Çıxış yolu var

Uşaqlara qarşı zorakılığı televiziyalar vasitəsi ilə önləmək olar



7 saylı xüsusi internat məktəbində döyüldüyü iddia edilən 8 yaşlı Nihatın vəziyyəti İnsan haqları üzrə müvəkkil Elmira Süleymanovanı da narahat edib. O deyib ki, insanlar arasındakı "müəllim uşağı döyə bilər” stereotipləri cəmiyyətimiz üçün yolverilməzdir. "Müəllim uşağı tərbiyə etməli, qayğısına qalmalı, onun intellektual inkişafı üçün münbit şərait yaratmalıdır” söyləyən ombudsman hesab edir ki, Azərbaycanda uşaq zorakılığı ilə bağlı qanunlar sərtləşdirilməli və cismani cəzalar aradan qaldırılmalıdır.

Bu gün uşaqlara qarşı nəinki zorakılığın sayının, hətta qəddarlıq səviyyəsinin də artdığını vurğulayan ombudsmana görə, uşağı döyməyə nə müəllimin, nə də valideynin haqqı var.

Bəs belə bir qanun layihəsinin həlli uşaqların fiziki zorakılığa məruz qalması ilə bağlı problemlərin qarşısını ala biləcəkmi? Onu da nəzərə alaq ki, ölkədə uşaqların fiziki zorakılığa məruz qalması ilə bağlı ciddi problemlər var.

Milli Məclisin Sosial siyasət komitəsinin üzvü, millət vəkili Musa Quliyev isə qanunu sərtləşdirməyin çıxış yolu olmadığı qənaətindədir: "Uşaq zorakılığına qarşı mübarizə tədbirləri həmişə lazımdır. Bütün cəmiyyətlərdə, o cümlədən, Azərbaycanda da bu yöndə mübarizə aparılır. Azərbaycanda konkret olaraq həm uşaqlara, həm də qadınlara qarşı olan zorakılıqlarla bağlı qanunvericilik aktları qəbul olunub.

Bununla belə, hesab edirəm ki, bu yöndə cəzaların sərtləşdirilməsi heç də çıxış yolu deyil. Burada daha çox maarifləndirmə işi və profilaktik tədbirlər aparmaq lazımdır. Eyni zamanda, onu da deyim ki, zorakılıq halları adətən normal ailələrdə baş vermir, bu, daha çox o ailələrdə baş verir ki, həmin ailələrdə müəyyən problemlər var”.

İnsan Hüquqları üzrə Maarifçilik İctimai Birliyinin rəhbəri İradə Cavadova isə artıq "müəllim uşağı döyə bilər” stereotiplərinin Azərbaycanda çoxdan qırıldığını deyib: "Xanım ombudsmanın problemə reaksiyası və diqqəti təqdirəlayiqdir. Uşaq zorakılığı ilə bağlı qanunların sərtləşdirilməsində də hər hansı bir problem görmürəm. Hətta müəyyən mənada bu istiqamətdəki çatışmazlıqların aradan qaldırılmasında effekt verəcəyini düşünürəm. Amma o fikirlə razı deyiləm ki, bu gün Azərbaycanda

"müəllim uşağı döyə bilər” stereotipləri hələ də qalıb. 20-30 il bundan əvvəl belə bir yazılmamış qanunlar mövcud idi. Bu gün heç valideynin doğma övladını vurmaq haqqı yoxdu. Hətta xarici ölkələrdə uşağa qarşı cismani cəza tətbiq edən ana-ata valideynlik haqqından məhrum edilir. Dövlət uşağı alır və ailəsinə onunla ünsiyyətə girməyi qadağan edir. Belə bir cəmiyyətdə müəllimin şagirdə əl qaldırması birmənalı yolverilməzdir. Çox uşaq müəllimləri və valideynləri tərəfindən döyülüb şikəst olub, psixoloji travma alır. Bu döyülmə bəzən ölümlə də nəticələnir. Bunun üçün də qanunun icra mexanizmi olmalıdır. Bəlli olmalıdır ki, bu qanun tam olaraq necə işləməlidir. Təəssüf ki, bizdə qanunlar qəbul edilir, sonra onun icra mexanizmi 5-6 ilə yaradılır. O zaman da mexanizm işlək olmur. Bu mexanizmlərin işləyib-işləməməsindən asılı olmayaraq bunu hamı bilməlidir ki, şagirdi döyən müəllim qanuna görə məsuliyyət daşıyır və cəzalandırılır”.

Uşaqlarla yanaşı, qadınlara qarşı zorakılığın da aktual problem olaraq qaldığını vurğulayan vəkilin sözlərinə görə, hər iki məsələ xüsusən də regionlarda geniş vüsət alıb: "Bu da ondan qaynaqlanır ki, yerlərdə qadınlar və uşaqlar öz hüquqlarını bilmir. Onların internetə çıxışı məhduddur, qəzetləri isə alıb oxuyan yoxdur. Hesab edirəm ki, problemin həlli üçün ən optimal variant televiziyadır. Telekanallar bu məsələyə həssas yanaşmalı və qadın, uşaq zorakılığına həsr olunmuş maarifləndirici proqramlar yayımlamalı, video-rolik şəklində reklam çarxları çəkməlidir.

Əksər qadınlarımız məişət zorakılığının nə olduğunu belə bilmir. Elə ucqar regionlar var ki, hələ də "kişi arvadı döyər” prinsipi az qala qanun səviyyəsindədir. Uşaqlarla bağlı da analoji situasiya hökm sürür. Yəni bir ata-ana bu uşağı böyüdür, ona çörək verirsə, deməli, döyməyə də haqqı çatır. Bir sözlə, bizim cəmiyyət qadınları və uşaqları bir əşya gözündə görür. Şəhərdə isə vəziyyət o qədər də acınacaqlı deyil. Bu da şəhər qadınlarının öz hüquqları ilə bağlı daha bilgili olmasından qaynaqlanır. Deməli, maarifləndirici tədbirlərlə regionlarda da problemin həllinə nail olmaq mümkündür”.

Şəymən