Onda gərək hər kəsin telefonuna da nəzarət olunsun

Dini ədəbiyyatlarla bağlı ekspertizanın keçirilməsi effekt verməyəcək





Son günlər hüquq-mühafizə orqanları tərəfindən qanunsuz olaraq "nurçuluğu” təbliğ edən şəxslər həbs olunur. Onlardan digər əşyalarla yanaşı, dini məzmunlu ədəbiyyatlar da aşkar edilərək götürülür. Bunu nəzərə alan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ekspertiza keçirmək qərarına gəlib. Komitənin mətbuat xidmətindən verilən məlumata görə, aşkar edilmiş dini ədəbiyyatlar

Dövlət Komitəsində müvafiq dinşünaslıq ekspertizasından keçiriləcək. Ekspertizanın nəticələrinə əsasən, bu ədəbiyyatın əldə olunması, istehsalı, həmçinin istifadəsinin qanunauyğunluğu barədə rəy veriləcək.

Parlamentin insan hüquqları komitəsinin üzvü Fazil Mustafa deyir ki, dəyişikliklər bütün dini malları əhatələyir. Yəni burda təkcə satışdan söhbət getmir. Dini əşyaların, ədəbiyyatların paylanmasına, kiməsə hədiyyə verilməsinə də məhdudiyyətlər nəzərdə tutulur: "Bu qadağa yersizdir. İnsana bu qədər məhdudiyyət qoymaq olmaz. Məsələn, kiməsə "Qurani-Kərim” vermək istəyirsən, amma irad bildirirlər ki, bunun üzərində hər hansı marka yoxdur. Yaxud bir kitaba fikrini yazıb, tövsiyə edib kiməsə hədiyyə etmək istəyirsən, ancaq paylamaq da yasaq olduğu üçün edə bilmirsən”. F.Mustafa çıxış yolunu qadağalarda deyil, dini maarifçiliyi artırmaqda görür. Deputatın fikrincə, yalnız o halda insanlar daha sağlam dini anlayışa yiyələnərlər: "Bu qədər basqı, məhdudlaşdırma, əksinə, ekstremizmin yayılmasına şərait yaradacaq. İxtisaslaşmış dini kitabxanaların olması yaxşı haldır. Amma nəzərə almaq lazımdır ki, hazırda dini ədəbiyyatlar təkcə ixtisaslaşmış dini mağazalarda deyil, adi kitab evlərində də satılır”.

İlahiyyatçı Elşad Miri də deyir ki, dini ədəbiyyatlara aksiz markası tələb edən spirtli içki və tütün məmulatları ilə eyni səviyyədə yanaşılması təəssüf doğuran haldır: "İnformasiya əsrində belə addımlar müsbət nəticə verə bilməz. Onda gərək hər kəsin telefonuna da nəzarət olunsun və orada yasaqlanmış kitab və ya hər hansı materialın olub-olmadığı üzə çıxarılsın. Əgər bu mümkün deyilsə, deməli, çıxış yolu deyil. Əksinə, qadağan olunmuş kitabların siyahısını və onların niyə yasaqlandığını ictimaiyyətə bildirmək, alternativ yol təklif etmək lazımdır. Alternativ yol isə orta məktəblərdə dinlə bağlı fənlərin tədris olunmasıdır. Əks halda insanların daxilindəki inanc dolmayacaq”.

Millət vəkili Zahid Oruc da qeyd edib ki, indi kompyuterlər vasitəsilə istənilən ədəbiyyatı əldə etmək mümkündür: "Ən müxtəlif dini təriqətlər informasiya resurslarında öz yazılarını yerləşdirirlər. Bunun qarşısını almaq mümkün deyil. Belə problemlərin qarşısını almaq üçün din siyasətini düzgün qurmaq lazımdır. Din və dövlət idarəçiliyindəki sərhədi saxlamaq istəyiriksə, dini siyasətimizi düzgün qurmalıyıq”.

İsmayıl