40 gün keçdi, Kürdə batan müəllimin cəsədi hələ tapılmayıb

Hər gün övladları səhər saatlarından Kürün sahilinə gedərək gözləyirlər
Sabirabadda azyaşlı şagirdini xilas edərkən Kürdə batan müəllim Əhliman Hüseynovun 40 gün keçməsinə baxmayaraq cəsədi hələ də tapılmayıb. FHN tərəfindən isə axtarışlar davam etdirilir. Lakin 21 ildir müəllim kimi çalışdığı Sabirabad şəhər 5 saylı məktəbin müəllim və şagirdləri müntəzəm olaraq Ə.Hüseynovun evinə gedib, ailəsinə baş çəkir, onu əsl qəhrəman kimi yad edirlər.
Ə.Hüseynovun cəsədi tapılaraq el adəti üzrə dəfn olunmasa da, rəmzi olaraq 40 mərasimi keçirilib. Hadisənin geniş təfərrüatları barədə "Şərq”ə danışan məktəbin direktoru Bilal Əhmədov bildirib ki, FHN-in Dövlət Sularda Xilasetmə Xidmətinin 6 dalğıcdan ibarət qrupu cəsədin axtarışlarını həyata keçirir: "Kür çayının suyu bulanıq, dibi isə xeyli lilli olması da xeyli
çətinliklər yaradır. Çünki suyun altında görmə mümkün olmadığından onlar çox çətinliklə, əllərini toxundurmaqla axtarış aparırlar. Bundan əlavə hadisə yerinə texnika da cəlb edildi. Həm də qış olduğuna görə, çayın suyu soyuqdur, havalar isinsin və çayda suyun səviyyəsi düşsün ki, cəsəd suyun üzünə çıxsın. Və yaxud ola bilsin ki, çay öz axarı ilə birlikdə cəsədi başqa yerə aparıb. Onun avtomobili isə çaydan çıxarılıb”.
Məktəb direktorunun sözlərinə görə, müəllimin ailəsinə dəstək olurlar: "Düzdür, bu da Ə.Hüseynovun ailə üzvlərini ovundura bilməz. Ailənin ən böyük arzusu odur ki, onun cəsədi tapılsın, el adəti ilə dəfn edilsin, ruhuna ehsan verilsin. Onu ziyarət edə biləcəkləri qəbri olsun. Lakin hər gün övladları səhər saatlarından Kürün sahilinə gedərək gözləyirlər”.
Məlumat üçün qeyd edək ki, bu faciəvi hadisə dekabrın 5-də baş verib. Sabirabad şəhəri 5 saylı orta məktəbin müəllimi Ə.Hüseynovun şəxsi maşını ilə səhər Cavad kəndindəki evindən iş yerinə - məktəbə gedərkən idarəetməni itirən avtomobil körpüdən çaya düşmüşdü. Maşında onun qonşusunun həmin məktəbdə oxuyan qızı 9 yaşlı Güldəstə Hüseynova da olub. Məktəbli qız Ə.Hüseynov və əsl qəhrəmanlıq göstərən Dəyanət Şıxəliyevin sayəsində xilas edilsə də, müəllim çayda boğularaq batıb. Ə.Hüseynovun həyat yoldaşı Tərifə Hüseynova artıq bu dərdə dözə bilmədiyindən ağır infarkt keçirib, yataq xəstəsinə çevrilib. Bu da mərhum müəllimin yaxınlarına və dostlarına əlavə problemlər yaradıb. Sözügedən müəllim ailəlidir, onun 2 oğlu və bir qızı var”.
Vüqar Şahinoğlu