Təcili tibbi yardım maşınında soyuducu apardı

Sürücünün işdən çıxarılması qətiləşdirilib



Azərbaycanda təcili tibbi yardım maşınlarının fəaliyyətini əks etdirən yeni şəkillər yayılıb. Deyəsən, təcili tibbi yardım maşınları yükdaşıma xidmətlərinə çevrilib. Belə ki, sosial şəbəkələrdə yayılan fotoda təcili tibbi yardım maşınında xəstə deyil, soyuducu daşındığı əks olunub.

ANS-in verdiyi məlumata görə, fotonun Kürdəmir rayonunda fəaliyyət göstərən təcili tibbi yardım maşınlarına aid olduğu bildirilir. Təcili tibbi yardım maşınından aidiyyəti üzrə istifadə edilməməsi isə cəmiyyətdə birmənalı qarşılanmayıb.

"Artıq sürücünün kimliyi müəyyənləşdirilib”. Bunu Səhiyyə Nazirliyinin mətbuat sözçüsü Anar Qədirli "Şərq”ə çəkilən foto ilə bağlı aparılan araşdırmaların nəticələrindən danışarkən deyib. Onun sözlərinə görə, məsələ ilə əlaqədar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının baş həkiminə də göstəriş verilib: "Araşdırmalar nəticəsində artıq həmin təcili tibbi yardımın sürücüsünün kimliyi müəyyənləşdirilib. Sürücü təcili tibbi yardım maşınından evinin soyuducusunu təmirə aparmaq üçün istifadə edib. İyun ayının 2-də Rayonun Tibb Şurası iclas keçirəcək. Şurada sürücünün işdən çıxarılması məsələsi qaldırılacaq”.

Vüqar Şahinoğlu