“MİLÇƏYİN” ÖLÜMÜ



Tanrıverdi Nağıyev Ağstafa rayonu Dağkəsəmən kəndində anadan olub. "Gücüm var mənim” və "Nədən lazımdır yazmaq” şeirlər kitabının müəllifidir.

ALMA AĞACI

Yaşamaq istərdim adi bir ömür,
Nə daş-qaşı olsun, nə zəri olsun.
Nə yoxsul, nə zəngin, sadə bir ömür,
Alma ağcına bənzəri olsun.

Saralıb ətrini ellər duyanda
Əyər budağını-qonaq ol-deyər.
Elə ki dərildi, "Kasıblayanda”
Yığar ətəyini-uzaq ol-deyər.

Kökündə səxavət, alicənablıq
Tanrı yaratdığı hikmətə bir bax!
Özündə şirinlik, üzündə saflıq,
Onda gözəlliyə, xislətə bir bax!

De gƏlsin

Otağımda yalqız idim bu gecə
Xəyalımla tək qalmışdım baş-başa
Aldı məni ağuşuna düşüncə
Öz-özümə sual etdim bir başa:

-Həqiqətdə şairliyin şərti nə?
Namərd edir birdən-birə mərdi nə?
Bu dünyanın azarı nə? - Dərdi nə?
Bax bu meydan,bax bu şeytan de gəlsin
Şairliyin el gözündə yüksəlsin.

Fikrə daldım, yozdum-yozdum mövzunu
Haqdan gələn doğru cavab aradım.
Sübhə yaxın,sonda çözdüm mövzunu
Düşünürəm sorğulara yaradım.

Şair gərək şərə düşmən yad ola
Varlığından el sevinə, şad ola
Zaman-zaman könüllərdə yad ola
Ağızlarda şeri, sözü, söhbəti
Olmalıdı hər mövzuda qüdrəti.

Çox çalışdı öz -özünü yordu mərd
Nə haqq verdi-sağ ol!-dedi o namərd
Haqsızlıqdan namərd etdi onu dərd
Döndü həyat mərd üzünə ağ oldu...

Sinəsində çalın-çarpaz dağ oldu...
...Bu dünyanın dərd-azarı tamahdı
Qəlbə verən ahu-zarı tamahdı
Məhv eləyən insanları tamahdı
Kim ki boğur,cilovlayır nəfsini

Ustadından kamil almış dərsini.
Məntiqimdən razı qaldım özüm də
Coşdu qəlbim təzələndi, suallar
Qeyri-adi həvəs duydum özümdə

İlhamımla məzələndi suallar..
-Şair misgin həyat sürür nədəndi
Olayları duyur görür nədəndi
Sözdən əlvan çələng hörür nədəndi

Bax bu meydan bax bu seytan de gəlsin
Avazından könlüm,ruhum dincəlsin.
Dönə-dönə dedim qəlbən -baş üstə
İlahi soz yaddı- kimə doğmadı.

Baş qoyaram şair qoyan daş üstə
Onun dərdi ürəyimə doğmadı.
Şairin tək varı-yoxu sözüdü
Sözü satan,sözü alan özüdü

Ona qalan ürəyinin közüdü
Dərd könlündə sıralanar,düzülər
Yaşa dönər gözlərindən süzülər
...Həssas qəlbi olayların beşiyi

Təmənnasız çəkər haqqa keşiyi
Rəva qılmaz o özünə hər şeyi.
Nakam ömrü vaxtsız solar,qocalar
Ölüb gedər vaxt üstündə ucalar.

...Söz şairin gül-çiçəkli yazıdı
Saf eşqində bir gözəlin nazıdı
Söz ruhunun tar-kamanı,sazıdı
Sözdü dostu,sevgilisi, həmdəmi
Sözlə udar,həzm eləyər hər qəmi.

MƏN

Haray çəkib deyir könlüm:
-”Hələ sağam, diriyəm mən”.
Doğma vətən torpağının
Xan Arazı,Kürüyəm mən.

Axıb-axıb yorulmuşam,
Damcı-damcı durulmuşam,
Qəm, kədərdən yoğrulmuşam,
Gah acıyam, şirinəm mən.

Tanrıverdi- haqq səsiyəm,
Şeirin ətri, nəfəsiyəm!
Allahın bir bəndəsiyəm,
Göylər kimi dərinəm mən.

"MİLÇƏYİN” ÖLÜMÜ

Şeir aləmində bir milçək öldü,
Dostları saxladı, tutdu yasını.
Cəmi həşəratlar axışdı gəldi,
Ağcaqanad çaldı kamançasını.

Böyüdü anbaan yas mərasimi,
Asayiş üzərə görüldü tədbir.
Mərhumun şəninə bir "şair kimi”
Alovlu nitqlər də söyləndi bir-bir.

Əvvəlcə hörümçək durdu ayağa,
Özünə "dağ” çəkdi,dizinə vurdu...
Boylandı gah sola gah da ki sağa
Sivişdi bir küncə torunu qurdu...

Arı söhbət açdı vızıldayaraq,
Sənətkar ömrünün ülviyyətindən.
Olub keçənləri yada salıb bax
"Dəm vurdu” milçəklə ünsiyyətindən.

Əqrəb, çəyirtkə, qaraböcək də
Şirin xatirələr söylədi bol-bol.
Anıb xoş günləri yandı ürək də,
Durdu göz önündə "o şərəfli yol”.

Milçəyin ölümü "çox ağır oldu”,
Çıxdı şerimizin "kədəri” üzə.
Poeziya ailəmi saraldı, soldu,
Şair istəyirəm bu dərdə dözə...

Olsun

Şərtdi şair yaradanda yazanda
Həmqafiyə öz yerində düz olsun
Havalanıb, hətta təbii azanda
Çərçivədə söz yerində düz olsun.

Əks eləsin şeriyyəti zamanı
Millət görsün həm yaxşını - yamanı
Gələr bir gün hər bir şeyin zamanı
Başda əyri - düz- yerində düz olsun

Tanrıverdi, dərd içində hönkürə
Halallıqla ömür sürə gün sürə
Söz ağzından vulkan kimi püskürə
Ürəyində haqdan yanan köz olsun

SƏNƏTKARLIQ

Elə bilmə, şeir yazmaq asandı,
Yazanların çoxu bezdi, usandı.
İradımı o,bilmirəm, nə sandı,
Mən deyirəm sənə tutub üzümü,
Yadda saxla, dediyimi, sözümü.

Olsun gərək incə, fərdi üslubun,
Qovsun şeirdən qəmi, dərdi üslubun,
Hamı desin təzə-tərdi üslubun,
Yeni sözün, nəğmələrin yayılsın
Cızma-qara yazanlar da ayılsın.

Misralarda hecaların sayını,
Bölgüləri, qafiyənin tayını,
Şeiriyyətdə zövq əhlinin payını,
Ədalətlə doğru düzgün ver ki, sən
O dostları sevindirə biləsən.

İlkin öyrən şeiriyyətin özünü,
İfadəli, obrazlı de sözünü,
Ərincəklik qoy yummasın gözünü,
Oxu, ara, əziyyətə sinə gər
Şair olmaq istəyirsən, sən əgər.


Forma, məzmun bir ağ donlu gəlindi,
Anla bunu, dərk elə sən, gəl indi,
İncəliyi, sirri duymaq çətindi,
Tanrı verən istedadın olmasa,
Dərs aldığın bir ustadın olmasa.




Tanınmış vəkil Aslan İsmayılova ithaf edirəm

Ədalət və Hüquq

Ədalət Prinsipi...
Nədir bu-İlahi mövzu?...
Zənnimcə həyatın dadı-duzu...
Müəyyən edir həddi,sərhəddi.
Təqsiri,suçu.
Öyrədir insana bərabərliyi.
Olmasaydı cəmiyyətdə hüquq,
bərabərlik
Olmazdı qayda-qanun
olardı,
dərəbəylik!
Ədalət- ən ali meyar!
Babalarmızdan qalmış
daş tərəzinin qoşa cüt gözü.
Birində əməl,mükafat,cəza
o birində özü.
Hər gözün "quş dimdiyi” üzbəüz
dayanmalı!
qrama-qram,düz dayanmalı.
Əyilsə yana
pozular nizam qayda-qanun intizam.
Hüquq çıxar meydana...
Əks edər həqiqəti.
İddia,tələb haqdan,qəti.
Məhəl qoymasan ona
Mübahisə yol açar
qırğına,
ölümə,qana...
...Uzun çəkdi məhkəmə...
Müttəhim batmış qəmə...
Olmasa da günahkar,
üzərində ağır ittiham var.
Qolları bağlı,
bəxti,yolları bağlı...
Başlandı mühakimə.
Vəkillə ittihamçı "qana-qan” dedi
Sözü "qılıncla-qalxan” dedi...
Döyüşdülər,çəkişdilər
Əldən düşdülər...
Müdafiəçi təcrübəli,
məntiqlə alt-üst etdi
saxta sübut dəlili
"Hücumçunu yıxdı”, küncə sıxdı
Elə bu an bu zaman
həqiqət göründü üzə çıxdı..

KİMİ

Şair istəyirəm çıxsın meydana,
Dayansın qarşımda sözü var kimi.
Sənətkar əzmini göstərim ona,
İçim şirəsini, əzim nar kimi.

Bulansın, durulsun suyu süzülsün,
Ümidi qələmdən, sözdən üzülsün,
Şerim sıralansın, səf-səf düzülsün,
Asılsın boynundan ilgəh dar kimi.

Oynayım onunla həvəslə, canla,
Oynayır necə ki, pişik siçanla.
Bərəlsin gözləri qorxu, gümanla,
Könül xanimanı tari-mar kimi.

Hər kəs yarışmanın seyrinə dalsın,
Tanrıverdi cana vəlvələ salsın.
Yarı boğazında ilişsin, qalsın,
Yediyi, içdiyi zəhrimar kimi.

MƏNƏM ŞEİRİN DİLAVƏRİ

Mənəm şeirin dilavəri,
Arxasında sözün duran.
Söz mülkünün cəngavəri
Sağa-sola qılınc vuran.

Söz ruhumda, təməlimdə,
Hər işimdə, əməlimdə.
Sözlər mumdu qələmimdə
Söz dağını mənəm yaran.

Söz həsrətim, söz qəmimdi,
Söz sevincim, xoş dəmimdi,
Söz sevgilim, həmdəmimdi,
Mənəm sözə, şeirə varan.

Həqiqəti mədh edərəm,
Neçə zirvə fəth edərəm,
Söz önündə əhd edərəm,
Yaradaram böyük Turan.

Tanrıverdi yanar bir şam,
Öləziyər, sönər olsam,
Haqq yolundan dönər olsam,
Qənim olsun mənə Quran.

ŞEİRİYYƏT

Sözün, şeiriyyətin dəli kürüyəm
Sahili görünməz coşğun çayam mən.
Təbim dil-dil ötür, deyir ki, nə qəm:
-”Günəş olmasam da, təzə ayam mən”.

Şeir dünyasında pəhləvan kimi
Varmı elə şair qolumu əyə?
Şığıyıb üstümə bir aslan kimi
Döş-döşə mənimlə pəncələşməyə.

Yarışaq meydanda gəlsin təkbətək,
Sənətin şəninə içək sağlığı.
Sözün qüdrətində açaq, göstərək
Sirri, incəliyi, sənətkarlığı.

Hisslə duyğuların təravətində
Qaynayıb qarışsın itsin qafiyə.
Yoğrulub saf qəlbin hərarətində
Ruhun mayasında bitsin qafiyə.

Yazaq nəğməmizi bəstəkar kimi,
Ən incə ruhlara zövq versin ahəng.
Gözəl şair kimi, sənətkar kimi
Sözlərdən bağlayaq əlvan bir çələng.

Yer kürƏsi

Yer kürəsi nə yox səndə?
Özün kimi oymaq olmaz
Bəzən üzə gülməsən də
Yenə səndən doymaq olmaz

Min zövq ilə yaranmısan
Cilvələnib daranmısan
Ayla, günlə sarınmısan
Ulduzları saymaq olmaz

Təbiətin əsrarəngiz
Çölün, düzün lalə,nərgiz
Meşələrin yaşıl dəniz
Belə cənnət bir bağ olmaz

Himalayın sirlə dolu
Çən, dumandı zirvə yolu
Şah dağın var dəli,dolu
Elə şıltaq bir dağ olmaz

Qızıl quşun , tərlanların
Pələnglərin, aslanların
Maralların, ceyranların
Göz yaşına qıymaq olmaz

Şəlalələr,sulu çaylar
Kürün, Nilin ulu çaylar
Sahilləri bizi haylar
Xülyalara uymaq olmaz

Okeanların, dənizlərin
Göylər kimi sonsuz,dərin!
Çimərliklər gözəllərin
Göz qaçırmaq,yummaq olmaz

Kainatın bəzəyisən
Ən gözəli, göyçəyisən
Bu gün barıt çəlləyisən
Səni gözdən qoymaq olmaz.