Aqşin Yenisey xəstəxanada köməksiz qalıb

Elnur Astanbəyli: “Bu adam ağır günlər keçirir. Xəstəliyindən istifadə edib, onun əməllərini üzə vurmaq ədalətsizlikdir axı!”
Qan Turalı: “Heç kəs gündəmə gəlmək üçün Aqşinin xəstəliyindən istifadə etməsin. Aysel xanımın bacarığı varsa, getsin öz yazıları, şeirləri ilə reklam olunsun”


Tanınmış şair Aqşin Yeniseyin sağlamlığında ciddi problem yaranıb. Onu xəstəxanaya yerləşdiriblər. Qaraciyərində problem olan şair bir müddət xəstəxana şəraitində müalicə almalıdır. Aqşin Yeniseyin keçmiş həyat yoldaşı Aysel Əlizadə isə sosial şəbəkədə şairin durumu ilə bağlı Səhiyyə Nazirliyinə müraciət üçün mediadan dəstək istəyib. Həmçinin A.Əlizadə başqa bir paylaşımında üstüörtülü şəkildə şairin "araq” dostlarının ona dəstək olmadığı iddiasında bulunub.

Şairin durumundan dərin sarsıntı keçirən dostları isə hər zaman Aqşin Yeniseyin yanında olduqlarını və sona qədər də bu cür davam edəcəklərini bildiriblər.

Gənc şair Elnur Astanbəyli:

- Aqşinin xəstəliyi hər birimizi dərindən sarsıdıb. Bütün dostları adından arzu edirəm ki, tezliklə öz sağlığına qovuşsun. Dostları olaraq, hər birimiz bunu ürəkdən istəyir və inanırıq. Aqşin çətin günlər yaşayır və bu sadəcə bir sınaqdır. Təbii ki, biz də dostları olaraq, ona əlimizdən gəldiyi qədər ayağa qalxması üçün dəstək verəcəyik. Hazırda əlimizdən gələn odur ki, Aqşinin müalicəsinin uğurla aparılması üçün anlaşıqlı insanları köməyə çağıraq. Mənəvi dəstək olaraq da, hər zaman yanındayıq. Başqa cür də əlimizdən nə gəlirsə, onu da edəcəyik. Amma hər kəsə bəllidir ki, Aqşinin dostlarının da maddi imkanı elə onda olan kimidir. Azərbaycanda söz adamlarının durumu ortadadır. Bu ölkədə əli qələm tutan, ölkəmizin sivil dünyaya inteqrasiyası üçün canını ortaya qoyan heç bir yazar yüksək maddi imkanlara sahib deyil. Hamımız qələm hesabına dolanan insanlarıq. Yeni nəsil yazarların hər biri evinə bir-iki tikə çörəkpulu aparmaq üçün 2-3 mətbuat orqanı ilə əməkdaşlıq edir ki, ən azından gündəlik yaşam tələbatlarını ödəyə bilsin. Redaktələrdən aldığımız 5-3 manat qonorarla ayaqda dururuq. Aqşin də bizim kimi. Bizi bizdən başqa heç kəs başa düşə bilməz. Amma bütün çətinliklərə baxmayaraq, biz sonuna qədər Aqşinə hər cür dəstəyi verəcəyik. Buna hər kəs əmin ola bilər. İnandırım sizi ki, Aqşin xəstəxanaya düşən gündən dostları olaraq biz ancaq onun haqqında danışır, ona necə kömək edəcəyimizə dair gəl-götür edirik. Lazım gəlsə, əlimizi daşın altına qoymaqdırsa, ona yardım edəcəyik. Yaxşı başa düşürük ki, Aqşinin xəstəliyinin tam şəkildə müalicəsi onun şəxsi imkanlarının çox kənarındadır. Təəssüf ki, dostları arasında da onun müalicəsini üstələyəcək qədər imkanlı biri yoxdur. Amma biz inanırıq ki, o, bütün bu çətinliklərin öhdəsindən gələcək. Elə sabah onu görməyə gedəcəm.

Şair haqqında sosial şəbəkələrdə paylaşılan statuslardan gileylənən E.Astanbəyli bildirib ki, bizim cəmiyyətimiz yıxılana balta vurmağı çox sevir: "Faktiki olaraq, bu insan ağır xəstədir. Ölümlə pəncələşir. Kömək etmələri, yardım əli uzatmaları bir yana, onun haqqında ağıllarına gələni yazırlar. Bu da dostları olaraq, bizi narahat edir. Başa düşürəm, Aqşinin dinlə, mentalitetlə bağlı qıcıqlandırıcı yazıları çox olub və bu fikirlərinə görə onu dəfələrlə tənqid atəşinə tutub, hətta təhdid edənlər də olub. Amma bu adam ağır günlər keçirir. Xəstəliyindən istifadə edib, onun əməllərini üzə vurmaq ədalətsizlikdir axı! Bu insan xəstədir, şərh yazırlar ki, "sənə bu da azdır”, "cəzanı çəkirsən”, "bu adam islam və Allah düşmənidir, qardaşlar. Dua edin ki, ayağa qalxmasın”. Bu şərhlər qarşısında söz tapa bilmirəm. Bu qədər eybəcərlik, insafsızlıq olar? Başa düşə bilmirəm ki, Aqşin bu insanlara neyləyib? Sadəcə bu adam öz yazılarında şərə qarşı mübarizə aparıb, cəmiyyətdəki ədalətsizliyi, ölkədəki qanunsuzluğu tənqid edib, insanlara sivil dünyanı aşılayıb”.

E.Astanbəyli Aqşin xəstəxanaya düşəndən sonra bir şeyi dərk elədiyini vurğulayıb ki, bu ölkənin düşünən beyinləri, Azərbaycan ədəbiyyatının inkişafı naminə bütün əməklərini səfərbər edən insanlar kimsəsizdir: "Bizim toplum bu barədə ciddi düşünməlidir. Cəmiyyət istedadlı insanları tək buraxmamalıdır. Yeni nəsil yazarlar Azərbaycan ədəbiyyatının gələcəyidir. Amma hər şərdə bir xeyir var, buna deyirlər. Aqşinin xəstəliyi göstərdi ki, Azərbaycanda yaradıcı adamlara münasibət kökündən yanlışdır. İnandırım sizi ki, Aqşin "masabəyi” olsa idi, ədalətsiz cəmiyyətin şanına vəsflər yağdıran bir şair olsa idi, indi altında son model avtomobili, cibində qalaq-qalaq dollarları olan adamlar onun müalicəsini öhdələnmək üçün növbəyə durmuşdular. Amma müasir Azərbaycan ədəbiyyatı üçün işıqlı gələcək vəd edən bir insan bu gün xəstəxanada köməksiz qalıb. Yardımları bir yana, bəzi ağzıgöyçəklər onun ünvanına qarğışlar yağdırır. Arzu edirəm ki, bu cəmiyyət, bu ölkə Aqşin Yeniseyin qiymətini gec olmadan verəcək. Ən azından insanlığın hələ də ölmədiyini göstərmək istəyən adamlar Aqşinə yardım etsin. Sizə bir şeyi də deyim. Aqşinin durumu bir növ mənə böyük şairimiz Sabiri xatırlatdı. Sabir də eynən Aqşin kimi qaraciyər xəstəliyindən əziyyət çəkirdi. Ən pisi də odur ki, 19-cu əsrdə şairə olan münasibətlə 21-ci əsrdəki yanaşma eynidir. Bu isə bizim üçün çox dəhşətli bir faktdır. Gec də olsa, biz bu situasiyanı dəyişməliyik. İnsanlarımız başa düşməlidir ki, ədəbiyyatla, mədəniyyətlə məşğul olan insanlar bu ölkənin dəyəridir. Onları qorumaq və qiymətini bilmək lazımdır. Şairə, yazara aqressiv münasibətlə biz hara gedirik? Aqşini yaşatmaq Azərbaycan insanları üçün bir şərəf olmalıdır. Amma görünür, bizim toplum özü sağalmaq istəmədiyi azmış kimi özünün dəyərli insanlarını sağaltmaq haqqında da düşünmür. Hətta onun ağır vəziyyətindən zövq alır”.

Aqşin xəstəxanaya düşdüyü gün şəhərdə olmadığı üçün yanında ola bilmədiyini deyən, gənc yazar Qan Turalı Bakıya qayıdan kimi Aqşin Yeniseyə baş çəkdiyini bildirib: "Aqşinin bütün dostları onun ziyarətinə gedib və dəstək olublar. Kiminsə şairə dəstək üçün bizə müraciət etməyinə ehtiyac yoxdur. Hər kəs öz işi məşğul olsa yaxşıdır. Heç kəs gündəmə gəlmək üçün Aqşinin xəstəliyindən istifadə etməsin. Aysel xanımın bacarığı varsa, getsin öz yazıları, şeirləri ilə reklam olunsun. Aqşinin dostları xəstəxanaya düşdüyü gündən onun yanındadır və ayağa qalxana qədər də ona dəstək olacaq”.

Şəymən