“Bir şəxsi öldürənə ömürlük həbs cəzası düşmür”

Akif Nağı “Qarabağ partizanı”nı müdafiəyə qalxdı



Dünən Ali Məhkəmədə "Qarabağ partizanı” kimi tanınan və 2004-cü ildə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ömürlük azadlıqdan məhrum edilən Məmməd Məmmədovun kasasiya şikayəti əsasında məhkəmə prosesi başa çatıb. Vəkil Əsabəli Mustafayevin APA-ya verdiyi məlumata görə, məhkəmə kasasiya şikayətini təmin etməyib.

Məlumat üçün bildirək ki, Məmməd Məmmədov 2004-cü ildə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin qərarı ilə ömürlük azadlıqdan məhrum edilib. "Qarabağ partizanları”nın işini Milli Təhlükəsizlik Nazirliyi araşdırıb.

"Qarabağ partizanları” xüsusi dəstəsi yaradaraq silah əldə ediblər və döyüşmək üçün Qarabağa getmək istədiklərini bəyan ediblər. MTN-in keçirdiyi əməliyyat zamanı onlar həbs edilib. Əməliyyatın keçirildiyi Xətai parkında atışma olub. Atışma zamanı bir nəfər ölüb, bir nəfər yaralanıb. Həmin şəxsləri tutublar. Amma Məmməd Məmmədovun işinə ayrıca baxılıb. Çünki həmin qətldə onu günahlandırıblar. Sonradan dəstənin digər üzvlərinin üzərindən mütəşəkkil dəstə yaratmaq ittihamı götürülüb. Yalnız Məmməd Məmmədovun işində bu ittiham saxlanıb.

Avropa İnsan Hüquqları Məhkəməsi Məmməd Məmmədovun şikayətinə baxıb və bununla bağlı qərar verib. Avropa Məhkəməsi hesab edib ki, Ali Məhkəmə Məmməd Məmmədovun işinə baxarkən qanun pozuntusuna yol verib. Çünki prosesdə nə Məmməd Məmmədov, nə də vəkili iştirak edib. Bundan sonra Ali Məhkəmə Məmməd Məmmədovun işinin Bakı Apellyasiya Məhkəməsinə qaytarılmasına və yenidən baxılmasına qərar verib. Ötən il Bakı Apellyasiya Məhkəməsində M.Məmmədovun işinə yenidən baxılsa da, hökm dəyişdirilmədən saxlanılıb. Kasasiya şikayəti həmin qərardan verilib.

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı "Şərq”ə bildirib ki, o zaman tutulan şəxslər vətənpərvər insanlardır: "23 nəfərdən doqquzu 3 ilə qədər həbs olunmuşdular, onlar da cəzalarını çəkib çıxdılar. İndi iki nəfər qalıb, biri 14 il müddətində azadlıqdan məhrum edilib. M.Məmmədov isə ömürlük həbs cəzası alıb. Bir şəxsi öldürməyə görə ömürlük həbs cəzası düşmür. Dünyada və Azərbaycanda da belə bir praktika yoxdur. Hakim də, prokuror da sözümüzün qabağında heç nə deyə bilmirlər. Bir neçə il bundan əvvəl Apellyasiya məhkəməsinin sədri ilə görüşümdə fikrimi bildirmişdim. Sonradan Ali Məhkəmənin sədrinə də görüşmək üçün müraciət etmişdim, lakin görüşmək istəmədilər. Hamısı da susqunluqla başlarını aşağı salıb, ağızlarını açmırlar.

Avropa İnsan Haqları Məhkəməsi də bu işə humanist yanaşır. Qərarı geri qaytararaq yenidən baxılmasını istəyir. Əslində Avropada "QAT və ya "QP”-nin müharibə tələblərinə mənfi yanaşırlar, hərbi əməliyyatların başlamasını istəmirlər. Sadəcə olaraq AİHM məsələyə ədalətli yanaşaraq bu işin düzgün aparılmadığı qənaətinə gəlib. M.Məmmədovun cinayət hərəkətlərinə uyğun cəza verilməyib. Orada bir nəfər ölüb. O şəxs də bunları tutarkən hərə bir tərəfə qaçıb, Məmmədov da qaça-qaça geriyə atəş açıb, təsadüfi polis əməkdaşına dəyib. Vəkilimiz də bir nəfərin ölümünə görə ömürlük həbs cəzası verilmədiyini deyir”.

A.Nağının sözlərinə görə, sifarişi verən adamlar ermənilərlə bağlılığı olan adamlardır: "Çünki bunun bir hissəsi mütləq ermənilərə dayanır. Ermənilər Azərbaycan cəmiyyətində Qarabağı arzulayan və orada vuruşmaq istəyən insanlara divan tutulmasında maraqlıdırlar. Bunlar Azərbaycan dövlətçiliyinə zərbə vuran insanlardır. Azərbaycanda vətənpərvərlik hissini öldürmək və Qarabağı tələb edən insanların gözünü qorxutmaq üçün hər hansı mərkəz tərəfindən verilmiş sifarişdir. Bunun başqa bir adı yoxdur. Sifarişi verənlər Azərbaycan hakimiyyətinin içərisində müəyyən bir qrup ola bilər. Kimsə nurçudur baxırsan, kimisi nə bilim nə edir. Azərbaycan məmurlarının içərisində, Allah bilir, hara xidmət edən adamlar var. Bəlkə də bundan hakimiyyətin yüksək etalonunda dayanan insanların da xəbəri yoxdur. Mövqeyimiz ondan ibarətdir ki, dövlət başçısı və ya yüksək rəhbərlik səviyyəsində məsələyə müdaxilə olunsun”.

Vüqar Şahinoğlu