Aqşin Yeniseydə serrozun ilkin əlamətləri qeydə alınıb







Bu haqda önun özü məlumat verib: "4 xəstəxanada verdiyim analizlərin nəticələri göstərir ki, mən sarılığa tutulmuşam və qaraciyərə su yığılaraq serroza çevrilib".

ANS TV-nin məlumatına görə, hazırda 1 saylı şəhər klinik xəstəxanasında müalicə alan gəns şair Aqşin Yenisey səhhəti barəsində danışırkən belə dedi.

Düzdür xəstəxanada rəhbərlik rəsmi icazə olmadığını əsas gətirərək çəkilişə mane oldu. Amma oxucularının istəyini nəzərə alıb, onunla görüşümüzü telefonla çəkmək məcburiyyətində qaldıq.

Şair Aqşin Yenisey deyir ki, "Sadəcə mən elə bilirdim ki, məndə qarına yığılan bu köp nəsə başqa bir şeydir. Sonradan öyrəndim ki qaraciyərə su yığılıb. Qarının aşağısında ağırlıq hiss eləyirdim".

Aqşin hazırda ciddi həkim nəzarətində olduğunu və hər hansı bir əməliyyata ehtiyac görülmədiyini söylədi.

O vurğulayır ki, "Sadəcə belə deyirlər ki, müalicədən sonra mən zərərli vərdişlərimdən əl çəkməliyəm. Müəyyən pəhriz yeməkləri etməliyəm. Müalicədən sonra həkimim özüm olmalıyam".

1 saylı şəhər klinik xəstəxanasından isə bildirildi ki, hazırda xəstənin qaraciyərinə yığılmış suyu azaltmağa çalışırlar. Aqşinin səhhətinin yaxşılığa doğru getdiyini təsdiq edən yaxın dostu Sadiq Əliyev deyir ki, tanınmış ziyalılar onun vəziyyəti ilə mütamadi maraqlanır.

Aqşin Yenisey xəstəliyinin yaradıcılığına mane olmadığını, bu vaxtlar ərzində romanının 2 fəslini yazdığını dedi. Əslən Cəlilabad rayonundan olan 36 yaşlı Aqşin Yenisey yeni dövr azərbaycan ədəbiyyatının nümayəndələrindən biridir. 5 kitabın, bir romanın və yüzdən artıq məqalənin müəllifidir.