Can güvəni yoxdur

Əksər əyləncə mərkəzlərində vəziyyətə nəzarət edilmir




Qobustan rayonundakı "Cənnət bağı” istirahət-əyləncə mərkəzi 10 yaşlı Dənizin əcəl məkanı oldu. Verilən məlumatlardan aydın olur ki, başlanğıcda hər şey əlaymış. Bakı Oksford Məktəbinin müəllim və şagirdləri kefləri istədiyi kimi əylənirmişlər. Və birdən faciə baş verib. Elektrokarın sükanı arxasında əyləşmiş müəllimə idarəetməni itirib, maşın aşıb, Dəniz aldığı xəsarətdən yerindəcə keçinib, müəllimə və bir şagirdsə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Əyləncə mərkəzlərinin faciə yerinə çevrilməsi hadisələri təəssüf ki, son zamanlar artır. Ötən ilin iyulunda Nabrandakı "Aquapark”da 2 yaşlı İmran ömürlük şikəst qaldı. İmranın ayaqları hovuzda su nasosunun pərləri arasında qalmışdı. Su borusunun önündə qoruyucu barmaqlıq yox imiş... Qobustandakı faciədən təxminən bir ay öncə Dənizkənarı Milli Parkda gəzinti qatarı gənc bir qızı vurmuşdu. Onda da hadisə ehtiyatsızlıq kimi qələmə verildi. Amma sonra məlum oldu ki, demə, gənc qadın uşağını xilas etmək üçün özünü irəli atıbmış. Gəzinti qatarının hərəkət istiqaməti müəyyən sahə civarında niyə məhdudlaşmır ki, insanların rahat gəzintisinə mane olmasın, təhlükə yaratmasın? Gəzintiyə çıxan valideyn uşağının əlini buraxmamalıdır, uşaq ancaq anasının yanında kilidlənib qalmalıdır. Çünki qatarlar da, elektrokarlar da hər tərəfə şütüyür.

Elektrokar faciəsindən sonra bu attraksion növü ilə bağlı məlumat almaq üçün axtarış apardıq. Məlum oldu ki, bizimkilərin attraksion kimi istifadə etdikləri elektrokarlar əslində qapalı müəssisələrdə, sexlərdə, fabrik, zavod daxilində yük daşımaq və hərəkət etmək məqsədilə istehsal edilib. Aerodrom, vağzallarda da onlardan yüngül konstruksiyalı elektromobil kimi istifadə olunur. Hər nədirsə, bu elektrokar bir avtomobil növüdür və onun sükanı hər yoldan ötənə həvalə edilməməlidir. Əyləncə məqsədilə olsa belə. Göründüyü kimi, əylənənlərin sonu bəzən faciə olur.

Qobustandakı məlum faciə əyləncə mərkəzlərindəki yelləncəklər, attraksionların təhlükəsizliyi məsələsini gündəmə gətirir. Ciddi yoxlansa, attraksionlarla bağlı nə qədər qüsur üzə çıxar. Bu yelləncəklərin təhlükəsizliyinə kim zəmanət verir, bu qurğular kimlər tərəfindən yoxlanır? Attraksionları işlədənlər həmin qurğular barədə nə bilir? Ümumiyyətlə, onlar hansı peşənin sahibləridir? Suallar nə qədər desən var. Hərçənd, cavablar da verilir. Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov deyib ki, bulvardakı attraksionların hamısına nəzarət var, hamısı da yenidir, yelləncəklər mütəmadi sınaqdan keçirilir və s. Amma bir hadisə baş verəndə nə günahkar tapılır, nə də səbəblər bilinir. Elə götürək, 10 yaşlı Dənizin faciəsini. İstirahət mərkəzinin rəhbərliyi bildirib ki, elektrokarı müəllimə idarə edirmiş. Burada qeyri-adi bir şey görünmür. Elektrokarları adətən istirahətə gələnlərin özləri idarə edir. Amma bu, nə dərəcədə doğrudur? Sükan arxasına keçən şəxsin idarəetməni bacardığına necə əmin olurlar? Məsələn, bulvarda hələ sovet vaxtı "Venesiya” adlanan əyləncə məkanında qayıqla gəzintilər təşkil olunurdu. Amma qayığı həmişə başqası idarə edirdi. Güman ki, idarəetməni bilən şəxs. Hər adam qayıq sürməyi bilmir, təbii ki. Elektrokarları da hər adamın əlinə vermək olmaz.

Nəzərə alsaq ki, artıq yay mövsümü və bununla yanaşı, həm də istirahət mövsümü başlayır, istirahət mərkəzlərində təhlükəsizlik qaydalarına nə dərəcədə əməl olunması aktuallıq qazanır.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov "Şərq”ə açıqlamasında bildirdi ki, əksər istirahət zonalarında təhlükəsizliyə zəmanət sıfır səviyyəsindədir. İstirahət mərkəzlərində çoxsaylı attraksionlar, yelləncəklər var. Onların təhlükəsizliyini kim yoxlayır? Heç kim. Hər kəsə bəllidir ki, istirahət mərkəzlərində yoxlamalar "mən ölüm-sən ölüm”lə həll olunur. Saxta yoxlamalar aparılır. İnsanların ailəvi istirahət etdiyi mərkəzlərdə təhlükəsizlik qaydalarına əməl edilmir. İstirahət mərkəzlərində adətən taxta evlər - koteclər tikilir. Orada elektrik cihazlarından tutmuş, yanğından mühafizəyədək hər şeyə ciddi diqqət edilməlidir. Bütün otaqlarda yanğınsöndürən balonlar qoyulmalıdır. Elektrik naqilləri, elektrik cihazları daim yoxlamadan keçirilməlidir. Bunu edən varmı? Elektrik naqilləri ancaq işıqlar sönəndə, elektrik enerjisi kəsiləndə yada düşür ki, baxaq, görək niyə işıqlar söndü? Xarici ölkələrdə bir müəssisə, yaxud şirkət mətbuat konfransı keçirəndə də toplantıya başlamazdan öncə iştirakçıları evakuasiya xəritəsi ilə tanış edir ki, Allah eləməmiş, birdən nəsə hadisə baş versə, insanlar binanı hansı yolla tərk etməlidir. Bizdə isə çox təəssüf ki, belə vacib məsələlər ən sonuncu hesab olunur. Əlbəttə, əyləncə mərkəzlərində, attraksionlarda baş verən xoşagəlməz hadisələr insanlara mənfi təsir edir və əhali əyləncə mərkəzlərindən ehtiyatlanır. Haqlı olaraq hesab edirlər ki, can güvənlikləri yoxdur. Bu hadisələrdən sonra ailələr daha artıq ehtiyatlı olmalıdır, ehtiyatı əldən verməməlidirlər. İstirahət mərkəzlərinə gedəndə oranın vəziyyəti ilə maraqlansınlar. İstər istirahət mərkəzlərinə, istər çimərliyə gedəndə, istərsə adi gəzintiyə çıxanda. Bilməlidirlər ki, gərək birinci özünü qoruyasan, çünki sənin mühafizəni çox da düşünən yoxdu. Valideynlər var ki, sahildə uzanıb özünü günə verir, uşaq dənizdə çimir. Bir də ayılır ki, uşaq az qalır boğulsun. Uşaqları heç vaxt nəzarətsiz qoymaq olmaz. İş adamın başına bir dəfə gəlir.

Məlahət Rzayeva