə bu illər ərzində doğrudan da məhbusların dərd-səri ilə məşğul olub, Pol Kreyq isə Rusiya tərəfindən ələ alınıb. Bəs onda amerikalı "qırğı” xanım Nulandın etirafına nə sözünüz?! Viktoriya Nuland hələ Kiyevdə mitinqçilərə ABŞ kökələri paylanmazdan əvvəl, dinc Avromaydan etirazlarının ən qızğın çağında - 2013-cü il, dekabrın 13-də Vaşinqtondakı Milli Mətbuat Klubunda açıq mətnlə demişdi ki, "ABŞ Ukraynada təşviqat işlərinin aparılmasına on milyonlarla dollar xərcləyib”.

Bu məbləğ bəlkə də inandırıcı görünmür. Amma fakt faktlığında qalır. Ukraynada beynəlxalq statusu olan 400-dək fond, humanitar sferada çalışan 350-dən çox beynəlxalq təşkilat, xarici QHT-lərin 180 yerli bölməsi fəaliyyət göstərir. Yəni Yuşşenko ilə Yanukoviçin milli təhlükəsizliyi təmin etmək sahəsində nəsə bir iş görməyə macal tapmamasından istifadə edən Qərb bu ölkədə demokratiya uğrunda mübarizə üçün əla platsdarm yarada bilmişdi. Bu cəbhənin öncülləri arasında ABŞ və Qərbin kəşfiyyat orqanlarının yardımçı qurumları - Azərbaycan ictimaiyyətinə də yaxşı tanış olan, daxili siyasi vəziyyəti gərginləşdirmək məqsədi güddükləri üçün Azərbaycandan qovulan aşağıdakı təsisatlar vardı: Milli Demokratiya İnstitutu (MDİ/NDİ), Beynəlxalq Respublikaçılar İnstitutu (İRİ), habelə ABŞ səfirliyi, Soros Fondu (Açıq Cəmiyyət İnstitutu), "Revenew Watch” kimi qurumların fəaliyyətini koordinasiya edən USAİD...

Azərbaycanda olduğu kimi Ukraynada da MDİ-nin "siyasi fəalların seçkiqabağı kampaniyaya hazırlanması məqsədilə onlara yardım göstərilməsi” üçün reallaşan xüsusi proqramlarının sayı sürətlə artırdı. MDİ bu kampaniyaları nədənsə yalnız "Batkıvşina”, "Bizim Ukrayna”, "Azadlıq”, UDAR, "Dəyişikliklər cəbhəsi”, NRU və s. bu kimi müxalifətçi qurumlar üçün aparırdı.

Burada da maliyyələşdirmənin əsas mexanizmi vətəndaş cəmiyyəti - QHT-lər idi. Vaşinqton qeyri-hökumət sektorunun güclənməsində məhz elə buna görə həmişə maraqlıdır. Bu strukturlar hakimiyyət üzərində nəzarət funksiyasını yerinə yetirmək aləti sayılır. QHT-lərin ölkənin siyası həyatındakı rolunun gücləndirilməsi idarəolunan tənqidçi kütlənin yaradılmasını şərtləndirir...

2013-cü il prezident seçkilərindən 9-10 ay əvvəl Azərbaycanda da buna bənzər hadisələr olmuşdu. O vaxt Bakının mərkəzində qəfildən, elə hakimiyyət üçün də gözlənilməz şəkildə passionar və yaxşı idarə olunan, sıralarında gəncləri və ziyalıları birləşdirən radikal ovqatlı bir kütlə formalaşdı. Bu kütlə barrikadalar qurub hakimiyyətlə açıq qarşıdurmaya getməyə hazır idi. Azərbaycan hakimiyyəti bu kütlənin yaranıb formalaşması prosesini nəzərdən qaçırmışdı. Bu proses heç kimin diqqətini çəkməyən QHT-lərin iştirakı ilə və sanki tamamilə nəzərə çaprmayan şəkildə baş vermişdi. Eynən Ukraynada olduğu kimi...

Faciəvi Ukrayna dramından sonra məni bu vacib sualın əsas cavabı düşündürür: Qərb 2013-cü il "Bakı baharı”nın ssenarisini yenə təkrarlaya biləcəkmi? Ukraynalı texnoloqlar Azərbaycan reallıqlarına uyğunlaşmağa nə dəcədə nail oldular?

Birmənalı olmayan bu suallara birmənalı cavab vermək üçün gəl Azərbaycanın QHT sektoruna maliyyə axınını və Azərbaycan sxemini nəzərdən keçirək.

Azərbaycan sxemi

Azərbaycan QHT sektorunun aldığı qrantların və maliyyə dəstəyinin miqyasını araşdıranda bu sualı verməmək olmur: Azərbaycanda indiyə qədər niyə inqilablar baş verməyib?

Cavab sadədir: Azərbaycan hakimiyyətinə təkcə effektiv güc və polis aparatı yox, həm də bizim QHT sektorunun korrupsiyalaşması amili kömək edib. Ayrılan vəsaitin həcmi, sonra isə o pulların bizim qrantyeyənlər dəstəsi tərəfindən öz qərbli kuratorları ilə əlbir şəkildə oğurlanmasının və mənimsənilməsinin miqyası adamı sadəcə heyrətə gətirir. Bizim "kapitan Qrantın uşaqları” qrant kimi verilmiş maliyyə vəsaitinin oğurlanmasında yalnız öz belaruslu həmkarları ilə yarışa girə bilərlər. Lukaşenkonun devrilməsi üçün ayrılan pulların həcmi Yanukoviç və ya Qəzzafi ilə mübarizə məqsədilə ayrılan pulların məbləğindən on dəfələrlə çoxdur. Belarus QHT-lərinə çatası pullar MKİ-dən gəlir və Litva (ümumən Baltikyanı ölkələr) xüsusi xidmət orqanlarının əli ilə ünvanına çatdırılır. Belaruslu qeyri-formallar öz litvalı kuratorları ilə birlikdə milyonları silib yeyiblər. Yaddaşı yaxşı olan oxucular 2009-2010-cu illərdə olan əhvalatı - Belarus müxalifətinə və QHT-lərinə ayrılmış pulların doğrudan da detektiv romanları xatırladan tarixçəsini yadlarına salmalıdır. Amma azərbaycanlı qrantyeyənlər və onların qərbli kuratorları hətta iki inqilaba bəs edəcək bütün pulları oğurlayıblar!

2002-ci ildən 2014-cü ilədək təkcə üç fond Azərbaycan QHT-lərinə 32 milyon dollardan çox vəsait ayırıb. Təsəvvür edirsinizmi?! Yəni müxalifətə yaxın vətəndaş fəalları 10 il ərzində üç mənbədən ukraynalı müxalifətçilərdən az qala iki dəfə çox, yaxud da rusiyalı vətəndaş fəalları qədər pul alıblar. Qərbin yüzlərlə fondu tərəfindən ayrılan qrantları da bunun üstünə gəlsək, hansı şişman məbləğin yarandığını təsəvvür edirsinizmi?!

Bütün postsovet ölkələri inqilablarının əsas pul mənbəyindən - cənab Corc Sorosdan başlayaq. Yeri gəlmişkən, C.Soros Azərbaycan ictimaiyyətini etiraza qaldırmaq cəhdlərinin əbəs olduğunu anlayınca daha çox pul itirməmək qərarı verdi və özünün Açıq Cəmiyyət İnstitutunun Azərbaycan nümayəndəliyini sadəcə olaraq bağladı. Niyə də olmasın?! C.Soros göstərilən müddət ərzində Azərbaycanda etirazlar baş qaldırsın deyə 20 milyon dollardan çox, lap dəqiqini desək, 25 milyon 505 min dollar pul xərcləmişdi (verilən qrantların bütün hesabatları şəffaf idi və mətbuatda dərc olunub). Bəs nəticə? Nəticə sıfırdır!

Soros Fondundan ən çox qrant alan fəallardan biri Müsavat Partiyası Divanının üzvü Qubad İbadoğlu idi. Q.İbadoğlu qardaşı Vüqar Bayramovla birgə Azərbaycan qrant mafiyasının "xaç ata”larından biri sayılır. İlkin hesablamalara görə, Q.İbadoğlu və ona yaxınlığı ilə seçilən QHT-lər 10 il ərzində (2004-2014) 14 milyon dollar məbləğində qrant alıblar. Bu isə təxminən Yanukoviçi devirməyə göstərilən birinci cəhd üçün ayrılan məbləğ qədər vəsait deməkdir.

C.Sorosun səxavətlə qrant verdiyi şəxslər arasında hökumətin tanınmış tənqidçilərinin də adı yer alır: iqtisadçı-ekspertlər Azər Mehtiyev və cəbhəçi Rövşən Ağayev (108 min 613 manatlıq 12 qrant), sumqayıtlı müxalifətçi Elçin Həsənov (17 min manat), müxalifətçi Əvəz Həsənov (17 min 430 manat), hüquqşünas İntiqam Əliyev (83 min 795 manat), hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı (65 min 382 manat) və s.

Allah onların da, Sorosun da köməyi olsun. Sorosun missiyası onsuz da Amerika xarici siyasətinin məqsəd və arzularını dollarla dəstəkləməkdən ibarətdir. Bəs onda Oxfam kimi təşkilatın ölkənin siyasi həyatına cəlb olunmasını necə izah etmək olar? Hamıya məlumdur ki, Britaniyanın bu təşkilatı Aclıq Çəkənlərə Yardım Komitəsi kimi (ingiliscədə adı belədir: Oxford Committee for Famine Relief) yaradılıb. Bu təşkilat dünyanın 90 ölkəsində yoxsulluq və onunla bağlı yaranan sosial ədalətsizlik probleminin həlli üzərində işləyir. Amma öz fəaliyyətlərini mövcud hökumətləri devirməyə yönəltmiş müxalifətçiləri (lap elə kasıb, yoxsul müxalifətçiləri də!) aclıq çəkənlərin siyahısına daxil etmək dünyanın heç bir ölkəsində Oxfam nümayəndələrinin ağlına belə gəlməyib. Dünyanın heç bir ölkəsində!

Uzağa getməyək. Oxfamın sevimliləri arasında həmin bu Qubad İbadoğlu və ona bağlı QHT-lər öndə gəlir. İndiki hökuməti devirmək istəyini gizlətməyən müxalifətçi Zöhrab İsmayıl da Oxfam favoritlərindəndir. Z.İsmayıl cəbhəçi Rövşən Ağayev və Neyman Səfərəliyevlə birgə Oxfamdan 47 min 760 avro məbləğində 3 qrant, müsavatçı Q.İbadoğlu isə 534 min 254 avro məbləğində 17 qrant alıb. Düz yarım milyon! Baho, bu Oxfam lap Volqaboyu aclarına yardım komitəsi imiş ki...

Bu fırıldaq sxeminə baxın hələ. Oxfamın Azərbaycan nümayəndəliyinin əməkdaşları Rauf Əliyev, Elşad Fərzəliyev və Vaqif İsmayılov "Aran” Regional Humanitar İnkişaf İctimai Birliyi təsis ediblər. Oxfamın nümayəndəliyinin əməkdaşları tərəfindən yaradılmış bu ictimai birlik elə Oxfamın öz nümayəndəliyindən (!) 1 milyon avro, 43911 dollar və 39698 funt-sterlinq məbləğində 32 qrant alıb! Təsəvvür edirsinizmi? Və bütün bu cinayətlər yoxsullara və aclıq çəkən insanlara yardım kimi xeyirxah və nəcib bir şüar altında törədilib! Beləsinə daha nə deyəsən?!

Söz yox, öz yaroşlarımız da kifayət qədərdir. Onlara da MKİ-nin fondu olan NED-in prototipi EED (European Endowment for Democracy), yəni Avropa Demokratiyaya Yardım Fondu kömək edir. Avropa Komissiyası və Aİ üzvü olan bir sıra ölkələr təfəindən təsis olunmuş EED faktiki olaraq Avropa İttifaqının hökumət fondudur. EED də zahirən demokratik dəyərlərin müdafiəsi və demokratiyanın inkişafı kimi nəcib məqsədlər naminə fəaliyyət göstərir. Amma gəl baxaq görək bu fond Azərbaycanda hansı layihələri dəstəkləyir.

EED ekstremist "Meydan” TV-nin hesabına 300 min avro pul köçürüb. Bu fakt isə TV rəhbərliyi tərəfindən uzun müddət gizlədilib.

Yaxşı, bəs bu, harada görünüb ki, demokratik dəyərləri yaymaq məqsədilə hazırlanmış layihələri həyata keçirməli olan hökumət fondu siyasi müxalifətin borclarını ödəsin? Ola bilər ki, bu, çox humanist bir addımdır. Amma bu addım axı Avropa qanunları və legitimlik baxımından tamamilə anlaşılmazdır və izahı yoxdur. Ayrı-ayrı dövlətlər və büdcəsi avropalı vergiödəyicilərinin hesabına formalaşan Avropa Komissiyası tərəfindən təsis olunmuş beynəlxalq fond nə vaxtdan bəri məhkəmə borclarının ödənməsi ilə bağlı qərarlar verirlər? İkinci belə fakt varmı? Yalnız Azərbaycanda var. Belə ki, EED radikal müxalifət lideri Əli Kərimlinin qəzetinin bank hesabına 65 min avro məbləğində vəsait köçürüb ki, qəzet məhkəmə cərimələri ilə bağlı yaranan borcunu ödəyə bilsin.

Qərb təşkilat və fondlarının demokratiyanın və maydanların inkişafı üçün Azərbaycana fantastik məbləğdə pullar göndərməkdə davam etməsini isbatlayan minlərlə digər nümunələr də gətirmək olar. Ukrayna anarxiyasının tarixçəsi də elə bu cür başlamamışdımı? Orada hər şey müxalifətçi QHT-yə etirazçı Maydanın təşkili üçün göndərilən hansısa 18 milyondan başlamışdı... (virtualaz.org)