Murdar olmuş toyuqlar bazara çıxarılır

“Kənd toyuğu” adı altında satılan kiçik çəkili toyuqlar öldükdən sonra qablaşdırılır




Bakıda şadlıq evlərinə və dönərxanalara verilən iyrənc ətlər aşkarlanıb. Xüsusi əməliyyat keçirilib və xüsusi evlərdə, anbarlarda çirkab içində saxlanılan xeyli miqdarda müxtəlif heyvan və quş ətləri aşkarlanıb.

Qeyd edək ki, Kənd təsərrüfatı naziri Heydər Əsədovun tapşırığına və nazirliyin tədbirlər planına uyğun olaraq aprelin 22-də Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti reyd keçirib. Reyd zamanı Sabunçu rayonunun Balaxanı qəsəbəsi Sarabski küçəsi 22-də yerləşən qeyri-qanuni fəaliyyət göstərən emal sexində 1200 kq, Abşeron rayonu Quşçuluq massivindəki (Azbentonat zavodunun yaxınlığı) həyət evində 300 kq və Nizami rayonu Keşlə qəsəbəsindəki şəxsi həyət evində daha 300 kq toyuq ətinin qanunsuz təkrar emal edildiyi, ətin sümükdən çıxarıldığı, baytarlıq-sanitariya qaydalarına uyğun olmayan və lazımi temperatur rejiminə əməl edilmədiyi yerdə saxlandığı aşkar edilib. Bu məhsulların mənşəyinə dair heç bir müşayiətedici sənəd olmayıb. Hər üç sexin məhsulundan müayinə üçün nümunələr götürülərək Respublika Baytarlıq Laboratoriyasına göndərilib. Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə hesab edir ki, Azərbaycanda təhlükəli qidalar arzuolunmaz miqdardadır: "Təhlükəli məhsullar insan ömrünü qısaldır, elmə məlum olmayan xəstəliklər yaradır. Ümumdünya Səhiyyə Təşkilatının saytında Azərbaycan uzunömürlü ölkələr sırasında deyil. Burada qida faktoru da mühüm rol oynayır”.

Bu cür iyrənc və gigiyenik tələblərə cavab verməyən məhsulların insanlara sırınmasının istehlakçıların aldadılması olduğunu deyən ekspertin sözlərinə görə, kənd toyuğu adı altında satılan bu toyuqlar mənşəyi bəlli olmayan, ən təhlükəli yemlərlə qidalandırılan heyvanlardır.

Eyyub Hüseynov broyler fabriklərindəki daha bir faktı açıqlayır. Onun sözlərinə görə, bu fabriklər hətta ölmüş, murdar olmuş toyuqları da satışa çıxarırlar: "İstehlakçılardan gələn zənglər əsasında məlum olur ki, broylerlərin satışa çıxardıqları kiçik çəkili toyuqlar əslində murdar olmuş toyuqlardır ki, onlar müəyyən həddə çatmamış ölür, broylerlərdə ölmüş toyuqlar təmizlənib qablaşdırılır və satışa çıxarılır. Azərbaycanın ət sektorunda, o cümlədən birbaşa qablaşdırılmamış, sadəcə sellofana bükülmüş və heç bir etiketi olmayan "kənd toyuğu” adı ilə toyuqlar da satılır. Azad İstehlakçılar

Birliyinin araşdırmaları zamanı məlum olub ki, Maştağa qəsəbəsində və ölkənin bir neçə yerlərində bu cür gizli və qapalı broyler sexləri var. Həmin sexlər "kənd toyuğu” adı altında öz mallarını satışa çıxarır. Həmin toyuqlar anti-sanitar şəraitdə kəsilir, yolunur, hansısa kimyəvi maddədə yuyulur ki, ətin rəngi saralsın. Bunlar hamısı insan həyatı üçün təhlükəlidir. Baytarlıq İdarəsinin aşkar etdiyi bu qanunsuzluqlar sadəcə dəryada damladır. Təsadüfi deyil ki, təhlükəli qidaların olmasından narahat olan Avropa İttifaqı bir günlük konfrans keçirərək bu məsələnin kifayət qədər ciddi olduğunu səhiyyə və baytarlıq təşkilatlarının diqqətinə çatdırıb”. E.Hüseynovun sözlərinə görə, bu cür reydlər kütləvi şəkildə həyata keçirilməlidir. Görülən işlər sadəcə epizodik tədbirlərdir. Problemi aradan qaldırmaq üçün kompleks tədbirlər görülməlidir.

Şəymən