“Azərbaycanlıların dili onların ruhunun mayasıdır”

Firudin bəy Köçərli ömrünü Vətənin bütövlüyünə, yaşamına, ziyalıların birliyinə həsr etdi




Milli ideyamızın formalaşmasında mühüm rol oynamış mütəfəkkirlərimizdən biri də Firudin bəy Köçərlidir. F.B.Köçərli də digər çağdaşları Əli bəy Hüseynzadə, Məhəmməd Əmin Rəsulzadə, Əhməd bəy Ağaoğlu və başqaları kimi, bütün türklərin, o cümlədən Azərbaycan türklərinin oyanışı, inkişafı və birliyi yolu kimi milli - dini birliyi görmüş, eyni zamanda demokratik (yeniləşmə və mədəniləşmə) ideyalarla çıxış edib. F.B.Köçərlinin milli və müstəqil Azərbaycan, Azərbaycan türkçülüyü ideyası ilə bağlı əsas xidməti, ilk növbədə Azərbaycan türk ədəbiyyatının, türk ədəbi dilinin formalaşmasına və islamın əsl mahiyyətinin dərk olunmasına sərf etdiyi danılmaz əməkdir.

Gənc tədqiqatçı Faiq Ələkbərovun da qeyd etdiyi kimi 1900-cu illərdə onun öndərliyi ilə yaranan milli Azərbaycan türk ədəbiyyatı tarixi Azərbaycan türkçülüyü ideyasının formalaşması baxımından mühüm bir addım idi. Belə ki, Azərbaycan tarixində ilk dəfə, 1903-cü ildə F.B.Köçərlinin müəllifliyi ilə rus dilində "Azərbaycan türklərinin ədəbiyyatı” kitabı nəşr olunub.

1908-ci ildə Azərbaycan-türk dilində də işıq üzü görən bu kitabda qədim dövrdən 20-ci əsrə qədər yaşamış Azərbaycan mütəfəkkirlərinin irsi öz əksini tapıb. Köçərlinin fikrincə, milli ədəbiyyat ona görə lazımdır ki, başqa millətlər kimi Azərbaycan türkləri də öz milli ədibləri və şairlərini tanısın və onlarla fəxr etsinlər: "Aya, biz Azərbaycan türklərinin seretelliləri və çavçavadzeləri olmayıbdırmı? Bizim milli şairlərimiz ərseyi-dünyaya gəlməyibdirmi? Aya, bizlər belə möhtərəm şəxslərin vücudundan məhrummu qalmışıq? Bu suallara cavab verib deyə bilərik ki, bizim də çox böyük, müqtədir və xoştəb milli şairlərimiz olubdur və lakin mütəəssüf onların qədir və qiyməti nə öz vaxtlarında və nə bu halda bilinməyibdir”. Deməli, Köçərlini milli ədəbiyyatın tarixini yazmağa sövq edən də məhz bu suallara cavabların tapılması istəyi olub. Beləliklə, Azərbaycan türk ədəbiyyatı tarixinin ilk müəllifi olan F.B.Köçərli hesab edirdi ki, bir millətin ədəbiyyatı onun məişətinin aynası deməkdir, yəni millətin dolanacağı, inkişafı, tərəqqisi, kamalı və s. onunla ölçülür. Onun fikrincə, milli şairlər ədəbiyyatda vətənə məhəbbət, millətə xidmət, dostluğa sədaqət və s. kimi müqəddəs hisslərə yer versə, daha yaxşı olar. Onun fikrinə görə, millət böyük bir cisimdir ki, bu cismi təşkil və təsis edən hər bir kəs onun üzvləri məqamındadırlar. Belə olan surətdə millətin salamatlığı, şan və şərafəti, dövlət və sərvəti və s. onu təşkil və təsis edən üzv və ünsürlərin mütənasib olub sülh və ittifaq içində yaşamalarından, hər birinin üzərinə düşən vəzifələrə əməl etmələrindən asılıdır. Köçərliyə görə, müsəlmanların başqa millətlərdən dala qalmalarına səbəb, məhz bu cür əməllərdən, xüsusilə qadınların ondan uzaq qalmalarıdır. Bu baxımdan Azərbaycan qadınlarının maariflənməsini millətin inkişafının yollarından biri kimi görən Köçərli yazırdı ki, islam və hədislərdə də əsasən, qadın və kişinin bərabərliyi prinsipi götürülür. Milli dil məsələsinə gəlincə, bu dövrdə F.B.Köçərli də C.Məmmədquluzadə, Ö.F.Nemanzadə, A.Şaiq və başqaları kimi hesab edirdi ki, Azərbaycan ədəbi dilini osmanlılaşdırmaq əvəzinə, xalqa yaxınlaşmaq yolunu tutmaq lazımdır. Onun fikrincə, bu dili mürəkkəbləşdirmək deyil, sadələşdirmək, yəni geniş xalq kütlələrinin anlaya biləcəyi bir şəklə salmaq lazımdır. Ədəbi dil də xalqın öz dilidir, bu dil hamı üçündür; hamı yazıb-oxumalı, cəmiyyətin inkişafında yaxından iştirak etməlidir. Bu baxımdan ədəbi dil sadə olmalı, onu hamı başa düşməlidir. Deməli, Köçərli milli özünüdərk baxımından türk-osmanlı şivəsinin deyil, Azərbaycan-türk ləhcəsinin ədəbi dil kimi qəbul edilməsini vacib hesab edirdi. "Ana dili” məqaləsində ədəbi dil məsələsinə aydınlıq gətirmək istəyən Köçərli yazıb: "Xeyli vaxtdır ki, dil məsələsi məhəlli müzakirəyə qoyulub, onun üstündə məclislərdə, qəzet sütunlarında və jurnallarda bəhs olunur. Kimi İstanbulda işlənən ədəbi dili tərif edib, onu sair yerlərdə işlənən türk dillərinə tərcih verir, kimi Azərbaycan türklərinin şiveyi-lisanını bəyənib, onun tərəfini saxlayır. Bir paraları da İbn-Yasəf kimi türklər üçün ümumi bir dil təsis etmək fikrindədirlər ki, hər yerdə o dildə danışılıb yazılsın”. Firudin bəy ədəbi dilin hansı olması ilə bağlı, bu üç xətt arasında Azərbaycan-türk dilini müdafiə edərək, bunu belə əsaslandırırdı: "Hər millətin özünəməxsus ana dili var ki, onun məxsusi malıdır. Ana dili millətin mənəvi diriliyidir, həyatının mayəsi mənziləsindədir. Ananın südü bədənin mayesi olduğu kimi, ananın dili də ruhun qidasıdır, hər kəs öz anasını və vətənini sevdiyi kimi ana dilini də sevir. Bu, Allah-təalanın gözəl nemətlərindən birisidir, onu əziz və möhtərəm tutmaq hər kəsə borcdur”. Köçərlinin qənaətincə, Azərbaycan türkləri osmanlı şivəsini o baxımdan qəbul edə bilməz ki, İstanbul ədibləri öz dillərini unudub fars və ərəb terminləri ilə doldurublar. Doğrudur, Köçərli etiraf edirdi ki, Azərbaycan türkləri də uzun müddət farslarla bir yerdə yaşamağa məcbur olduğu üçün, bir növ onların dilinin təsirinə məruz qalıbdır: "Amma bununla belə, dilimizi o qədər qəliz və dolaşıq etməyibdir ki, onu anlamaq olmasın”. Bununla da Köçərli belə bir qənaətə gəlirdi ki, İstanbul şivəsini Azərbaycanda tətbiq etmək istəyən Ə.Hüseynzadə və başqalarının tutduğu yol səhvdir. O hesab edirdi ki, dili dolaşıq olan şəxsin fikri də dolaşıqdır: "Millətini sevən, onun mənəvi diriliyinə çalışan, tərəqqisi yolunda əmək sərf edən

yazıçılarımızdan, ədiblərimizdən və şairlərimizdən çox-çox təvəqqe edirik ki, dillərini asanlaşdırsınlar, ana dilindən uzaq düşməsinlər”. F.B.Köçərliyə görə, milli məsələləri, milli ehtiyaclarımızı yalnız şairlər deyil, bütün ziyalılar düşünməli, xüsusilə M.F.Axundzadə, H.Zərdabi, Ə.Ağaoğlu və başqaları kimi millətinin oyanışına, maariflənməsinə, elm və mərifət əldə etməsinə çalışmalıdırlar. Bu baxımdan F.B.Köçərli "Azərbaycan türklərinin ədəbiyyatı” əsərində M.F.Axundzadənin əlifba islahatını, türkcə komediyalarını və s. yüksək qiymətləndirmiş, onu zəmanəsinin L.Tolstoyu, Musa Bigiyevi adlandıraraq Azərbaycan xalqının oyanışında misilsiz xidmətlər göstərdiyini yazmışdır. F.B.Köçərliyə görə, sadə ana dilində yazan və milli şair olan Qasım bəy Zakirin də bu məsələlərdə Axundzadəyə mühüm təsiri olmuşdur: "Zakir xalqının dilini və dolanacağını çox yaxşı bildiyi üçün Mirzə Fətəliyə yazdığı namələrdə özünün həqiqi milli bir şair olduğunu göstərmişdir. Mirzə Fətəli isə hər şeydən artıq dost tutduğu öz millətinin sadə dili və sadə dolanacağı olduğu üçün Zakirin bu milli ruhuna və milli ədasına artıq dərəcədə əhəmiyyət verərmiş”. F.B.Köçərliyə görə, Axundzadə ilə yanaşı, millətinə ən böyük töhfə verən aydınlarımızdan biri də Həsən bəy Zərdabidir. Zərdabinin millət qarşısında əsas xidmətlərindən biri bundan ibarətdir ki, o öz həmməzhəblərinin oyanmasına ilk təkan vermişdir. Belə ki, Zərdabi "Əkinçi” qəzetini yaratmaqla Azərbaycan-türk millətinin önündə yeni bir səhifə açıb. O qeyd edib ki, Həsən bəyin bu yolunu dövründə davam etdirənlərin başında isə Əhməd bəy Ağaoğlu dayanır. Köçərlinin fikrincə, Ağaoğlunun "Axund və İslam” əsəri məzmununa görə, müsəlman ruhanilərinin qara işlərinin və şəxsi mənfəət meyillərinin əleyhinə çevrilmiş ən qüvvətli bir etirazdır. Bu baxımdan, islamı biz din xadimlərinin dilindən deyil, Ə.Ağaoğlu kimi elmli, bilikli şəxsiyyətlərin əsərlərindən oxuyub öyrənməliyik. Köçərli onu da qeyd edirdi ki, Ə.Ağaoğlu islamla bağlı bu günə qədər pərdə arxasında qalan bir çox keçmiş adət-ənənələrimizi, mədəniyyətimizi ortaya qoyur və eləcə də xilas yolumuzu göstərir. Zərdabi və Ağaoğlunun yolunu davam etdirən Köçərli üzünü müsəlman qardaşlarına tutaraq yazırdı: "Ey qardaşlar, həyatın qədrini biliniz, həyat Allah-təalanın hədiyyəsidir, ayılınız, hərəkət ediniz, qapı-bacalarınızı açınız, evinizə işıq düşsün, üfunətli və ağır havası dəyişilsin. Gözünüzün tozunu silib, diqqət ilə ətrafınıza baxınız, hər kəs işləyir, çalışır, həyatdan nəfbərdar (mənfəət qazanır) olur. Haqq-təala "Leysə lil insanə illa masəa” (insan üçün onun əməllərindən başqa bir şey qalmayacaqdır) əmr buyurmamışlarmıdır?”. Qeyd edək ki, F.B.Köçərlinin yaşadığı dövrdə türk-müsəlman xalqlarının mövcud problemlərdən xilas olması və inkişafı üçün, radikal qərbçiliyi əsas prinsip kimi götürən Məhəmmədağa Şahtaxtlı, Cəlil Məmmədquluzadə və onunla həmfikir olanlar bu yolda islam və ona əsaslanan "İttihadi-islam”ı isə əngəl kimi görür, tərəqqipərvər islamçılıqdan çıxış edənləri, xüsusilə Ə.Ağaoğlu, Ə.Topçubaşov və başqalarını "panislamizm”ə, yəni "islam birliyi”nə çalışmaqda ittiham edirdilər. Xüsusilə, M.Şahtaxtlı Ə.Ağaoğlu, Ə.Topçubaşov başda olmaqla islamçı-türkçü ideoloqları qeyri-səmimilikdə ittiham edir, onları islamçılığın və türkçülüyün qabaqcılları kimi görmədiyini qeyd edirdi. Millətin ziyalıları arasında fikir ayrılığını qəbul etməyən F.B.Köçərli isə bu qarşıdurmaya qarşı çıxır və bunu, millətin birliyinə və inkişafına zərər hesab edirdi. O, üzünü onlara tutub yazırdı ki, indi dostları pərişan edib düşmənləri sevindirmək deyil, millət və vətən naminə birləşmək zamanıdır. Şübhəsiz, Firudin bəy çox haqlı və doğru yolda idi. Ancaq indi olduğu kimi, o dövrdə də bir çox aydınlarımız vahid milli konsepsiyadan, milli ideyadan çıxış edə bilmirdilər. Bu yolda, yəni milli birlik uğrunda mübarizə aparan F.B.Köçərli, M.Ə.Rəsulzadə, N.Yusifbəyli, Ə.Topçubaşov kimi aydınlarımız isə, o dövrdə həm daxili, həm də xarici qüvvələr tərəfindən tənqid hədəfi idilər. Hətta, onlardan bir çoxu, o cümlədən F.B.Köçərli də N.Yusifbəyli, F.Xoylu, H.Ağayev və başqaları kimi bu yolda şəhid oldu. Belə ki, 1920-ci il aprelin 27-də Azərbaycan Cümhuriyyətini işğal edən rus-erməni hərbi birləşmələri heç bir məhkəmə olmadan, "üçlüy”ün qərarı ilə Firudin bəyə ölüm hökmü cəzası kəsib. Onun tək bir günahı var idi: millətinə, vətəninə və dininə bağlılığı.

Şəymən