Erotik səhnə: Cəmiyyət hələ hazır deyil

Filmlərdə, seriallarda açıq-saçıq səhnələrin təqdimatı niyə əsəbi qarşılanır?


Yerli seriallar, yaradıcılıq işləri, bədii filmlərimizlə bağlı danışarkən ən çox verilən suallardan biri məhz budur: Yaradıcılıq sahəsində, bədii filmlərdə, seriallarda, teatr səhnəsində, ədəbiyyatda açıq-saçıq səhnələrin təsviri lazımdırmı? Son illər çəkilən bəzi filmlər, seriallar, yazılmış əsərləri ən çox məhz bu xüsusiyyətlərinə görə tənqid edirlər. Kino, film, yaradıcılıq mühitində olan vizual görüntüsü olan hər hansı yaradıcılıq məhsulundan danışarkən bir klassik tərif yada düşür. Yaradıcılıq işlərində - film, serial və s. bu kimi sahələr həyatı və təbiəti bədii boyalarla əks etdirdiyindən onu olduğu kimi qəbul etmək lazımdır. Xüsusilə film həyatdan bəhs etdiyindən həyatın bütün tərəflərini əks etdirməlidir.

Ədəbiyyat həyatın özüdür. Yazıçı, ssenarist, rejissor həyatın hər üzünü təsvir etməkdə sərbəstdir. Onun buna haqqı var. Əgər bədii əsər, bədii təsvir vasitəsi, kino işi bu qədər çirkindirsə, bunun günahı nə rejissorda, nə ssenaristdə, nə yazıçıda deyil, bir günahkar var - günahkar məhz həyatdır. Çünki təsvir olunanlar həyatın bir məqamını əks etdirmiş olur.

İstənilən sənət əsərində bu səhnələrin olmasının, təqdimatının qaçılmaz olduğunu dedikdə isə belə cavab verirlər: açıq-saçıq səhnələri də elə göstərmək, yazmaq olar ki, göz oxşasın, üstüörtülü olsun, ütülü olsun. Sonra da klassik nümunə göstərirlər. Bu nümunələri göstərənlər isə nədənsə avtomatla qılınc, "Mersedes”lə fayton arasında seçim edərkən həmişə birinciyə üstünlük verirlər. Bir sözlə, nə qədər tərifləsək də, fayton "Mersedes” deyil. Bunu azyaşlı uşaq da dərk edə bilirsə, problem nədir?

Bədii filmdə, hər hansı əsərdə erotik səhnə təsvir olunursa, bu onları erotik yaradıcılıq nümunəsi hesab etmək demək deyil. Erotik filmlərin, kadrların kifayət qədər nümunəsi var. İnternetdə "erotik film” yazıb axtarışa vermək kifayətdir ki, yüz minlərlə nümunəyə rast gələk. Çünki bu porno-filmlərin yalnız bir missiyası var. O da insanların seksual ehtiyaclarını ödəmək, pul qazanmaq. Yaradıcılıq təxəyyülü isə bu deyil. Filmdə yataq səhnəsini təqdim etmək istəyən rejissorun məqsədi əslində yalnız çılpaq kişi-qadın münasibəti göstərmək deyil. Burada rejissorun fikiraltı erotik səhnəni estetik şəkildə tamaşaçıya göstərmək bacarığından söhbət gedir. Bizdə bunu bacarırlarmı? Bax bəlkə də əslində bu suala cavab verən yoxdur. Açıq-saçıq səhnələr yer alan filmlərdə isə daha çox yalnız bu açıq-saçıqlıqdan əsəri daha qüvvətli, təsiredici etmək üçün istifadə edilir. Həyatı olduğu kimi təsvir etmək lazımdır. Ona süni don geyindirmək olmaz.

Lap tutalım, mental dəyərləri əsas götürüb bu cür filmlərin qarşısını aldıq. Bəs onda dünya kinosu, dünya kino bazarı ilə nə edəcəyik?

Elə bu düşüncələr, bəzən mənasız mental düşüncələr bizim yaradıcı mühitin sərbəst fəaliyyətinə həm birbaşa, həm də dolayısı ilə təsirini göstərmiş olur. Elə bu təsirə görə də yəqin ki, Azərbaycan kinosu hələ illərlə dünya kino bazarında yerini tutmayacaq. Hələ biz "Oskar” mükafatına layiq olan film üzünə çox həsrət qalacağıq. Belə yerdə nədənsə, birdən-birə, milli filmlərimizdən birində olan kadr yadıma düşdü. "Bəxt üzüyü” filmində Sevanın Rasimi qonşularla axşam bir yerdə film izləmək üçün kaset gətirir. Məlum olur ki, kasetdəki film erotik filmdir. Əslində filmdə heç bir açıq səhnə olmasa da, uşaqların bir saniyəlik bu kimi filmlərə nə qədər maraq göstərdiyi filmdə çox estetik şəkildə rejissor tərəfindən təqdim oluna bilib. Bu bir daha həm də ona işarədir ki, Azərbaycan yeniyetmələri buna meyillidir.

Son illər çəkilən bəzi filmlər, ekran əsərlərində olan açıq-saçıq səhnələr çox ciddi tənqid olunur. Buna münasibət sənət camisində də birmənalı deyil. Əslində cəmiyyətlə film çəkənlər arasında fikir ziddiyyəti yaranıb. Cəmiyyət, özümüzdə belə filmlərin, ekran əsərlərinin ərsəyə gəlməsinə etiraz edirlər, bunu qəbul etmirlər, yaradıcı mühit isə bunu yaradıcılıq işi kimi göstərməkdə israrlıdı. Daha doğrusu, kino çəkənlər filmlərdə belə səhnələrin olmasını normal hesab edirlər. Əgər film, ekran əsəri həyatı əks etdirirsə, deməli, tamaşaçıya bu həyatı olduğu kimi təqdim etməkdən utanmaq lazım deyil. Sadəcə bir məqamı diqqətdən qaçırmaq olmaz. Tamaşaçıya təqdim olunan bu kimi kadrları daha estetik şəkildə göstərə bilmək bacarığı. Bunu isə bizdə hər rejissor, hər aktrisa bacarmır. Yəqin elə ona görə də qeyri-estetik görüntü, tamaşaçını qıcıqlandıra bilən məqamlar tənqidlə qarşılanır.

Elə bu məsələyə aydınlıq gətirmək üçün kino sahəsində olan insanlarla əlaqə yaratdıq. Maraqlandıq ki, niyə cəmiyyətimiz yerli filmlərdə olan belə görüntüləri görəndə sərt reaksiya verir? Cəmiyyətimiz buna hazır deyil, ya rejissor işində zəiflik var? Rejissor belə məqamlarda estetik məqamları nəzərə ala bilmir, ifrata əl atılır? Rejissor Rövşən Almuradlı "Şərq”ə açıqlamasında bu məsələyə aydınlıq gətirərək "Mənə yerli seriallar maraqsızdı. Ona görə də onlar barədə danışmaq istəmirəm. Yerli seriallarımız primitiv məişət mövzusundan başqa heç nə göstərə bilmir. Amma ümumilikdə sənətdən, bədii filmdən danışırıqsa, burada açıq-saçıq səhnələrin olması, onun rejissor tərəfindən estetik şəkildə, professional sənət əsəri olaraq təqdim olunması çox normaldı. Sual verirsiniz ki, problem nədir? Cəmiyyət buna hazır deyil, ya rejissor, aktyor işində zəiflik var deyə, film çəkənlər cəmiyyətin qınağına tuş gəlirlər? Əslində hər 3 amilin rolu var. Həm cəmiyyətimiz buna psixoloji olaraq tam hazır deyil, həm bəzən rejissor işində qeyri-peşəkarlıq və ya rejissorun estetik baxımdan görüntüləri nəzərə almaması tamaşaçını qıcıqlandıra bilir. O cümlədən aktyor işində də zəiflik ola bilər ki, burada olan ifrat hərəkətlər, mimikalar tamaşaçıda xoş olmayan təəssürat yarada bilir. Amma bütün hallarda bizim cəmiyyət əvvəl buna hazır olmalıdı. Psixoloji olaraq tamaşaçını buna hazırlamaq üçün isə zaman sözünü deməlidir. Yəni 5 il əvvəl cəmiyyətin baxışı başqa idi, bu gün dəyişib. Tənqidlərdən qorxmaq lazım deyil. Mənim üçün kənardakıların fikri etalon sayıla bilməz. Mənim üçün başqalarının fikri kriteriya deyil. Bir də yenə deyirəm, bizim seriallar çox primitiv çəkilir, tamaşaçını maraqlandıra bilmir. Bizim cəmiyyətin daha böyük, köklü problemləri var. Bunları filmlərdə göstərmək lazımdır. Bizim seriallarda ancaq dəbdəbəli villalar, bahalı son model maşınlar, qadınların əynində qışqırdan geyimlərdən başqa nə göstərilir ki? Bir az da intriqa yaradan xırda məişət problemləri, vəssalam. Qaldı əxlaq məsələsinə, mental düşüncəyə, çox vaxt bizdə hər hadisəyə, məsələyə mental ad qoyaraq yanaşırlar. Amma bu belə deyil. Bizim millətin əxlaqı var. Bu millətin bir ələyi var, onsuz da pislər o ələkdə qalmır. Kino sənətdir. Ona yaradıcı təxəyyülün məhsulu olaraq yanaşmaq lazımdır. Kino cəmiyyətin güzgüsüdür. Əgər orada qüsur varsa, demək o qüsur, o çirkinlik cəmiyyətdə mövcuddur” söylədi.

Əməkdar artist Anar Heybətov da son günlər cəmiyyətdə tənqid olunan məsələyə münasibət bildirdi: "Mən başa düşə bilmirəm ki, niyə bizdə filmlərdə xırda açıq-saçıq səhnəyə də bu qədər kəskin reaksiya var. Türklərin, xarici rejissorların çəkdiyi filmlərə, seriallara bizimkilər çox normal baxırlar, hələ izləyəndə əllərindəki fincan da az qala yerə düşür. Amma özümüzkülər bir balaca açıq səhnə təqdim edəndə, buna etiraz edirik. Mənə elə gəlir ki, bir az cəmiyyət buna hazır deyil. Zamana ehtiyac var. Yəqin bir müddətdən sonra bizim də filmlərdə belə açıq-saçıq səhnələrə normal yanaşarlar. Ən azı buna ümid edirəm. "Gürzə” filmi 2007-də çəkilib, indi yadlarına düşüb ki, ordakı səhnəni tənqid etsinlər? Yəni biz də özümüzə çox tələbkarıq, mühafizəkarıq, amma xariciləri alqışlamağı sevirik”.

Tahirə Məmmədqızı