“İqtisad Universitetindəki kadr dəyişikliyinin effekti olmayacaq”

“Ölkədə kompleks şəkildə islahatlar aparılmasa, təhsil sahəsindəki korrupsiya və rüşvət olaylarının da qarşısını almaq mümkün olmayacaq”



Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) kadr islahatları davam edir. Universitetin yeni rektoru Ədalət Muradovun imzaladığı əmrə əsasən Mikayıl Zeynalov ali təhsil ocağının iqtisadi məsələlər üzrə prorektoru təyin edilib.

ADİU-nun İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. "Beynəlxalq iqtisadi münasibətlər” və "Ümumi iqtisadiyyat” fakültəsinin dekanları Müzəffər Məmmədov və Kamil Qafarov, eləcə də Magistratura Mərkəzinin direktor müavini - MBA Proqramı üzrə rəhbər Rövşən Quliyev tutduqları vəzifədən azad edilib. Rektorun digər əmri ilə "Beynəlxalq iqtisadi münasibətlər” fakültəsinin dekan müavini Mənsur Bərxudarov həmin fakültənin, "Türk dünyası işlətmə” fakültəsinin dekan müavini Asiman Quliyev isə "Ümumi iqtisadiyyat” fakültəsinin dekanı təyin olunub. Universitetin iqtisadi araşdırmalar elmi tədqiqat institutunun şöbə müdiri Nazim Hacıyev isə Magistratura mərkəzinin direktor müavini - MBA Proqramı üzrə rəhbər təyin edilib. Təhsil eksperti Nabatəli Qulamoğlu isə sözügedən ali təhsil ocağında aparılan kadr islahatlarının heç bir effekt verməyəcəyi qənaətindədir. Onun sözlərinə görə, ölkədə kompleks şəkildə islahatlar aparılmasa, təhsil sahəsindəki korrupsiya və rüşvət olaylarının da qarşısını almaq mümkün olmayacaq: "Korrupsiya və rüşvət Azərbaycanda fəaliyyət göstərən təhsil ocaqlarının hər birində, hətta bütün sahələrdə tüğyan edir. Yəni korrupsiya sistem xarakterlidir. Əgər bir ali məktəbin daxilində olsa idi, kadr islahatları ilə onu aradan qaldırmaq olardı”. Artıq siyasi sahədə bəzi islahatların aparıldığını deyən ekspert bunlardan biri kimi "ASAN” xidməti misal çəkib: "Korrupsiya ilə bağlı özünəməxsus tarixi olan bir məktəbdə kiçik kadr islahatları ilə nəyəsə nail olmaq mümkün olsun. Bu islahatlardan effekt gözləməyə dəyməz. Kompleks islahatlar aparılmalı və bu ictimaiyyətə təqdim olunmalıdır. Hazırda islahat apardıqlarını bəyan edirlər. Amma bilinmir ölkədə doğrudan islahatlar gedir, yoxsa vətəndaşların gözünə kül üfürürlər”.

Şəymən