İcra başçıları dəyişdi, vəziyyət dəyişəcəkmi?

Bəxtiyar Sadıqov: “Heç vaxt Prezidentimizin sərəncamını müzakirə etmək və ya ona fikir bildirmək cəsarətini göstərə bilmərəm”
Məhərrəm Zülfüqarlı: “Bir insan yüksək vəzifədə çox qaldıqda, həmin adamda özündən razılıq hissi yaranır”


Prezidentin fərmanı ilə Tərtər, Kürdəmir və Ağdam rayon icra hakimiyyətlərinin başçıları vəzifələrindən azad olunublar. Kürdəmirin başçısı İrşad Əliyev tutduğu postdan uzaqlaşdırılaraq təqaüdə göndərilib. Tərtərin icra başçısı Ceyhun Cəfərov Kürdəmirə, MTN-in Tərtər rayon şöbəsinin rəisi Raqif Məmmədov isə Ağdama rəhbər təyin edilib.

Ağdamın icra başçısı Nizami Sadıqova isə heç bir vəzifə verilməyib. Qeyd edək ki, bir müddətdir mətbuatda N.Sadıqov haqqında qalmaqallı məlumatlar dolaşır. Yayılan məlumatlara görə, keçmiş mer bir müddət əvvəl "QAİ Şahin” adlı bir şəxsə qumarda 50 min manat pul uduzub. Vəzifəsindən azad olunması ilə bağlı mətbuata danışan Kürdəmirin sabiq başçısı İrşad Əliyev Prezidentin sərəncamını müsbət qiymətləndirib: "Bundan da çox işləməkmi olar? Böyük hörmət, izzət göstərilib, mənə etibar edilib, işləmişəm. İndi isə işdən azad olunmağım haqqında sərəncam verilib. Nəinki vaxtında verilmiş, hətta deyərdim ki, bir qədər də yubanmış qərardır”. Keçmiş başçı deyib ki, yaşı 70-i ötüb və səhhəti də yaşına uyğundur. Məsələyə münasibət bildirənlər Prezidentin icra başçılarını müəyyən zaman keçdikdən sonra vəzifədən azad etməsini və əvəzləməsini dəstəkləyərək bunun zəruri olduğunu bildiriblər.

Millət vəkili, "Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqovun ölkə rəhbərinin məlum fərmanına münasibəti qısa və konkret olub: "İcra başçıları haqqında sərəncam vermək Prezidentin fövqəladə səlahiyyətidir. İstədiyi vaxt istədiyi rayonun icra başçısını işindən azad edə, dəyişə və ya yerinə başqasını təyin edə bilər. Mən heç vaxt Prezidentimizin sərəncamını müzakirə etmək və ya ona fikir bildirmək cəsarətini göstərə bilmərəm”.

AVCİYA-nın eksperti, Turizm Universitetinin professoru Məhərrəm Zülfüqarlının sözlərinə görə, icra başçısı kimi yüksək məsuliyyət tələb olunan vəzifələrdə kadrların uzun müddət qalması müxtəlif problemlərin çıxmasına səbəb ola bilər. Bu səbəbdən Prezidentin vaxtaşırı kadr islahatlarını həyata keçirməsi olduqca təqdirəlayiq haldır: "Kadrların öz postlarında uzun müddət saxlanılması yaxşı hal deyil. Atalar məsəlində deyildiyi kimi, hətta su da bir yerdə çox qalanda iylənir. Başçıların vəzifələrində uzun zaman qalması inhisarların güclənməsinə və həmin bölgədə insan haqlarının pozulmasına gətirib çıxarır. Kim olursa-olsun, bir insan yüksək vəzifədə çox qaldıqda, həmin adamda özündən razılıq hissi yaranır. Elə zənn edir ki, etdikləri hər şey düzdür”. M.Zülfüqarlı qeyd edir ki, Azərbaycanda kifayət qədər bacarıqlı və vicdanlı hazır kadrlar var. Bu, nəinki icra başçılarına, eyni zamanda nazirlərə və digər yüksək vəzifəlilərə də aiddir: "Kadrların mütəmadi dəyişdirilməsi həm cəmiyyətdə onlar əleyhinə gedən söz-söhbətlərə son qoyur, həm də dövlətçiliyin inkişafına təkan verir. Bu zaman heç kim özünü mütləq hakim hesab etmir və anlayır ki, Prezidentin sərəncamına əsasən həmin postda oturub. Yəni ölkə rəhbəri istədiyi vaxt onu tutduğu vəzifəsindən uzaqlaşdıra bilər”.

Professorun qənaətincə, Ağdamın keçmiş icra başçısı "bu, gecikmiş qərardır” deyəndə səmimi olmayıb: "Hamı yaxşı bilir ki, heç kim öz xoşuna vəzifədən getmək istəməz. Sadəcə olaraq bu sözü deyən adamın başqa əlacı yoxdur. O şəxs haqqında cəmiyyətdə mənfi söz-söhbətlər dolaşırsa,

vəzifədən getdikdən sonra fəaliyyəti yoxlanıla və barəsində cinayət işi açıla bilər. Buna məruz qalmamaq üçün bu cür qeyri-səmimi ifadələr işlədib”.

İsmayıl