39 vaqon, 113 maşın pomidor Rusiyaya ötürüldü

Bazarda bu məhsulun qiymətində ucuzlaşma olmayacaq



Fermerlərin və sahibkarların problemlərini aradan qaldırmaq məqsədilə Dövlət Gömrük Komitəsi rəhbərliyinin Rusiya Federasiyasının Federal Gömrük Xidməti ilə apardığı müzakirələrdən sonra artıq problem öz həllini tapıb.

Komitənin saytına istinadən aldığımız məlumata görə, son üç gündə - 11, 12 və 13 iyun tarixlərində Azərbaycanda istehsal edilən müxtəlif kənd təsərrüfatı məhsulları, əsasən də pomidor yüklü 39 vaqon, 113 yük maşını maneəsiz şəkildə Rusiya Federasiyasına yola salınıb.

Qeyd edək ki, Rusiyanın Gömrük Xidməti tərəfindən Azərbaycan məhsullarına qoyulan qadağaların aradan götürülməsi ölkə iqtisadiyyatı üçün sevindirici xəbər olsa da, ixrac olunan məhsulların həcmi ilə bağlı xəbər əhali arasında narazılıq doğurub. Haqsız da sayılmazlar əslində. Bazarda pomidorun qiyməti 1.50-2.50 manatdan aşağı düşmür. Biz yeməyə pomidor tapmırıq, ruslar isə pomidorumuzu bəyənməyib, Gömrükdən geri qaytarırlar. Buna rəğmən sahibkarlar yenə də istehsal etdikləri məhsulları ölkə əhalisindən əsirgəyib, xaricə ixrac edir, zərbə isə həmişə olduğu kimi daxili bazara dəyir. Azərbaycanda məhsuldarlıq o qədər yüksək deyil ki, həm özünü təmin etsin, həm də ixrac etsin. Sahibkarları qınamaq da işdən deyil! Azərbaycanda fermerlərin yetişdirdikləri məhsulu uyğun qiymətə sata bilmədikləri hər birimizə məlumdur. Səbəb də bəllidir ki, inhisarçılar buna imkan vermir. Bəs, problemin həllinə necə nail olmaq olar. Bu problemə dövlət müdaxilə edəcək, yoxsa bu yay pomidora həsrət qalacağıq?

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov, əvvəla, Azərbaycanda istehsal edilən müxtəlif kənd təsərrüfatı məhsullarının ixracına qoyulan qadağanın aradan qaldırılmasındakı rolundan danışıb: "İstehlakçı Hüquqlarının qorunması məsələləri üzrə MDB İşçi Qrupunun üzvüyəm. Biz tez- tez Rusiya Federasiyasında toplaşıb, real problemlər üzrə müzakirələr aparırıq. Mən də öz üzərimə düşən missiyanı yerinə yetirərək Rusiyaya buraxılmayan pomidorların Türkiyə mənşəli olmadığına və ekoloji, təmiz və standatlara uyğun şəkildə məhz Azərbaycanda istehsal olunmasına dair öz məsləhətlərimi İşçi Qrupunun üzvlərinin diqqətinə çatdırdım. Həmin qurumda Rusiyanın dövlət orqanları və QHT-ləri təmsil olunur. Hesab edirəm ki, gömrükdəki baryerin götürülməsi istiqamətində mənim də müəyyən qədər rolum olub”.

Konkret məsələyə gəldikdə isə AİB sədri ölkə başçısının əhalidən məhsulları alıb, tədarük edəcək bir qurumun yaradılması haqqında sərəncamının olduğunu xatırladıb. Onun sözlərinə görə, sözügedən biznes qurumu artıq öz işinə başlamalı və ölkədə istehsal olunan kənd təsərrüfatı və ya digər ərzaq mallarını əhalidən alıb həm daxili bazarı tənzimləməli, həm də qışa saxlamalı idi.

Azərbaycanın dünya bazarına inteqrasiya etdiyini vurğulayan E.Hüseynov indiki şəraitdə sahibkarlara məhsulların satışı ilə bağlı hər hansı bir məhdudiyyət qoymağın mümkünsüz olduğunu deyib: "Sahibkarlar üçün bazarın daxili və ya xarici olmasının heç bir əhəmiyyəti yoxdur. Ona necə sərf edirsə, məhsulu harada baha qiymətə gedirsə, orda da satır. Dövlət ancaq həmin məhsulları sahibkarlardan alıb, əhaliyə sərf edən qiymət müqabilində bazarlara çıxara bilər. İnzibati yollarla bunun qarşısının alınması mümkün olmadığı üçün yaradılan MMC öz fəaliyyət istiqamətini düzgün müəyyənləşdirməlidir. Belə olarsa, sahibkarlar da böyük riskləri göz özünə alıb öz məhsullarını xaricə ixrac etmək əvəzinə, daxili bazara önəm verərlər”.

Şəymən