Bəla yavaş-yavaş paytaxta ayaq açıb

İnternat uşaqları, küçə uşaqlarının əksəriyyəti məhz erkən nikahların qurbanıdır



Erkən nikah uşaqların təhsil hüququnun pozulmasının başlıca səbəbidir. Erkən yaşda nikaha daxil olan qız tərəfindən dünyaya gələn uşağın sağlamlığında, onun düzgün tərbiyə edilməsində də ciddi problemlər yaşanır. Həmçinin bundan başqa, rəsmi nikah olmadığından sonradan hüquqi problemlərlə üzləşən xanımlar az deyil.

Məhz bu problemlərin aradan qaldırılmasına yönəlik atılan təqdirəlayiq addımlardan biri də Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyələşdirdiyi "Erkən nikahlar və onun fəsadlarının azaldılmasına nail olmaq” layihəsidir. Qeyd edək ki, sözügedən layihə çərçivəsində dünən Beynəlxalq Mətbuat Mərkəzində (BMM) tədbir keçirilib. QHT rəhbərləri və media nümayəndələrinin iştirakı ilə baş tutan tədbirdə məqsəd valideynləri qızlarını erkən nikaha cəlb etməkdən çəkindirməkdir. Erkən nikahlar, təkcə bölgələrdə deyil, Bakıda da təhlükəli hal alıb. Ailə-Qadın Problemləri üzrə Dövlət Komitəsinin verdiyi məlumata görə, ölkə ərazisində ötən ilin 8 ayında 3 min nəfərin erkən nikahla evləndirmə halları qeydə alınıb.

Tədbirin aparıcısı, "Erməni təcavüzünün tanıdılması” İctimai Cəmiyyətinin sədri, araşdırmaçı-jurnalist Səriyyə Müslümqızı bildirib ki, yeniyetmə qızların erkən nikaha daxil olması onların təhsildən yayınma hallarını artırır. Xüsusən də, cənub bölgəsində ali məktəblərə sənəd verən qızların sayı inanılmaz dərəcədə aşağı olur: "Eyni problem respublikanın digər regionlarında da yaşanmaqdadır. Zənnimcə, 14-16 yaşlı qızların ərə verilməsi tibbi baxımdan da düzgün deyil. Bu yaşdakı qızın dünyaya uşaq gətirməsi təhlükəlidir. Çünki əksər hallarda ya ananın, ya da uşağın ölümü baş verir. Dünyaya gələn uşaqlar isə zəif və az çəkili olur. Axı qızların fizioloji cəhətdən tam formalaşması 18 yaşdan sonra baş verir. Qoy valideynlər bunları dərindən dərk edib, yalnız "qız yükü, duz yükü” deyə düşünməsinlər. Yalnız vaxtı çatanda qızlarını gəlin köçürsünlər, oğlanlarını evləndirsinlər. Onda Azərbaycanda boşanma halları da azalar”. Layihə çərçivəsində erkən nikah probleminin aradan qaldırılması istiqamətində bir sıra rayonlarda tədbirlər keçirildiyini vurğulayan S.Müslümqızı gələcəkdə də bu cür layihələrin maliyyələşdirilməsinin vacib olduğunu qeyd edib.

"Veteran Qadınlara Yardım” İctimai Birliyinin sədri Radə Abbas isə öz çıxışında erkən nikah zamanı qızların ailə həyatına hazır olmadıqları üçün gələcəkdə boşanmaların sayının artdığını bildirərək bu istiqamətdə maarifləndirmənin gücləndirilməsini zəruri olaraq qeyd edib: "Bu tədbir Əlizadə Leylanın müəllifi olduğu "Erkən nikah ailə uğursuzluğunun təməlidir” adlı layihənin təqdimatına həsr olunub. Sadəcə, imtahan ərəfəsi olduğu üçün etibarnamə ilə tədbiri Səriyyə xanım idarə edir. Öncə onu deyim ki, layihə kifayət qədər aktual bir problemə həsr olunub və çox yüksək səviyyədə həyata keçirilib. Erkən nikahlar cəmiyyətimizin bəlasıdır. Çox təəssüflər ki, rayonlarda geniş vüsət alan bu bəla yavaş-yavaş paytaxta da ayaq açıb. Təsadüfi deyil ki, internat uşaqları, küçə uşaqlarının əksəriyyəti məhz erkən nikahların qurbanıdır”.

R.Abbasın sözlərinə görə, övladının taleyi ilə oynayan valideynlər ilk növbədə qanunvericiliyi pozur, övladlarına qarşı zorakılıq göstərmiş olurlar. Beləliklə, valideynlər bu hallarda məsuliyyət daşıyır və övladlarının gələcəkdə üzləşə biləcəkləri hər hansı bədbəxtliyə görə cavabdehdirlər.

Şəymən