“VHP-ni idarə edəcək adamlar çoxdur”

Samir Əsədli: “Sabir bəyə zəng etdim ki, sədrlikdən getməyiniz barədə fikirlərinizi qəbul etmirəm”


Vətəndaş və Həmrəylik Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı partiya sədrliyinə namizəd axtarışına çıxıb. Təşkilat sədri bildirib ki, partiyada sədr olacaq kifayət qədər yetkin adam var. Əsas olan hər kəsin qəbul edəcəyi adamı seçməkdir. Çünki iddialı adamlar da çoxdur.

Elə namizəd olmalıdır ki, onlar tərəfindən də qəbul edilsin. Qurultaya hazırlıq gedir. Bu yaxınlarda partiya məclisinin iclası keçiriləcək və qurultayın vaxtı ilə bağlı qərar veriləcək. İnşallah, qurultaya qədər namizəd tapılsa, qurultayda gedəcəyəm. S.Rüstəmxanlı getməsinin səbəbini belə izah edib: "Partiya işləri vaxtımı çox alır. 5 ilə yaxın nazir oldum, indiki kimi qəbuluma adam gəlmirdi. İndi bir partiya var, bir də dövlətə bağlı olmayan QHT. Yanıma isə yüzlərlə adam gəlir. Elə bilirlər ki, hakimiyyətə bağlıyıq. Bacardığım qədər kömək edirəm. Hər şeyi etmək mümkün deyil. Adamların qayğılarına qalmaq çətin işdir. Yanına gələnlər naümid gedəndə insan pis olur. Qərarıma bunlar da təsir edib”.

Qeyd edək ki, VHP rəhbərliyində ən aktiv şəxs Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədlidir. Onun sıravi üzvlükdən partiyanın mühüm postuna qədər gəlib çıxmasında şəxsi fəallığı ilə yanaşı, S.Rüstəmxanlının da dəstəyinin rol oynadığı bildirilir. Bu baxımdan aparat rəhbərinin VHP sədri olacağı da istisna edilmir.

S.Rüstəmxanlının sədrlikdən imtinasına münasibət bildirən S.Əsədli qurum rəhbərinin postundan getməsinə qarşı olduğunu deyib: "Onun müsahibəsini oxuyandan sonra Sabir bəyə zəng etdim. Sədrlikdən getmək istədiyi barədə söylədiklərini qəbul eləmədiyimi, onun sədrlikdən getməsinə qarşı olduğumu söylədim. Ona açıq şəkildə dedim ki, bu açıqlamanızı qəbul etmirəm, hesab edirəm, növbəti qurultayda da siz partiyanın sədri seçilməlisiniz. Çünki onun partiya sədri kimi qalması bizim üçün vacibdir”.

Aparat rəhbəri qeyd edib ki, S.Rüstəmxanlı sədrlikdən getsə belə, partiya artıq oturuşmuş bir quruma çevrilib: "Sabir bəy partiyanın əsasını elə qoyub ki, bu partiya heç vaxt parçalanmaz. Partiya böyüyür, yenilənir. Təbii ki, S.Rüstəmxanlı da nə vaxtsa VHP sədrliyindən gedəcək. Bu, təbii olan bir şeydir”.

Partiyada kifayət qədər potensiallı kadrların olduğunu söyləyən S.Əsədli vurğulayıb ki, təşkilatı idarə edə biləcək adamlar çoxdur: "Məsələn, Ali Məclisin sədri Rafiq Manaflını, Əlövsət Əliyevi, həmçinin özümü də o meyarlara uyğun hesab edirəm. Özümü də iddialılar sırasında sayıram. Təbii ki, S.Rüstəmxanlı sədrliyə namizəd olmayacağı halda. Partiyada digər iddialılar da var. Cəmiyyətdə tanınmayan VHP üzvləri də var ki, partiyanı idarə edəcək potensiala malikdirlər. Partiyamızın nizamnaməsi istənilən partiya üzvünə sədrliyə namizədliyini vermək hüququnu tanıyır”.

Ayyət Əhməd