Biganəlik: İnsanlarımızı itirə-itirə gedirik

Xaçmazda yaşanan sevgi dramı bütün ailələrə bir siqnal olmalıdır




Daha bir sevgi nağılı faciə ilə nəticələnib. Xaçmazda bir-birini sevən iki yeniyetmənin intiharı bir daha sübut edir ki, bizdə valideyn-övlad münasibətləri böhran nöqtəsindədir.

Bu gün valideyn-övlad münasibətlərində böyük bir divar mövcuddur və bunun də əsas səbəbkarları övladları ilə səmimi, açıq münasibətdən hər yolla qaçan valideynlərdir. Təəssüf ki, ailələrdə bir çox hallarda valideyn-övlad ünsiyyəti və qarşılıqlı etimad sıfır səviyyədədir.

Bəzi ailələrdə uşağa zor tətbiq edərək onun uşaqlıq illərini əlindən alırlar. Onu istəmədiyi adama verərək bu problemlərdən çıxış yolu kimi intiharı seçməyə vadar edir. Bəs ekspertlər necə düşünür?

Qeyd edək ki, sevmədiyi oğlana nişanlanan qız sevdiyi oğlanla birlikdə meşədə intihar edib. Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, mayın 24-də, saat 20:00 radələrində Xaçmaz rayonunun Nabran kəndi yaxınlığındakı meşə massivində Xaçmaz şəhər sakini, 1998-ci il təvəllüdlü Quliyev Vasif Yaşar oğlunun meyiti ağacdan asılmış vəziyyətdə, təxminən 25 metr aralıda yerdə isə rayonun Hacıqurban-oba kənd sakini, 1997-ci il təvəllüdlü Tağıyeva Nərgiz Nurməmməd qızının meyiti aşkar olunub.

Rayon polis şöbəsindən daxil olmuş həmin məlumat əsasında rayon prokurorluğu və rayon polis şöbəsinin əməkdaşları dərhal hadisə yerinə gedərək hadisə yerinə və meyitlərə məhkəmə-tibb ekspertinin iştirakı ilə baxış keçiriblər. Baxış zamanı hər iki meyitin boyun nahiyəsində stranqulyasiya şırımları və qollarında kəsilmiş yaralar, hadisə yerində isə butulka şüşəsinin qırılmış hissələri aşkar edilib. Həmin faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanıb. İş üzrə ölümün səbəblərinin müəyyənləşdirilməsi məqsədilə məhkəmə-tibbi ekspertizaları təyin edilib. Baş Prokurorluqdan bildirilib ki, ilkin istintaqla V.Quliyev ilə N.Tağıyevanın Xaçmaz şəhəri 2 saylı tam orta məktəbdə paralel siniflərdə oxuduqları və son bir ildə biri-birlərini sevdikləri müəyyən edilib: "Lakin 2 ay əvvəl N.Tağıyeva Ukraynada yaşayan qohumuna nişanlandığından son günlərdə onların hər ikisi intihar etmək barədə sinif yoldaşlarına bildiriblər. Hadisədən bir neçə saat əvvəl V.Quliyev və N.Tağıyeva Nərgizin sinif yoldaşı Amin Əlipaşayevlə meşəyə gediblər. Özlərini intihar etmək üçün qollarını şüşə parçası ilə kəsən zaman yanlarında olan A.Əlipaşayev onları bu hərəkətdən daşındırmaq məqsədilə o da öz növbəsində qoluna xəsarət yetirib. Lakin V.Quliyev və N.Tağıyeva aldadaraq onu evlərinə yola salıb və bundan sonra qəti olaraq intihar yoluna əl atıblar” - deyə, məlumatda qeyd olunur. İlkin fərziyyəyə görə, V.Quliyev özündə olan bel kəməri ilə əvvəlcə N.Tağıyevanı boğaraq qəsdən öldürmüş, daha sonra isə həmin kəmərlə özünü ağacdan asaraq intihar edib. Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Bu intiharın kökündə dayanan nədir sizcə: cəmiyyətimizdə valideyn-övlad münasibətlərindəki deformasiyalar, hüquq və azadlıqlarla bağlı problemlər, mənəvi-psixoloji mühit, yoxsa hansısa başqa səbəblər?

Mənəviyyatımızda aşınmaların getdiyini vurğulayan sosioloq Əhməd Qəşəmoğlunun sözlərinə görə, cəmiyyətimizdə mənəvi-psixoloji durum çox gərgin bir vəziyyətdədir. Bir tərəfdən Azərbaycan xalqının adət-ənənələri, digər tərəfdən isə müasir dünyaya inteqrasiya istər-istəməz dəyərlərin dəyişməsi ilə nəticələnir: "Dünyada sürətlə qloballaşma prosesi gedir, ölkəmiz dünyaya inteqrasiya edir, sosial şəbəkələrdən kütləvi istifadələr geniş vüsət alıb. Belə bir zamanda biz mənəvi proseslərə daha çox diqqət ayırmalıyıq. Amma əfsuslar olsun ki, bu gün mənəviyyata mənfi təsir edən, müəyyən pozuntular yaradan amillərin sayı həddindən artıq çoxalıb. Ona görə də mənəviyyatla bağlı problemlər cəmiyyətdə geniş vüsət alıb. Ailələrimiz korlanıb. Bugünkü Azərbaycan ailəsi artıq 20-30 il bundan əvvəlki ailə deyil. Azərbaycan ailəsinin özü də bu gün çox gərgin vəziyyətdədir, bunun özünə ciddi diqqət yetirilməlidir. Minillər boyu formalaşmış milli ailə institutu hazırda böyük problemlə üzləşməkdədir. Bu ailə institutunda ağsaqqal və ağbirçəklərin öz yeri, ata-ananın öz yeri, övladın isə öz yeri vardı. İstər hazırkı iqtisadi, istərsə mənəvi mühit ailələrin ənənəvi qaydada davam etdirilməsinə imkan vermir. Ailə hər bir şəxsiyyəti fərdi qaydada cəmiyyətə hazırlayan məktəbdir. Amma bu gün bu məktəbdə mənəvi sarsıntı baş verib. Və ailələr artıq şəxsiyyətin cəmiyyətə inteqrasiya funksiyasını yerinə yetirə bilmir. Bu vəzifə əksər ailələrdə itib. Belə ailələrdə böyüyən uşaqlar da cəmiyyətə hazırlanmamış vəziyyətdə olduğu üçün onlar özlərini tapa bilmirlər”.

Sosioloq insanlarda biganəliyin artdığını da deyib: "Əvvəllər insanlar da bir-birinin qayğısına qalmaq, dərdini dinləmək, mənəvi dəstək olmaq kimi gözəl xüsusiyyətlərə sahib idi. Amma indiki cəmiyyət bu xüsusiyyətlərdən uzaqdır. Hər kəs özünü həmin yeniyetmələrin yerinə qoymağı bacarmalıdır. Onların günahı bir- birini sevmək olur. Hansı ki, həmin yaşdakı məhəbbət duyğuları hər kəsə bəllidir. 17 yaş elə bir yaş dövrüdür ki, insan yalnız emosiyalarla hərəkət edir. Deyə bilərsiniz ki, qədim vaxtlarda da valideynlər iki sevən gənci ayırıb. Amma o vaxtın gəncləri buna qanunauyğunluq kimi baxırdı. Valideynin sözü söz idi. Qəlbi sınıq qalsa da, ata-anasının seçdiyi adamla ailə həyatı qururdu. Amma indi dövr o dövr deyil. Gənclər çox sərbəstləşib və öz hüquqlarını dərk etmək baxımından fərqlənirlər. İndi heç bir valideyn zorla öz qızını ərə verə bilmir. Verəndə də, nəticəsi məlum hadisə kimi faciə ilə nəticələnir”.

Ə.Qəşəmoğlunun sözlərinə görə, bu gənclər öz dərdlərini vaxtında dostları ilə bölüşsə, sonları bu cür bitməzdi. Onlarla mütəmadi əlaqə saxlayar, intiharın çıxış yolu olmadığını başa salar, dəstək olardılar: "Ən azı valideynlərinə xəbər verərdilər ki, bu uşaqların gələcəyi təhlükəli haldadır. Deməli, bu tip davranışlar artıq adi hal alıb. Heç kimi bunlarla təsirləndirmək mümkün deyil. Bu, insan taleyinə biganəlikdir. Biz artıq biganələşmişik. Cəmiyyətdə baş verənlərə, insanların taleyinə biganə yanaşırıq. Cəmiyyətdə deqradasiya belə başlayır. Hamı öz "dərdi-səri” ilə məşğuldur. Başqasının problemi ilə maraqlanmır. Nəticədə ümumən cəmiyyətə, insanlara biganəlik xəstəliyi formalaşır. Ona görə də uşaqlarımızı itiririk. Özümüzü də itiririk. Görünür, yanlarında olan dostları təhlükənin ciddiliyinə varmayıb. Ya da onları intihar fikrindən daşındıracaq qədər təsir imkanı olmayıb. Bu da yuxarıda qeyd etdiyim ki, insanların bir-birinə yadlaşmasının təzahürüdür”.

Əvvəllər də sevgi intiharlarının olduğunu deyən sosioloqun sözlərinə görə, dünyanın hazırkı inkişaf səviyyəsində bu cür hadisələr utancvericidir. Onun sözlərinə görə, bu hadisə bir daha göstərir ki, gənclər arasında maarifləndirici tədbirlər genişləndirilməli və onların həyata baxış forması təkmilləşdirilməlidir.

Şəymən