4 aydır post boşdur

Rusiyanın Azərbaycana səfir təyinatı ləngiyir
“Çox güman ki, Rusiyanın Azərbaycana səfir təyinatı bu iki ölkədə çox yaxın zamanda keçiriləcək prezident seçkilərindən sonra baş tutacaq”


2017-ci ilin sonunda Kreml rəhbərinin sərəncamı ilə Vladimir Doroxin Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən azad edilib. Ancaq bugünədək ölkəmizə yeni səfir təyin olunmayıb. Bir müddət əvvəl Rusiya XİN rəsmisi Georgi Zuyevin Azərbaycana səfir göndəriləcəyi ilə bağlı informasiyalar yayılsa da, ardınca bəzi media orqanlarında rəsmi Bakının Zuyevin təyinatına aqreman vermədiyi və bu səbəbdən Zuyev məsələsinin arxa plana keçdiyi deyildi.

Məlumdur ki, Zuyev xarici işlər naziri Sergey Lavrovun yaxın adamı olmaqla yanaşı, həm də qatı ermənipərəst, anti-Azərbaycan mövqeyində olan şəxsdir. Keçən ilin sonlarında Rusiya XİN-in sözçüsü Mariya Zaxarova Azərbaycana 2018-ci ilin yanvar ayında səfir təyin ediləcəyini demişdi. Lakin artıq fevral ayının yarıdan çoxu arxada qalsa da, səfir təyinatı baş tutmayıb. Məlumdur ki, Rusiyanın Ermənistandakı səfiri İvan Volıkinin də işğalçı ölkədə səfir müddəti bitmək üzrədir. Martın 22-də Rusiyanın Ermənistandakı səfiri vəzifəsindən gedəcək. Volıkinin təqaüdə, yoxsa başqa hansısa ölkəyə səfir göndəriləcəyi barədə hələlik Rusiya XİN heç bir məlumat yaymayıb. Ancaq bəzi ehtimallara görə, Volıkinin Ermənistandan getdikdən sonra Azərbaycana səfir göndərilməsi mümkündür. 

4 aydır boş qalan səfirlik postu ilə bağlı "Şərq”ə danışan politoloq Azər Rəşidoğlu deyib ki, Rusiyanın Azərbaycana yeni səfir təyinatı məsələsində bir düyün meydana gəlib. Onun sözlərinə görə, bu düyünün çözülməməsi təyinat məsələsini ləngidir: 

"Rusiya son zamanlar Dağlıq Qarabağla bağlı münasibətlərdə Ermənistanın işinə yaraya biləcək addımlar atır. Məsələn, Zuyevin timsalında ermənipərəst bir səfiri Azərbaycana göndərmək planı məhz Dağlıq Qarabağla bağlı Lavrovun qurduğu oyunun tərkib hissəsi hesab edilir. Volıkinin Azərbaycana təklif edilməsi düyünü daha da açılmaz edər. Əslində Azərbaycan kimi önəmli ölkəyə səfir göndərilməsi Rusiyaya ciddi şəkildə lazımdır. Düzdür, indiki dövrdə səfirlər bütün problemləri həll etmir. Səfirlərin iştirakı olmadan prezidentlər istədikləri vaxt rabitə qururlar və birbaşa müzakirə aparırlar. 

Ona görə də bu gün əksər diplomatlar səfir təyin olunmaq istəmirlər. Bu da anlaşılandır. Lakin Rusiya kimi böyük bir dövlətin belə həssas bir nöqtəni səfirsiz saxlaması suallar doğurur. Nəzərə alsaq ki, Azərbaycanda prezident seçkiləri olacaq və Rusiyanın həmişə Azərbaycandakı seçkiləri yaxından təqib etməsi bəllidir, o zaman burada səfirlərinin olmasının əhəmiyyəti bir qədər də artır”. 

Analitikin fikrincə, bütün bunlara baxmayaraq hələ təyinatın olmaması ortada ciddi problemin mövcudluğundan xəbər verir:

"Çox güman ki, Rusiyanın Azərbaycana səfir təyinatı bu iki ölkədə çox yaxın zamanda keçiriləcək prezident seçkilərindən sonra baş tutacaq. Bunun üçün də kifayət qədər səbəb var. Azərbaycan da, Rusiya da çətin bir geosiyasi regionda yerləşir. Hər iki ölkədə bütün diqqət keçiriləcək prezident seçkilərindədir. Ona görə də çox güman ki, səfir təyinatı hər iki ölkədəki prezident seçkilərindən sonra reallaşacaq”.

İsmayıl