İcra başçısı müharibə veteranının “mənzili”ni götürüb aparıb

Məcburi köçkün Suraxanıda baş verən qanunsuzluqdan şikayət edir



Məcburi köçkün, müharibə veteranı Vəliyev Oqtay Osman oğlu ölkə başçısına müraciət edib. Müraciətinin bir surətini də "Şərq”ə göndərən O.Vəliyev məruz qaldığı məmur özbaşınalığından gileylənir.

Şikayətçi bildirir ki, fərdi ev tikintisi üçün Zığ qəsəbəsində 4 sot torpaq sahəsi alıb, ancaq Suraxanı Rayon İcra Hakimiyyəti Zığ icra nümayəndəsi Cəlaləddin Əhmədov ev tikintisi üçün ondan pul tələb edib. "Pulu vermədiyim üçün mənə ev tikdirməyə icazə vermədilər. Dedim ki, vətəndaşların yaşayış evlərinin tikilməsinin sadələşdirilməsi barədə qanun var, rüşvət və korrupsiyaya qarşı Prezidentimiz mübarizə aparır, mən də haqqımı qanuni yollarla sübut edənə qədər torpaq sahəsindən bağ kimi istifadə edəcəm. Ancaq C.Əhmədov xəbərdar etdi ki, bu başçının tələbidir, deyilən məbləği verməsəm, orada "daşı daş üstünə qoymağa”, ağac əkməyə belə imkan verməyəcəklər. Tələb olunan məbləğə gücüm çatmasa da, "xahiş-minnət”lə məbləği aşağı salıb evi tikdirə bilərdim. Çünki elə həmin müddətdə İcra hakimiyyəti divar qonşuma üçmərtəbəli villa tikdirməyə icazə vermişdi. Ancaq mən cənab Prezidentin rüşvət və korrupsiyaya qarşı apardığı mübarizədən və bu mübarizədə "vətəndaşların iştirakının vacibliyi” çağırışını üstün tutaraq rüşvət verməkdən imtina etdim. İcra hakimiyyətinin hökmündən də çəkindiyim üçün ev tikməkdən də vaz keçdim. Sadəcə, təsəlli üçün Qarabağda itirdiklərimizin müqabilində 20 ildə Bakıda qazandığımız yeganə 400 kv.m torpaq sahəsində xüsusi mülkiyyət hüququmu reallaşdırmaq üçün oraya yüngül taxta-metal konstruksiyalı bir "vaqon-mənzil” gətirib yaşamağa başladıq. Bir axşam işdən qayıdarkən gördüm ki, mənzilim yerli-dibli yoxa çıxıb. Əvvəl elə bildim ki, oğurlayıblar. Ancaq hüquq-mühafizə orqanlarına şikayət edəndən sonra bəlli oldu ki, icra hakimiyyəti hökmünü mənə sübut etdirmək üçün "mənzil”imi götürüb aparıb...”

O.Vəliyev müraciətində bildirir ki, Azərbaycan Respublikasında qüvvədə olan mülki, cinayət, inzibati və ya başqa heç bir qanun pozuntusuna yol verməyib. Əksinə, İcra Hakimiyyətinin əsassız tələbinə də əməl edib, hüquqi torpağında ev tikməkdən imtina edib. Müraciətində "Rayon İH əməkdaşlarının bu dərəcədə haqsızlığa yol verə biləcəkləri, hətta cinayət törətməkdən də çəkinməyəcəkləri ağlıma gəlməzdi. Mənim bildiyimə görə, Konstitusiyamız, Cinayət və Mülki Məcəlləmizin tələblərinə görə məhkəmə qərarı olmadan şəxsi əraziyə daxil olub vətəndaşın əmlakını dağıtmaq cinayət sayılır. Vətəndaşın konstitusion hüququnu pozmaq, əmlakını özbaşına olaraq götürmək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308 və 322-ci maddələri ilə cəzalandırmalı olan cinayət əməlidir” yazan şikayətçi bildirir ki, pozulmuş hüquqlarının bərpası üçün İcra Hakimiyyəti işçilərinin qanunsuz hərəkətlərindən hüquq-mühafizə orqanlarına şikayət edib: "Ancaq onlar Suraxanı rayon icra başçısının qarşısına keçmək istəmirlər və ya buna cürət etmirlər. İcra orqanının "bəhanəsi” budur ki, ərazi sürüşmə zonasına daxildir. Vaqon mənzil ağırlıq edib (?!) əraziyə təhlükə yaradır. Nəzərinizə çatdırıram ki, ərazinin yalnız bir hissəsi-200kv.m sürüşmə zonasına daxildir. Mən əsas sahədə hamarlama işləri aparana qədər vaqonu müvəqqəti olaraq sürüşmə zonasında yerləşdirmişəm. Əgər əraziyə özbaşına daxil olub kran və yük maşını gətirdikdən sonra sürüşmədən mənə görə narahatsınızsa, nəyə görə vaqonu götürüb sürüşməyən zonaya qoymamısınız ki, problem həll edilsin? Baş nazirin müavini Abid Şərifov göstəriş verib ki, sürüşmə zonalarında tikintilər dayandırılsın. Mən də ev tikməkdən vaz keçmişəm və mülkiyyətimdə olan torpaqdan hər hansı bir formada istifadə edə bilmək üçün mobil, və yüngül konstruksiyalı vaqon-mənzil qoymuşam. Bununla da ev tikməmək barədə xəbədarlığa da əməl etmişəm.

Necə ola bilir ki, ərazinin sürüşməyən hissəsində mən çəkisi 600-700 kq olan vaqon qoya bilmərəm, bu ağırlıq yaradar, ancaq hasarın əks tərəfində çəkisi 100 tonlarla olan üçmərtəbəli villa ağırlıq yaratmadı ki, tikilməsinə icazə verdiniz? Elə həmin villanın qarşısına çəkdirdiyiniz asfalt yolun çəkisi mənim vaqonumun çəkisindən çoxdur”.

Məlahət