Bütün yollar Xankəndinə aparırsa...

Zahid Oruc: “Mən birmənalı şəkildə Mirşahin bəyin mövqeyini bölüşürəm”
Aqil Abbas: “Bu müraciəti mən də dəfələrlə dilə gətirmişəm. Demişəm ki, ermənilər Azərbaycan vətəndaşlığını qəbul etsinlər, gəlib burda mənim kimi deputat olsunlar”


ANS-in vitse-prezidenti Mirşahin Ağayev "Hesabat”da Dağlıq Qarabağın erməni icmasına müraciət edib. Ermənistan hökumətinin əsarəti altında inləyən erməniləri xoşbəxt olmağa dəvət edən M.Ağayev Azərbaycan dövlətinin milliyətindən asılı olmadan bütün vətəndaşlarına firavan həyat vəd etdiyini deyib. Tanınmış jurnalist artıq yorulan və bezən erməniləri bu barədə ciddi düşünməyə, kin-küdurətə son qoymağa çağırıb:

"Ay Qarabağın erməni sakinləri, Azərbaycanın sabahkı vətəndaşları! Harada yaşamasından asılı olmayaraq hər insanın hədəfi xoşbəxt olmaqdır. Azərbaycanın iqtisadi qüdrəti və imkanları o qədərdir ki, Qarabağı təmir edib abadlaşdırmaq onun üçün su içimi kimi asan olacaq. Əlbəttə, biz vuruşa da bilərik. Amma bu, yenidən insan itkisi, qan-qada, yeni dağıntılar demək olacaq. Bunları xatırlatmaqda məqsədim odur ki, siz zaman itirirsiniz”.

M.Ağayev vurğulayıb ki, məsələnin müsbət həllindən sonra Ermənistan beynəlxalq təcriddən, tam blokadadan çıxacaq: "Siz Ermənistanla əlaqə saxlaya bilərsiz. Məgər buna mane olan var? Problem həll olunandan sonra mən də İrəvana, Zəngəzura, Gorusa gedəcəm. Daha nə qədər gözləmək niyyətindəsiniz ki, o gözəl gün gəlsin? Bəlkə o günün gəlməsini gözləməyəsiniz, özünüz o günün içinə gedəsiniz”. Telejurnalist deyib ki, beş il əvvəl bu müraciəti heç təsəvvür də etməzdik. Amma zaman keçib, vəziyyət, ölçülər və şərtlər dəyişib: "Düzdür, hər şey sizdən asılı deyil. Amma mənim sözüm məhz sizədir, sadə erməniyə. Vəziyyəti siz dəyişə bilərsiniz”. Əslində M.Ağayevin müraciətinə bənzər təkliflər "xalq diplomatiyası” adı altında daha öncə də səsləndirilib. Bir sıra ictimaiyyət nümayəndələri Dağlıq Qarabağda məskunlaşan ermənilərə üz tutaraq, Azərbaycan dövlətinin onları öz vətəndaşı kimi qəbul etməyə hazır olduğunu bəyan ediblər. Təbii ki, bəzən bu cür çıxışlar kəksin etirazla da qarşılanıb. Amma əksəriyyət M.Ağayevin müraciətini dəstəkləyir.

Milli Məclisin Müdafiə və təhlükəsizlik komitəsinin üzvü Zahid Oruc da Dağlıq Qarabağ erməniləri ilə bağlı parlamentdə iki dəfə müxtəlif xarakterli müraciətlər edib:

"Əslində bu məsələ dəfələrlə gündəmə gətirilib. Mahiyyəti ilk növbədə azərbaycanlıların və Dağlıq Qarabağdakı ermənilərin birgə yaşaya biləcəyi modellərin tapılmasıdır. Əlavə olaraq ermənilərin hansısa kənar iradədən asılı olmaması, onların təhlükəsizliyinə qarantiya verilməsi, pasportla təmin olunmaları və s. məsələlər vurğulanıb. Düzdür, millətçi dairələr hər dövrdə Dağlıq Qarabağ ermənilərindən faydalanmağa çalışıblar. Ancaq mümkündür ki, Qarabağdakı sadə erməniləri öz əsarətində saxlayan, onların üzərindən külli miqdarda vəsait əldə edən qüvvələr bizim müraciətlərimizə reaksiya versinlər. Əlbəttə, təkliflərimizin indiki şəraitlə uzlaşmadığını iddia edərək Azərbaycandakı "insan haqları” problemini qabardaraq, əməkdaşlığın, dostluğun mümkün olmayacağını bəyan edə bilərlər. Amma burda bir məqam çox önəmlidir. Ermənilər saxta dövlət qursalar belə, bütün hallarda 4.38 min kvadrat kilometr ərazisi olan bu bölgə hər hansı kənar məkanla coğrafi sərhəddə, əlaqəyə malik deyil. Bütün bu problemlərin hamısı Azərbaycanla birgə yaşayışı tələb edir. Onda belə bir sual meydana çıxır. Yaxşı olmazdımı ki, bunu daha tez, qansız və böyük müharibələrə getmədən edək?”.

Z.Oruc qeyd edib ki, bu kimi təkliflər, müraciətlər heç bir halda Azərbaycanın mübarizəsinə, şəhidlərimizin ruhuna, insanların vətənpərvər düşüncələrinə xələl gətirməyən mövqelərdir. Çünki məsələnin mahiyyəti hər şeyi unudaraq beynəlmiləlçi sovet ruhunda qardaşlığı, dostluğu tərənnüm etmək deyil. Mahiyyət bütövlüyə gedən yolun nisbətən fərqli bir görünüşüdür: "Ona görə də, bu müraciəti süngü ilə qarşılayanların əleyhinəyəm. Hesab edirəm ki, tutduğumuz mövqe doğrudur və Azərbaycan mənafelərini nəzərə alan bir üsuldur. Zamanında belə deyirdilər: "Bütün yollar Romaya aparır”. Əgər indi bütün yollar Xankəndinə aparırsa, mən birmənalı şəkildə Mirşahin bəyin mövqeyini bölüşürəm”.

Təhlükəsizlik komitəsinin digər bir üzvü, qarabağlı millət vəkili Aqil Abbas da qeyd edir ki, Qarabağ ermənilərinin özləri də Azərbaycanla bir yerdə olmağı istəyirlər. Çünki vassal Ermənistanla müqayisədə Azərbaycan olduqca güclü və varlıdır: 
"Mirşahin böyük ürəklə onlara deyir ki, "ay ermənilər, ağıllanın, özünüz qalxın ayağa, deyin ki, imkan verin adam kimi yaşayaq, bizi siyasi oyunlarınıza alət etməyin”. Bu müraciəti mən də dəfələrlə dilə gətirmişəm. Demişəm ki, ermənilər Azərbaycan vətəndaşlığını qəbul etsinlər, gəlib burda mənim kimi deputat olsunlar. Amma problem ondadır ki, Qarabağın erməni icması müstəqil qərar verə bilmir. Çünki onlar söz sahibi deyillər.

Nəyəsə qərar vermək səlahiyyətləri yoxdur. Ümumiyyətlə, Ermənistan dövləti və xalqı müstəqil söz söyləmək iqtidarında deyil. Əgər belə olsaydı, inanın, çoxdan təklifimizi qəbul edərdilər”. Millət vəkilinin sözlərinə görə, ermənilərə göstəriş verən, onlardan istifadə edən qüvvələr var. Ancaq burda söhbət təkcə Rusiyadan getmir: "ABŞ başda olmaqla, Avropa ölkələri istəmir ki, Qarabağ erməniləri Azərbaycan vətəndaşlığını qəbul edib firavan yaşasınlar. Niyə? Ona görə ki, erməni faktoru türk dünyasını parçalanmış halda və yaralı vəziyyətdə saxlamaq üçün Qərbin əlində bir vasitədir. Onlar bu vasitəni əldən vermək niyyətində deyil. Əgər ermənilər bizimlə dost olsa, münaqişə bitsə, mən Ağdamdan yola çıxıb, iki saatdan sonra Qarsda oturub çörək yeyərəm. Qubadlıdan gedib təxminən bir saatdan sonra İğdırda çay içərəm. Əlbəttə, buna icazə verməzlər. Çünki Cənubi Qafqazdakı problemin həlli türk dünyasının birləşməsi, möhkəmlənməsi demək olar”.

İsmayıl