Xaricdə təhsil alanlara ictimai qadağa...

“İctimai fənn”lərin tədrisində yeniliklər var





Azərbaycanda xarici ölkələrdə təhsil almış müəllimlərin bəzi fənləri tədris etməsi qadağan olunub. Belə ki, təhsil nazirinin əmri ilə təsdiq olunan Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu qaydalarında qeyd olunub ki, ümumtəhsil məktəblərinin tədris planında "İctimai fənlər” bölmələrində nəzərdə tutulan fənlərin tədris edilməsi üçün xarici ölkələrdə təhsil almış müəllimlərin saathesabı, əvəzçilik qaydasında və ya müvəqqəti əmək müqaviləsi ilə işə qəbulu qadağandır.

Təhsil eksperti Nabatəli Qulamoğlu isə hesab edir ki, bu tədbirlər təhsil sahəsindəki neqativ halların aradan qaldırılmasına istiqamətlənib: "Aprelin 21-də nazirin imzaladığı əmrin əvvəlində qeyd olunub ki, prezidentin korrupsiyaya qarşı mübarizə haqqında sərəncamına uyğun olaraq, əmr verilir. Demək olar ki, təhsil nazirinin son zamanlar imzaladığı əmrlərin böyük əksəriyyəti birmənalı olaraq, təhsildə korrupsiyanı aradan qaldırmaq məqsədi daşıyır”.

Konkret olaraq, xarici ölkələrdə təhsil almış müəllimlərin "ictimai fənlər” bölmələrində nəzərdə tutulan fənləri tədris etməsinə qoyulan qadağaya gəldikdə isə ekspert vurğulayıb ki, xaricdə təhsil alan müəllimlərlə məktəb rəhbərləri gizli müqavilələr bağlayır və həmin müqavilələrdən də ikibaşlı xeyir götürürlər. Yəni təhsil müəssisəsinin rəhbərliyi 10 manatlıq müqaviləni 15 manata bağlayır və həmin şəxslə spekulyasiya edib, pul yeyirlər.

Təhsil sistemində işləmək üçün xüsusi qaydalar olduğunu vurğulayan N.Qulamoğlunun sözlərinə görə, həmin qaydalar 2013-cü ildə təsdiq olunub. Yeni əmrdən sonra da yenidən təzələnib və tamamilə yeni mahiyyətdə dərc olunub. İşə götürmənin də öz qaydaları var. Təhsil ocaqlarında çalışmaq istəyən insanlar mütləq imtahan verməlidir, kimliyindən asılı olmayaraq. Hesab edirəm ki, nazirin əmri birmənalı bütün bu alverin qarşısını almaq üçün verilib və çox da təqdirolunandır: "Əvvəllər məktəblərdə fənn müəllimi çatışmayanda həmin saatı ödəmək üçün başqa məktəblərdən müəllimlər qəbul olunmurdu, yalnız həmin məktəbdə dərs deyən müəllimlər arasında bölünürdü. Hətta bəzən "stavka” düzəlmirdi. Nazir bunu da ləğv edib ki, məktəblərdə stavka düzəlmədikdə, başqa məktəblərin müəllim kontingenti hesabına ödəmək lazımdır. Mikayıl Cabbarovun yeritdiyi bu siyasətin təhsilin inkişafı istiqamətində kompleks tədbirlər olduğunu vurğulayan ekspertin sözlərinə görə, bu tədbirlərin həyata keçirilməsində məqsəd isə təhsildə olan sui-istifadə və alver hallarının aradan qaldırılmasıdır. Bütövlükdə əmri təqdir etməsəm də, bu qərarları alqışlayıram. Əmrdə məni qane etməyən bəzi məsələlər var. Çünki onların işlək mexanizmi yoxdur”.

Xaricdə təhsil alan müəllimlərə niyə yalnız "ictimai fənlər” bölmələrində nəzərdə tutulan fənləri tədris etmələrinin qadağan olunmasına gəldikdə isə N.Qulamoğlu qeyd edib ki, spekulyasiyalar məhz həmin "İctimai fənlər” üzrə aparılır. Texniki fənlər üzrə müqavilə imzalanmır. Adətən bu cür müqavilələr səlahiyyətli şəxslər tərəfindən imzalanır və birbaşa cinayətdir.

Şəymən