“Yoxdur millətimin imzası bu imzalar içində”

Məhəmməd Hadi azərbaycançı məfkurənin, istiqlalın tərənnümçüsüdür




XIX əsrin sonu XX əsrin əvvəllərində bədii ədəbiyyatda, xüsusilə şeirdə azərbaycançılıq ideyasını tərənnüm edənlərdən biri də görkəmli şair Məhəmməd Hadidir. Azərbaycançılığın ilk carçılarından hesab edilən M.Hadi əsərlərində milli istiqlal ideyasını tərənnüm edərək, millət, vətən və islam kimi müqəddəs dəyərləri cəmiyyətə aşılayıb. Görkəmli şair ümumidən xüsusiyə, mücərrədlikdən konkretliyə doğru meyil edərək, Azərbaycan türklərinin milli istiqlal şairi kimi tarixə adını yazdırmağı bacarıb. M.Hadi 1879-cu ildə Şamaxı şəhərinin Sarıtorpaq məhəlləsində, tacir ailəsində doğulub. İbtidai təhsilini məhəllə məktəbində şamaxılı Molla Səmədin yanında alıb. Daha sonra Hacı Molla Abbasın məktəbində oxuyub. 9 yaşında atasını itirən şairin anası başqasına ərə gedib. Atasının ölümü ilə qohumların ümidinə qalan Hadiyə həyat xoş təsir bağışlamayıb. Qohumu Mustafa Lütfinin himayəsində yaşayan şair çətinliklə də olsa, ərəb dilini öyrənib. M.Hadi fitrətən sərbəst təbiətli, minnət götürməyən, məhdud yaşamağı bacarmayan istedadlı bir uşaq idi. Ona görə də, başına gələn fəlakətləri dərindən duyur, kiçik yaşlarında belə mənəvi iztirablar çəkirdi.

O, mühitinə sığmır, köhnə həyatda heç bir təsəlli əlaməti görmürdü. Bu mühitdən qurtulmağa can atırdı. Uzaq və böyük şəhərlərdə, yeni üsul ilə oxumaq, yeni elmləri öyrənmək istəyirdi. Lakin o zaman bu, yetim uşaq üçün müyəssər olmayan bir arzu idi. Hadi varlı qohumlarından bu barədə kömək istəsə də, heç kəs onun arzusuna əhəmiyyət vermirdi. Şair şeirlərinin birində deyirdi:

Oxumaqçün nə qədər dadü-fəqan etdimsə,

Olmadı zərrə əsərbəxş bu istimdadım.

Dağa dersən eşidir, sonra verir əks-səda,

Daşa dönmüşlərə əks eyləmədi fəryadım.

Hadi istədiyi məktəblərdə, istədiyi elmləri oxuya bilmədiyi üçün əmisi oğlunun köməyi ilə ticarətə atılır. Ancaq alış-veriş adamı olmayan şair tezliklə ticarət sahəsini tərk edir. Şamaxı zəlzələsindən sonra (1902) Kürdəmirə köçən Hadi orada müəllimlik etməyə başlayır. İlk dəfə 1905-ci ildə mətbuat aləminə çıxan şairin "Lövhi-məkatib” adlı şeiri "Həyat” qəzetinin 109-cu nömrəsində çap olunur. Yaxın tanışı Mustafa Lütfinin Həştərxanda nəşr etdirdiyi "Bürhani-tərəqqi” qəzetində çalışan M.Hadi tamamilə müəllimlikdən əl çəkir və "Həyat”, "Füyuzat” qəzetlərində elmə, maarifə çağıran şeirlər, intibah məsələlərinə dair məqalələr yazır. 1906-cı ildə Əli bəy Hüseynzadənin çağırışı ilə Bakıya gələn şair "Füyuzat” məcmuəsində çalışır. Buradakı bir çox müəlliflərindən fərqli M.Hadı

yerli həyata dair yazıların nəşrinə başlayır. "Füyuzat” qapandıqdan sonra "Tazə həyat” və "İttifaq” qəzetlərində işləyir. Şair 1910-cu ildə İstanbula gedir. Hadinin alovlu bir hiss ilə, tərəqqipərvər ruhla yazdığı şeirlər bütün Yaxın Şərqdə oxunur və yayılır. Hətta şairin "Fünun və maarif” adlı şeiri Hindistanda, "Həblülmətin” qəzetində farsca tərcümə olunub çap edilir. 1913-cü ildə kənardan gələn ziyalılardan şübhələnən Osmanlı hökuməti Hadini həbsə alır və Selanikə sürgün edir. Şair ağır fəlakətlərdən sonra 1914-cü ildə Azərbaycana qayıdır. 1915-ci ildə Qafqaz ordusunda feldşer sifəti ilə çalışdığı zaman Avstriya cəbhəsinə və Karpata gedir. Müsəlman əsgərləri arasında alay mollası vəzifəsini ifa edir. Harada, nə vəzifədə olursa-olsun, şair öz qələmindən, odlu şeirlərindən ayrılmır. Əksinə, cəbhə və döyüş həyatı onun yaradıcılığındakı mürəkkəbliyi daha da artırırdı. Müharibənin bütün dəhşətlərini duyan həssas şair bu hadisələrin heç olmasa qaralamasını cızmağa, gələcəkdə özünün fəlsəfi əsərini yaratmağa çalışırdı. Cəbhədən yazdığı məktublarından da görünür ki, Hadi gecəgündüz yazıb-yaradırmış. O, müharibənin bitməyini gözləyirdi ki, vətənə dönüb öz yaradıcılıq planlarını həyata keçirsin.

Şair cəmiyyətin gələcəyinə inanırdı və deyirdi ki, "hazırda atəşfişani-cahan olan müharibeyi-cəhənnəmdən sonra yeni həyat, yeni məişət vücuda gələcəkdir. Hər şeydə bir inqilab və təcəddüd görüləcəkdir. Dünyada bir dəyişiklik hasil olacaqdır. Madam ki, həyat daimi bir mübarizədən ibarətdir, bu mübarizədə məğlub deyil, qalib və zəfəryab olmaq istəyənlər vaxtın nə qədər qiymətli olduğunu anlayaraq, onun əmri-tələbinə itaət etməlidirlər”.

Hadi cəbhədə ikən bir sıra xırda şeirləri ilə yanaşı, tərcümeyi-halını əhatə edən "Sərgüzəşt”ini də yazmağa başlayıb. Müharibənin təsvirindən ibarət olub, Şərq ilə Qərbi müqayisə edən fəlsəfi poemanı da burada yazıb. 1918-ci ildə Qafqaz ordusundan qayıtdıqdan sonra Hadi bir müddət Gəncədə qalır, sonra Bakıya gəlir. Bu zaman Hadi maddi ehtiyac içində idi. Yerli hökumət adamları şairin taleyi ilə maraqlanmırdılar. Mətbuatda şeir çap etdirməklə yaşamaq mümkün deyildi. Şair öz əsərlərini vərəqə halında çap etdirərək satırdı. Müharibə dəhşətləri şairdə bədbin bir əhval-ruhiyyəyə səbəb olmuşdu. Hadi heç kəsə inanmaq, heç kəsə qoşulmaq istəmir, tənhalıqda sinədən dediyi odlu misralarla qəmini unutmağa çalışırdı.

M.Hadinin yaradıcılığında millət və vətən sevgisi ən ali səviyyədə və yüksələn xətlə təzahür edib. Bütün varlığı ilə millətini, vətənini sevən və onun istiqlalı üçün çalışan Hadinin milli ruhlu digər şeirlərində ("Amali-tərəqqi”, "Amali-istiqbal”, "Təraneyi-milli”, "Vətənin nidası”) millətin, vətənin istiqbalına, tərəqqisinə, azadlığına böyük və sonsuz ümid, inam var.

"Amali-istiqbal” (1906) şeirində şair milli özünüdərkin yeni mərhələsində olan Qafqaz-Azərbaycan türklərinin çağdaş bir millət kimi istiqbala qovuşacağına və bir daha azadlığı əldən verməyəcəyini ümid bəsləyir.

Ümidi-təalilə olur kəsbi-təkamül,

Ümid ilə insan ediyor teyyi-mərahil.

Amal ilə dərdəst olur əsbabi-məali,

Biz də olalım millət, əməlcuyi-təali.

Bir zərrə belə qorxmayırız desti-əcəldən,

İstərsə cahan çevrilə tərsinə təməldən

Türkün üzü çevrilməyəcək səmti əməldən.

Hadi bir tərəfdən dünya millətlərini göz önünə gətirərək "yox millətimin xətti bu imzalar içində” yazıb, başqa tərəfdən isə gələcəkdə millətinin xəttinin bu imzalar arasında olacağına ümid edib. Bununla da, M.Hadi azərbaycanlıların istiqlalı ideyasını irəli sürərək bunu əldə etməyin vacib olduğunu bildirirdi.

Hadi Azərbaycan Cümhuriyyətinin istiqlalını da sonsuz sevgi və hərarətlə qarşılayıb və istiqlalımıza təriflər yağdırıb. "Türkün nəğməsi”, "Əsgərlərimizə, könüllülərimizə”, "Məfkureyi-aliyyəmiz” kimi şeirlər qələmə alıb. Şair "Türkün nəğməsi” şeirində yazır ki, millətin istiqlal uğrunda tökülən qanları, məfkurə yolunda gördüyü işləri hədər getməyəcək:

Türkün tökülən qanları bihudə gedərmi?

Diqqətlə düşün, yoxsa bu qan həpsi hədərmi?

Dörd ildə verilmiş bu qədər can hədər olmaz,

Məfkurə yolunda tökülən qan hədər olmaz,

Qan ilə qazandıq zəfəri, verməyiz əldən.

Azərbaycan Cümhuriyyətinə həsr etdiyi "Məfkureyi-aliyyəmiz” şeirində isə Hadi gənc Azərbaycan dövlətinin varlığını dünya millətlərinə isbat etməyi zəruri hesab edib:

Məfkurəmiz yolunda nə lazımsa etməli,

Məqsədə doğru əzmü-xüruşanla getməli.

Çıxsın dilərsə qarşımıza həp məzarımız,

Qorxmaz məzardan bu dili-əzmkarımız.

Hürriyyət və millət vurğunu olan şair həyatı boyu millətinin imzasını imzalar içində görmək üçün dayanmadan savaşdı. Üsyankar şeirləri ilə dünyaya bağırdı. Səsi ilə cəhalətin qara pərdələrini yırtıb dağıtdı.

M.Hadini "kəşf” edən "Füyuzat” jurnalı Qafqazda çar Rusiyasının yürütdüyü hakim rusçuluq siyasətinin qarşısına millilik idealları ilə çıxır, hamını bu ideallar ətrafında birləşməyə çağırırdı. Güclü inanca dayanan böyük ziyalılar dərgidə geniş ədəbi-elmi-siyasi coğrafiyanı əhatə etməklə yanaşı, dilimizin təmizliyi uğrunda da savaşırdılar. Bu dövrdə M.Hadinin "İstiqbalımız parlaqdır” şeiri artıq cəmiyyətdə geniş nüfuz qazanmışdı. Onun "Şühədai-hürriyyətimizin əhvalinə ithaf” şeiri 1918-ci ilin martında erməni daşnaklarının törətdikləri qanlı cinayətlərdən, erməni-müsəlman faciəsindən, tökülən günahsız qanlardan bəhs edirdi.

Hadinin yaradıcılığının bir qismini də məqalələri təşkil edir. İlk qələm nümunəsi "Həyat” qəzetində çıxan "Bəyani-həqiqət” yazısıdır. Bu yazıda millətin düşdüyü cəhalət vəziyyətindən söhbət açır: "Elm və mərifətlə müsəlləh olmayan bundan sonra bədbəxt halda yaşayacaqlar, yaşamayacaqlar, sürünəcəklər”.

Hadi AXC-nin rəsmi orqanı olan "Azərbaycan” qəzetində də çalışıb. Bu qəzet yarandığı gündən vətənsevərlərin, millət fədailərinin ruporuna çevrilib. Dövrün ən kamil ziyalıları, şairləri fikir və duyğularını bu qəzetdə ifadə ediblər. M.Hadinin imzası isə milliliyi və azadlığa vurğunluğu ilə seçilirdi. Qəzetin ən fəal müxbirlərindən olan M.Hadi dövrünün görkəmli şairi kimi böyük nüfuz qazanmışdı. Şairin "Azərbaycan” qəzetinin 1919-cu il 23 aprel sayında dərc olunmuş "Əsgərlərimizə, könüllülərimizə” şeiri də ürəkləri fəth edib:

Qorxutmamalı bizləri yollardaki əngəl,

Məfkurəyə doğru yürü, qoş, durma, çabuk gəl!

Millət tikəcək namına ölsən dəxi heykəl,

Qoyma toxuna yurduna naməhrəm olan əl!

Bizlərdə bu gün olmalı bir məqsədi-əkməl,

Millətlə Vətən rahinə qurban olalım, gəl!

Ömrünün sonlarına yaxın olduqca ağır günlər keçirən şair 1920-ci ildə Gəncədə olarkən mübtəla olduğu ağır xəstəlikdən xəstəxanada yatıb. Lakin müalicə almağa imkanı olmayıb. Hətta bəzi mənbələrdə yazılır ki, şair öz şeirlərini sataraq dərmana verir, çörəkpulu edirmiş. Tanınmış şair Əli Nəzminin öz xatirələrində yazdığına görə, həmin ilin baharında şair ağır maddi ehtiyac içində imiş. Bu səbəbdən fələyin dərdinə dözməyən görkəmli istiqlal şairi M.Hadi 1920-ci ilin mayında Gəncə üsyanından bir neçə gün sonra 41 yaşında vəfat edib. Bəzi mənbələrdə isə M.Hadinin uzun çəkən xəstəliyə görə vəfat etdiyi bildirilir. İndiyədək Hadinin çox az əsərləri bizə çatıb. Ancaq onun az əsər yazmadığını qeyd edən ədəbiyyatçılar güman edirlər ki, şair öz şeirlərini satdığından onun bəzi əsərləri bədəni ilə bərabər torpağın altına gömülüb.

İsmayıl