Dünya göz yumur

Suriyadan gələn qaçqınlar Qarabağa yerləşdirilir




Suriyada vətəndaş müharibəsi başlanandan oradakı ermənilərin Azərbaycanın işğal olunmuş ərazilərinə, Dağlıq Qarabağ və ətraf rayonlara yerləşdirilməsi prosesi başlayıb. Köç getdikcə daha təhlükəli miqyas alır. Ermənistan hakimiyyət orqanları Suriyadan erməni mənşəli 10 min qaçqını qəbul etdiklərini bildiriblər.

Son məlumatlara görə, Suriyadan olan 20-dən artıq erməni ailəsi Kəlbəcərə, 10-dan çox ailə Zəngilana, Qubadlıya və Qarabağ ərazisindən başqa digər işğal olunmuş rayonlarımıza yerləşdiriliblər. Hətta ərazilərimizdə məskunlaşmaları üçün Suriya ermənilərinə məxsus 50-yə yaxın mənzil inşa olunub. Onların ərazilərimizdə qeyri-qanuni məskunlaşmalarının qarşısının alınması istiqamətində Azərbaycan tərəfi ciddi addımlar atır. Bu barədə beynəlxalq aparıcı institutlar mütəmadi məlumatlandırılır. Bu hal Azərbaycan ictimaiyyətində etirazla qarşılanır.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev açıqlamasında qeyd edib ki, onların ərzailərimizə köçürülməsi barədə erməni mətbuatında gedən məlumatlar rəsmi Bakı tərəfindən həmsədr ölkələrin nəzərinə çatdırılıb: "Məsələni beynəlxalq təşkilatlar qarşısında qaldırdıq. Ermənilərin Azərbaycan ərazilərinə köçürülməsi haqda Azərbaycan tərəfinin narahatçılığı ATƏT-in Minsk Qrupu həmsədr ölkələrinin nəzərinə çatdırıldı. Bundan əvvəl də rəsmi İrəvanın Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni məskunlaşması ilə bağlı bir sıra hallar müşahidə olunub. Bunun bariz nümunəsi kimi ATƏT-in sahə araşdırma və fakt araşdırma missiyalarını göstərmək olar. Xatırlayırsınızsa, 2005-ci ildə ATƏT-in faktaraşdırıcı missiyası Azərbaycanın işğal olunmuş bölgələrinə səfər etmişdi. Missiyanın hesabatında azərbaycanlı qaçqın və məcburi köçkünlərin evlərinin dağıdılaraq talan olunması, milli-mədəni irsimizin məhv edilməsi məsələsi xüsusi yer almışdı. Eyni zamanda həmin ərazilərdə ermənilərin qeyri-qanuni yerləşdirilməsi faktı göstərilirdi. Həmsədr ölkələr bu faktı qeyd eləməkdən çəkinməmişdilər. Həmin ərazilərin işğal altında olması və bu ərazilərə ermənilərin qanunsuz yerləşdirilməsi ilə əlaqədar narahatlıq davam edir”.

Faktaraşdırıcı missiyanın Azərbaycan torpaqlarına qanunsuz köçürmə haqda araşdırması barədə aidiyyəti qurumlara, beynəlxalq təşkilatlara məktublar göndərilib”.

Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər doktoru, politoloq Elman Nəsirli məsələnin bir sıra beynəlxalq təşkilatlarda da öz əksini tapdığını bildirib. Politoloqun sözlərinə görə, Suriya ermənilərinin Dağlıq Qarabağa və digər rayonlarımıza köçürülməsi erməni lobbisi və diasporasının dəstəyi ilə baş verir: "Hazırda Ermənistan ermənilərini hansı ölkəyə qaçıb getmək sualı düşündürür. Qaçmaq istəyən ermənilər əsasən Rusiya, ABŞ və Avropa istiqamətini seçirlər. Bunlar yalan deyil. Hazırda Ermənistan hökuməti böhran içindədir.

Həmin ailələrin işğal altında olan ərazilərə gəlməsində erməni lobbisi və diasporası maraqlıdır. Korrupsiyalaşmış Ermənistan hökuməti də öz maraqları naminə, fon yaratmaq üçün çirkli pullardan bu məqsəd üçün istifadə edir. Bu da istisna deyil ki, nəzarətdən kənar zonaya çevrilən Dağlıq Qarabağ və işğal altında qalan kənar rayonlarımızın ərazisi təkcə narkotiklərin tranziti deyil, həm də onun əkilib-becərildiyi bir məkana çevrilib. Oradan gələn çirkli pullar isə Suriyadan gəlmiş qaçqınların müxtəlif rayonlarda yerləşdirilməsinə sərf edilir. Əslində Suriyadan gələn qaçqın ailələrin saxlanması elə də nəhəng layihələr hesabına deyil”.

Milli Məclisin Təhlükəsizlik və müdafiə Komitəsinin üzvü, millət vəkili Aydın Mirzəzadə bunun təxribat planı olduğunu söyləyib: "Bu, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü pozmaq, işğal edilmiş zonaların etnik tərkibini süni surətdə dəyişmək üçün etdiyi uğursuz cəhdləridir. Onların planları baş tutmayacaq. ATƏT-in faktaraşdırıcı missiyası işğal edilmiş zonalarda apardığı müşahidələrin nəticələrində Ermənistanın ora qeyri-qanuni əhali köçürdüyü faktını yazıb. Bunun beynəlxalq konvensiyalara zidd olduğunu bildirib. Digər tərəfdən, həmin əhalinin sənədsiz və yerli hərbi rejimdən asılı vəziyyətdə olduğu xüsusilə vurğulanıb”.

Ayyət Əhməd