İstanbul hər kəsi 7-29 iyun tarixlərində möhtəşəm “Shopping Festival”a dəvət edir

Türk Hava Yolları bir qrup mətbuat nümayəndəsinin İstanbula səfərini təşkil edib



İyunun 7-29-da Türkiyənin İstanbul şəhərində keçiriləcək "İstanbul Shopping Festival”la əlaqədar Türk Hava Yolları (THY) Azərbaycandan olan bir qrup mətbuat nümayəndəsinin İstanbula səfərini təşkil edib. Səfər festivalın tanıdılması məqsədi daşıyıb. THY Azərbaycanla yanaşı, Rusiya, İran, Ukrayna, Yunanıstan, Albaniya, Səudiyyə Ərəbistanı, Serbiya, Makedoniya və digər ölkələr - ümumilikdə 17 ölkədən olan 42 media təmsilçisinə də belə bir şərait yaradıb.

Səfər proqramı "İstanbul Shopping Festival”ın ana sponsoru olan THY ilə tanışlıqla başlayıb. Daha sonra jurnalistlər İstanbulun nəhəng ticarət mərkəzlərindən biri olan "Zorlu Center”, festivalın əhatə etdiyi "VILAND” ticarət və əyləncə mərkəzində olublar. Ticarət mərkəzi və tematik park inteqrasiyası ilə dünyada bir ilkə nail olan "VIALAND” keçən il 8,5 milyon nəfər ziyarətçi qəbul edib, bu il isə 30 milyon ziyarətçi gözləyir.

Növbəti gün mətbuat nümayəndələrinin proqramı "Panorama 1453” Tarix Muzeyindən başlayıb. Sonra İstanbul Ticarət Mərkəzində festivalın təmsilçiləri ilə görüş təşkil olunub. "İstanbul Shopping Festival-2014”ün İcra Komitəsinin həmsədri Hakan Orduhan deyib ki, festivala ölkə xaricindən 1 milyona yaxın turistin gəlməsi gözlənilir. Turist axını daha çox Türkiyənin çevrəsindəki ölkələrdən olacaq: "Buraya Azərbaycan da daxildir. Festivala Azərbaycandan olan dostlarımızı gözləyirik. Tədbirdə dünya və Türkiyə markaları iştirak edir və onların hər birinin özəl təqdimatları olacaq. 7-29 iyun tarixlərində İstanbula gələnləri 30-70 faizlik endirimli alış-verişlə yanaşı, gecə saatlarına

qədər davam edəcək konsertlər, ziyafətlər gözləyir. Küçələrdə böyük konsertlərimiz keçiriləcək. Yerli və xarici müğənnilərin çıxışları olacaq. Bu, möhtəşəm bir festival olacaq”.

Festivalın təşkilatçıları ilə görüşdən sonra qonaqlar İstanbulun gəzməli və tarixi yerləri ilə tanış olublar. Proqramın sonunda media nümayəndələri THY-nın İkram Mərkəzində də olublar. Burada onlar hər gün həyata keçirilən reyslərdə minlərlə insana təqdim olunan müxtəlif çeşidli, yüksək keyfiyyətli yeməklərə, çörəklərə, içkilərə, şirniyyatlara baxış keçiriblər. Daha sonra THY-nin çoxsaylı qurumlarının arasında önəmli yer tutan, milyonların istifadə etdiyi təyyarələri idarə edənlərin hazırlandığı Uçuş və Təlim Akademiyası ilə tanışlıq başlayıb. Pilotların hazırlıq keçdiyi, bütöv bir şəhərciyi xatırladan mərkəz son model avadanlıqlarla təchiz olunub. Burada pilotların təlim keçdiyi 9 ədəd "Boing 777” tipli simulyatorlara (onların hər birinin qiyməti 50 milyon dollar təşkil edir) baxış keçirilib. Simulyatorlarda təyyarənin eniş, qalxış, uçuş vəziyyətləri nümayiş olunub. Mətbuat nümayəndələri şərti də olsa, qəza, yanğın, partlayış vəziyyətlərinə düşüb, belə anda nələr etmək lazım olduğu barədə məlumatlandırılıblar. Akademiyada o da qeyd olunub ki, burada bir pilotun hazırlanması üçün minimum 3 il vaxt lazım gəlir. Sonra THY baş ofisində şirkətin baş direktoru Təməl Kotil mətbuat nümayəndələrini qəbul edib. T. Kotil THY-nin Afrika, Amerika, Asiya və Avropanın ən müxtəlif nöqtələrinə, Avstraliyaya, eləcə də Türkiyə daxilinə çoxsaylı reyslər həyata keçirdiyini deyib. O qeyd edib ki, 80 il əvvəl cəmi 5 təyyarə ilə fəaliyyətə başlayan THY-nin aviasiya parkında hazırda 200 təyyarə var. Ötən ay THY aviasiya üzrə dünyanın ən yüksək mükafatlarından biri olan "2012 Freddie”də iki istiqamət üzrə mükafat qazanıb. Bundan əvvəl isə THY Avropanın "Ən yaxşı hava yolu” elan edilib. Mülki aviasiya sektorunda keyfiyyəti qiymətləndirən "Skytrax”ın dəyərləndirməsinə görə, THY 3 kateqoriyada "Avropanın ən yaxşı hava yolu” mükafatını alıb. THY-nin hazırda Bakıya gündə 4 dəfə reyslər təşkil etdiyini nəzərə çatdılran T. Kotil bu reyslərin sayının daha çox olmasını istədiklərini söyləyib. O, yaxın zamanlarda fəaliyyətə başlayacaq İstanbul-Lənkəran-İstanbul reysi barədə də danışıb: "Uçuşların sayı artdıqca qiymətlər enir. Bizim tək bir məqsədimiz var - insanlar bizim xəttimizlə uçsunlar. Təki uçuşlarımızın sayı çox olsun”. Səfər proqramının sonuncu gününün son ünvanı isə nəhəng İstanbul Akvariumu olub. Üç il əvvəl fəaliyyətə başlayan akvariumun ziyarətçilərinin sayı yüz minlərlədir. 2003-cü ildə İstanbul bələdiyyəsi tərəfindən elan olunmuş tenderdə qalib gəlmiş 4 böyük şirkət tərəfindən qurulan akvarium hazırda dünyanın ən böyük Tematik Akvariumu hesab olunur.